Britaniya mətbuatı: ABŞ məhkəməsi Rza Zərrab işində Türkiyə bank müdirini təqsirli bildi

Fotonun müəllifi Reuters
Image caption Atilla (solda) ve Zərrab (sağda), Sentyabr ayına qədər prosesə birlikdə qatılırdılar

ABŞ məhkəməsi Türkiyə bank müdirini təqsirli bildi

ABŞ-da Birləşmiş Ştatlarla Ankara arasındakı münasibətləri tarıma çəkmiş prosesin yekununda münsiflər məhkəməsi Türkiyə bankirini İrana, ABŞ sanksiyalarından yan keçməkdə kömək etməkdə təqsirli bilib.

Əksər payı dövlətə məxsus olan Türkiyə Halkbankının icraçı direktorlarından biri - Mehmet Hakan Atilla Manhattan məhkəməsi tərəfindən bank dələduzluğu və cinayətdə iştirak da daxil 6 ittihamdan beşi üzrə təqsirli bilinib.

Lakin məhkəmə Atillanın çirkli pulların yuyulmasına dair ittiham üzrə təqsirli olmadığı nəticəsinə gəlib.

Prokurorlar Atillanı qızıl taciri Rza Zərrabla və başqaları ilə sövdələşməyə girərək, fırıldaqçı qızıl və ərzaq alqı-satqısı vasitəsilə İrana, ABŞ-ın sanksiyalarından yan keçməkdə köməklik göstərməkdə ittiham edirdilər.

Məhkəmənin bir neçə günü ərzində İran azərbaycanlısı olan qızıl taciri Rza Zərrab Türkiyə hökumət rəsmilərinə rüşvət verilməsi də daxil mürəkkəb sxemi şahid kimi izah edib. O ifadəsində bildirib ki, bu sxemin həyata keçirilməsinə indiki prezident Recep Tayyip Erdoğan şəxsən xeyir-dua verib.

Halkbank məhkəmə hökmü barədə hələlik heç bir şərh verməyib. "The Guardian" yazır ki, Recep Tayyip Erdoğanın ofisindən də bu barədə sorğuya cavab almaq mümkün olmayıb. Bundan əvvəl Türkiyə prezidenti bu məhkəməni öz hökumətinə qarşpı siyasi motivli hücum adlandırmışdı.

Lakin Türkiyə hökumətinin vəzifəli rəsmilərindən biri bəyan edib ki, hökumət ABŞ məhkəməsinin qərarını rədd edir.

ABŞ prokurorları formal olaraq 9 nəfərə qarşı ittiham irəli sürüblər. Lakin bunlardan yalnız 34 yaşlı Zərrab və 47 yaşlı Atilla ABŞ hüquq-mühafizə orqanlarının nəzarətindədirlər.

Zərrab bu məhkəmə prosesinin əvvəlində təqsirini boynuna aldıqdan sonra ona əsas şahid statusu verilmişdi. Bu məhkəmədə Atilla-nı məhz Zərrab ittiham edirdi.

Manhattan prokuroru Joon Kim deyib: "Xarici banklar və bankirlər ABŞ tərəfindən sanksiyalı ölkələrə bu sanskiyalardan yan keçmək şəraiti yaradarkən başa düşməlidirlər ki, onlar beynəlxalq bank icmasının üzvü kimi qala bilməyəcəklər".

ABŞ-ın sahə hakimi Richard Berman deyib ki, Atillaya hökm yanvarın 11-də oxunacaq.

Atillanın vəkili Victor Rocco deyib ki, onun müştərisi hakim Bermandan bu hökmün ləğvini xahiş edəcək və müsbət cavab alınmazsa, hökmdən şikayət yazacaq.

"Biz bilirik ki, o günahsızdır, - Rocco deyib, - Biz və ən mühümü onun özü, öz adını təmizləmək uğrunda mübarizəni davam etdirmək niyyətindədir".

"The Guardian" yazır ki, bu məhkəmədə baxılan təhqiqat 2012-ci və 2013-cü illərdə Türkiyədə Zərrabla bağlı aparılan araşdırmaya çox bənzəyir. Manhattan məhkəməsində şahidlərdən biri də keçmiş Türkiyə polis zabiti Hüseyin Korkmaz idi. 2012-2013-cü il araşdırmasına məhz o başçılıq etmişdi.

Korkmaz məhkəmədə deyib ki, o, bu təhqiqatı apardığına görə Türkiyədə məhbəsə salınmış və sonradan Amerikaya qaça bilmişdi.

Türkiyənin hökümət rəsmisi çərşənbə günü məhkəmə hökmünün etibarsız olduğunu bildirib.

"Biz bu hökmü bütün aspektlərdə etibarsız hesab edirik və deyirik ki, beynəlxalq qanunlar pozulub, - rəsmilər bildirib, - Bu hökmün Türkiyənin iqtisadiyyatına, bank sisteminə və ya spesifik olaraq Halkbanka heç bir təsiri olmayacaq".

Ötən ay Türkiyənin ədliyyə naziri Abdulhamit Gül ABŞ-ın baş prokuroru Jeff Sessions-a məktubunda Korkmazın dərhal Türkiyəyə təslim edilməsinə çağırırdı. Nazir Korkmazı "qaçaq" və "terror şübhəlisi" adlandırmışdı.

Türkiyə hökuməti bildirir ki, bu məhkəmə işinin arxasında ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülen dayanır.

Ankara Güleni, habelə 2016-cı ilin iyulunda baş tutmamış çevruiliş cəhdində ittiham edir.

