İrandakı aksiyaların "rejimi silkələyəcəyi düşüncəsi eyforiyaya qapılmaqdır"

İran, Etirazlar, Tələbələr Fotonun müəllifi AFP
Image caption İranın fərqli nöqtələrində davam edən etirazlara dəstək olmaq üçün həftə sonunda Tehran Universiteti tələbələri də nümayiş keçirib.

İranda baş verən etiraz nümayişləri "gözlənilən idi", İran məsələləri üzrə ekspert, Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan BBC Azərbaycancaya müsahibəsində deyir.

- Əslində, etirazların baş verməsi hər zaman gözlənəndi. Hətta 1979-cu il fevral inqilabının səhərindən bəri… Çünki İrandakı hazırkı rejim iqtisadi-siyasi, milli-mədəni haqlarla bağlı kəskin davranır.

2005-ci illərdən başlayan siyasi prosesləri təhlil edəndə görürsən ki, İrandakı etirazlar təbiidir, xalqın öz istəyi ilə baş verir, kosmosdan düşməyib.

BBC: Şüarların yekdil olmadığı görünür…

- 2009-cu ildə, əsasən, siyasi şüarlar idi. O da rejimin dəyişdirilməsi ilə bağlı deyildi, İranda azad və ədalətli seçkilərə çağırışlar idi. Bu gün isə sosial şüarlar irəli sürülür.

Xameneyiyə qarşı irəli sürülən şüarlar detallardır, fundamental şüarlar sosial yönümlüdür və zamanına uyğundur.

İranın Suriya, İraq, Yəməndəki iştirakı ölkədə iqtisadi böhran yaradıb. Bu da bahalaşmaya səbəb olub, müəllimlərin, dövlət qulluqçularının maaşlarının ödənməsində çətinliklər ortaya çıxıb. Və bu problemlər İran kimi həssas ölkədə özünü hansısa formada göstərməli idi.

BBC: Bəs bu sosial şüarlar rejim əleyhinə şüarlara çevrilə bilərmi? Siz vurğuladınız, Xameneyi əleyhinə şüarlar səslənib. Çağırışlar getdikcə siyasiləşə bilərmi?

- Ölkə daxilində bu prosesləri təşkil edənlər kimlərdir? İrəli sürdükləri şüarları həyata keçirməkdə nə qədər ciddidirlər? Ehtimal edilir ki, proses hakimiyyətiçi ziddiyyətlərin təzahürüdür.

Ölkədə sosial problemləri həyata keçirən qüvvə hökumətdir, hökumətə prezident Həsən Ruhani nəzarət edir.

O da ölkənin ikinci adamıdır və hakimiyyətiçi islahatçı adlandırılan qanada rəhbərlik edir. Deməli, bu proses islahatçı adlanan düşərgəyə qarşı da hesablanmış ola bilər. Əgər yanvarın 1-2-dəki etirazlarda Xameneyi əleyhinə şüarlar səsləndirilibsə, deməli, artıq islahatçılar da əks-addımlar atmağa başlayıblar.

Yanvarın 3-də hakimiyyətyönümlü qüvvələrin aksiya keçirməsi və rejimi dəstəkləyən şüarlar səsləndirməsi məsələni müəyyən dövrə qədər həll etmiş oldu.

BBC: Bundan hansı nəticəni çıxarmaq olar?

- Yəni, bu göstərir ki, rejim güclüdür, İnqilab Keşikçiləri Qvardiyası, İranın digər güc strukturları Xameneyinin yeritdiyi xəttin arxasındadır. Hadisələr onu göstərir ki, rejim hələ möhkəmdir, problemlər ilk növbədə hakimiyyət içində həll olunmalıdır.

BBC: Bu aksiyaların təşkilatçısı və ya təşkilatçıları varmı, yoxsa, fərdlərin etirazıdır?

- Ortada konkret ünvan, təşkilatçı yoxdur. Deyirlər, həmkarlar ittifaqları edib, bəziləri hesab edir ki, mücahidlərdi. Şah tərəfdarlarını təşkilatçı kimi görənlər də var. Çünki şah Məhəmməd Rza Pəhləvinin ABŞ-da yaşayan oğlu Rza Pəhləvi, mücahidlər də bu etirazları dəstəkləyib.

İran hakimiyyəti isə Səudiyyə Ərəbistanı, ABŞ-ı, İsraili, İngiltərəni təşkilatçılıqda günahlandırır. Hər halda aksiya təşkilatçısız deyil, bunu təşkil edən qüvvələr var, amma dediyim kimi, konkret ad çəkmək mümkün deyil.

Hələ ki, hakimiyyətiçi qüvvələrin siyasi partiyaları münasibət bildirməyib, məsələn, Məhəmməd Xatəminin, Yaşıllar Hərəkatının, o cümlədən, liberal xətt irəli sürən siyasi qurumların münasibəti yoxdur.

Image caption Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan BBC Azərbaycancaya müsahibəsində deyir ki, aksiyalarda əsas şüarlar sosialyönümlüdür.

BBC: Sizcə, bu etirazlar ölkədə nəyə təsir edəcək? Məsələn, 2009-cu il etirazlarından sonra nə dəyişdi?

- Təkcə 2009-cu il yox, 2005-ci illərdə də siyasi əsaslı kütləvi etiraz aksiyaları baş verdi. Ancaq son 10-12 ildə ölkədə heç nə dəyişmədi, əksinə, istər sosial, istər iqtisadi, istər də milli-mədəni sahədə diqqətçəkən islahat aparılmayıb, siyasi xətt daha da sərtləşib.

Düzdür, bu yaxınlarda elan elədilər ki, hicabla bağlı yumşalma olacaq, adamlar təqib olunmayacaq. Amma bu da yanlışdır, hicab qadağası hansısa formalarda davam edəcək.

İran inqilabının hədəfləri vardı: siyasi azadlıqlar, söz və mətbuat azadlığı, milli-mədəni haqların təmin olunması. Amma bu hədəflərin heç birinə çatılmayıb.

BBC: Bəs bu etirazların milli-azadlıq hərəkatına çevrilməsi mümkündürmü?

- Bu etirazların hədəfi ayrıdır, milli azadlıq-hərəkatın hədəfləri ayrıdır. Bu, elə şüarlardan da görünür. Rejim dağılacaq, milli azadlıqlar bərpa ediləcək kimi fikirlərə düşənlər, sadəcə eyforiyaya qapılırlar.

BBC: Bəs İranda yaşayan azərbaycanlılar bu etirazda necə iştirak edir?

- Çox çalışırlar ki, İran Azərbaycanının iri şəhərləri, Təbriz, Ərdəbil, Urmiya kimi şəhərləri də bu prosesə qatılsın. Amma Güney Azərbaycan hələ ki, passiv mövqe tutur.

Bu barədə daha geniş