Fotonun müəllifi Getty Images
Image caption Çərşənbə günü Qum şəhərində bu aksiya daxil olmaqla, hökumət tərəfdarları da İranın müxtəlif şəhərlərində nümayiş keçiriblər

İran etirazlarını mühafizəkarlar təşkil ediblər?

"The Independent" yazır ki, çərşənbə günü İranda hökumətə dəstək üçün keçirilmiş izdihamlı nümayişlərin əsnasında İnqilab Keşikçiləri Qvardiyasının rəhbəri "azğın qüvvələr" üzərində "tam qələbə" elan edib.

General Məhəməd Cəfəri deyib ki, bu qüvvələr İranda anarxiya, asayişi pozmaq və düşmənçilik toxumu" səpmək istəyiblər.

General hökuməti dəstəkləyən nümayişləri "İran xalqının qanunpozanlara qarşı inqilabi kükrəyişinə" bənzədib.

O deyib ki, qanunsuzluqların baş verdiyi əsas üç vilayətdə - İsfahan, Luristan və Həmədanda inqilab keşikçilərinin qüvvələri yerləşdirilib.

Lakin "The Independent" yazır ki, azı 21 nəfərin ölümünə və 450 nəfərin həbsinə səbəb olmuş yürüş və nümayişlər ölkədəki dərin parçalanmaları üzə çıxarıb.

İndi getdikcə daha çox aydın olur ki, etirazlara səbəb heç də təkcə iqtisadiyyatın ağır vəziyyəti yox, həm də sərt xətt-hərəkət tərəfdarları ilə islahatpərəstlər arasındakı hakimiyyət çəkişməsi olub.

Bu da məlum olub ki, prezident seçkisində Ruhaniyə uduzmüş mühafizəklar Əli Rəisinin qaynatası Əhməd Aləmolhoda İran Milli Təhlükəsizlik Şurasına çağırılaraq Məşhəd nümayişindəki mümkün rolu ilə bağlı sorğu-sual edilib. Ayətüllah Aləmolhoda Şuraya çağırıldığı barədə xəbərləri təkzib edir.

Rəisinin və Aləmolhodanın doğma şəhəri Məşhəddə başlanmış ilk etirazlarda Ruhaniyə və onun höklumətinə qarşı şüarlar səsləndirilirdi.

Liberallar iddia edirdilər ki, bu nümayiş mühafizəkarlar tərəfindən başladılsa da, sonradan nəzarətdən çıxıb. Etirazçılar qəzəblərini mollalara, ali rəhbər ayətüllah Xameneyiyə, inqilab keşikçilərinə və Bəsicə qarşı yönəldiblər.

Lakin hökumət büdcəsinin planlarında gizli bölmələrin olması barədə xəbərin yayılması da etirazların səbəblərindən biridir. Büdcənin məxfi saxlanan hissəsində milyardlarla dollar pulun mühafizəkar dini təşkilatlara, ali ruhanilərə və İnqilab Keşikçiləri Korpusuna verildiyi bəlli olub. Büdcə eyni zamanda ictimai fondların ixtisarını nəzərdə tutur.

Bundan əvvəl prezident Ruhaninin yaxın müşaviri Hesamodin Aşna yazdığı tvitdə bildirirdi ki, büdcədə tarazlıq yoxdir və onun fikrincə, dini təsisatlara və hərbiyyəyə lazım olduğundan daha çox vəsait ayrılıb.

Məqalədə deyilir ki, İran qüvvələri Suriya münaqişəsində və qismən də Yəməndəki qarşıdurmada iştirak edir.

İran boyunca bir neçə gün davam edən nümayişlər zamanı şüarların çoxu Ruhani və onun hökumətinin deyil, sərt xətt-hərəkət tərəfdarları və ruhanilərin əleyhinə idi.

"The Independent" yazır ki, bu mənada yaxın perspektivdə nümayişlərdən daha çox islahatpərəstlərin qazandığı görünür, çünki mühafizəkarların parçalandığı üzə çıxıb.

General Cəfəri bidlirib ki, ölkədəki nizamsızlıqlara görə həm də bir keçmiş rəsmi məsuliyyət daşıyır.

Təhlilçilər onun keçmiş prezident Mahmud Əhmədinejada işarə etdiyini düşünürlər.

O həm mühafizəkarları, həm də Ruhaninin liberallarını tənqid edirdi.

Amma islahatçılar narahatdırlar ki, mühafizəkarlar bu etirazların xaricdən qızışdırıldığına dair fikri təsdiq etdirsinlər.

Məhz bunu nəzərə alaraq Qərb dövlətləri ABŞ-ın İran hökumətini pisləyən birgə bəyanat təklifindən imtina ediblər.

İsfahan şəhərindən bir tikinti mühəndisi - Söhrab Noruzi deyir ki, onların ən böyük narahatlığı bu etirazların xaricdən idarə olunduğu barədə iddialardandır.

"Ağlı başında olan heç kəs Trump-ı ciddi qəbul etməz, amma mühafizəkarlar onun adı ilə əsl etirazı ləkələməyə çalışacaqlar" -mühəndis deyib.

Böyük ayətüllah Əli Xameneyi eitirazlara görə "İranın düşmənlərini" ittiham etmiş və bildirmişdi ki, onlar İrana zərbə vurmaq üçün pullarını, silahlarını, siyasət və kəşfiyyat aparatlarını işə salıblar.

General Cəfəri isə nümayişlərin yayılmasında "əks-inqilabçıları və monarxistləri" ittham edib.

Bu barədə daha geniş