Britaniya mətbutaı: "Ağ Evdəkilər prezidentin ağlından narahatdırlar"

Fotonun müəllifi Reuters

"Ağ Evdəkilər prezidentin ağlından narahatdırlar"

"The Independent" yazır ki, Ağ Ev rəsmiləri ev sahibinin, yəni ABŞ prezidenti Donald Trump-ın ruhi sağlamlığından sözün əsl mənasında narahat olmağa başlayıblar.

Onlar bildirirlər ki, narahatlıq Trump-ın öyrənmə əlilliyi, Diqqət Çatışmazlığı Hiperaktivliyi Xəstəliyindən əziyyət çəkməsindən, habelə onun demensiya xəstəliyinin ilkin mərhələsində ola bilməsindəndir.

Bütün bunlar barədə ABŞ prezidenti haqqında partlayış yaratmış yeni kitabda bəhs olunur.

Britaniya mətbuatına müsahibəsində sözü gedən "Atəş və Qəzəb" kitabının müəllifi Michael Wolff cənab Trump-ı, "zəngin avaraya" bənzədir. Onun fikrincə, Trump məktəbdə də "əzvay şagird" olub.

Michael Wolff müsahibəsində deyir: "Onlar bu məsələni Ağ Evdə müzakirə edirlər: Onun bir vərəqi, hətta bir paraqrafı belə oxuya bilməməsindən narahatdırlar. O heç adi sənədi belə tərtib edə bilmir".

"Sonra da düşünürlər ki, görəsən, buna səbəb nədir? Diqqət çatışmazlığı və hiperaktivlik sindromu, yoxsa başqa bir xəstəlik? Öyrənmə qabiliyyətsizliyi? Onlar fikirləşirlər ki, bu kişi bəlkə də kəmsavaddır" -jurnalist deyir.

ABŞ prezidenti adəti üzrə düşmənlərinin onun Amerikaya rəhbərlik vəzifəsinə yaramadığına dair iddilarını Tvitter-də təkzib edib və yazıb ki, o, "doğrudan da çox ağıllıdır" və "ruhi sabitliyi olan dahidir".

Trump tənqidçilərinin "onun ruhi sağlamlığını və ağlını" problemə çevirmək istədiklərini bildirir.

"İndi bir il davam edən təhqiqatdan sonra Rusiya ilə sövdələşmə məsələsi boşa çıxıb, buna görə də demokratlar, onların tulaları, Saxta Xəbərlər Mediası köhnə Ronald Reagan oyununu oynamağa başlayıblar və ruhi sağlamlıqdan və intellektdən dəm vururlar, -Trump Tvitterdə yazıb, - Əslində, bütün həyatım boyu ən böyük iki kapitalım - ruhi sabitliyim və həqiqətən də ağıllı olmağım olub. Qozbel Hillary Clinton da bu kartları oynayırdı, amma bildiyiniz kimi oda düşdü".

Prezident daha sonra yazır: "Mən ən UĞURLU bir biznesmendən ən zirvədə duran televiziya ulduzuna çevrilmişəm, ABŞ prezidenti olmuşam (elə birinci dəfədən). Məncə, bu ağıllılıq yox, dahilikdir…Çox sabit dahilik!"

Onun haqqında yazılara cavab olaraq cənab Trump yazıb ki, onun Pensilvaniya Universitetindən diplomu var: "Mən kolleclərin ən yaxşısında oxumuşam. Əla tələbə olmuşan. Ondan sonra milyardlarla dollar qazanmışam. Ən yaxşı biznes adamlarından birinə çevrilmişəm. Sonra televiziyaya keçmişəm. Orda 10 illik nəhəng uğurlarım olub. Yəqin, eşitmiş olarsınız, bundan sonra prezidentliyə namizədliyimi vermişəm və qalib gəlmişəm".

Britaniya mətbuatına müsahibəsində Wolff deyib ki, Ağ Evdəkilər cənab Trump-ın demensiyanın ilkin mərhələsində olduğunu düşünürlər.

"Bilmirəm, bu, yuxusuzluqdandır və ya qocalıqdandır - onda bir əlillik var - bunu onun ətrafındakıların hamısı müzaklirə edir. Hamı deyir ki, onun simptomları son bir ilin ərzində pisləşib. Diqqəti azalıb, danışıq qabiliyyəti kütləşib" -jurnalist deyib.

Fotonun müəllifi EPA
Image caption Tehran universitetinin bu tələbələri dekabrın 30-da etiraz ediblər

Britaniya İran İnqilab Keşikçilərini terrorçu təşkilat kimi tanıyacaqmı?

"The Telegraph" yazır ki, Britaniyanın millət vəkilləri daxili işlər naziri Amber Rudd-a təzyiq göstərərək onu İran etirazlıçılarına qarşı zorakılıqlarla və İranın müxtəlif qruplaşmalara dəstəyi ilə əlaqədar İran İnqilab Keşikçiləri Korpusunu (İİKK) terrorçu təşkilat kimi qeydiyyatdan keçirməyə çağırırlar.

Parlamentin Nümayəndələr Palatasının onlarca üzvü daxili işlər nazirini İran rejiminin seçmə hərbi qüvvəsinin "terrorçu təşkilatlar siyahısına" daxil edilməsinə və bu təşkilata qarşı sanksiyaların tətbiqinə çağıran müraciəti dəstəkləyiblər.

Britaniya millət vəkillərinin bu çağırışı İranda 20-dən çox insanın ölümünə səbəb olmuş etirazlara qarşı cəza tədbirlərinin görülməsinə başlanması ilə bağlı edilib.

Bu müraciəti dəstəkləmiş 69 millət vəkilindən 30-u müxalif Leyborist Partiyasını təmsil edir. Məqalədə deyilir ki, belə bir hal bu partiyanın lideri Jeremy Corbyn-i heç də məmnun etməyə bilər. O indiyədək İran etirazçılarının həbslərini rəsmən pisləməkdən boyun qaçırdığına görə tənqidlərə məruz qalır.

Millət vəkillərinin rəsmi parlament müraciətində İİKK-nin "müəyyən qruplaşmalar" siyahısına daxil edilməsinə və korpusun komandirlərinə qarşı cəzalandırıcı tədbirlərin görülməsinə çağırış edilir.

Bundan başqa, hökumətdən İİKK-nin Suriya, İraq və Yaxın Şərqdən çıxarılması istiqamətində işləməsi tələb olunur.

Mühafizəkar millət vəkili Bob Blackman bu müraciəti hələ İran etirazlarından çox əvvəl, ötən oktyabrda hazırlamışdı. O, İran etirazçılarını "çox cəsur insanlar" adlandırır.

Millət vəkili xəbərdarlıq edirlər ki, İran Silahlı Qüvvələrinin rejimi qoruyan bu bölməsi Bəşər əl-Əsədi hakimiyyətdə saxlamaq naminə "Suriya xalqının da qətliamı" ilə məşğuldur.

Müraciətdə deyilir: "İİKK yalnız ali liderə cavabdehdir və 2009-cu il etirazları zamanı İran xalqına -insan haqları fəallarına, jurnalistlərə, habelə ölüm hökmünə qarşı mübarizə aparan kampaniyaçılara qarşı repressiyalar üçün məsuliyyət daşıyır.

Hakim Mühafizəkar Partiyadan bu müraciəti imzalayanların arasında keçmiş nazir və parlamentin komitə sədrləri də var.

Əksər millət vəkilləri müraciəti noyabr və dekabr aylarında imzalayıblar və gələn həftə parlament tətildən qayıtdıqdan sonra sənədin daha çox deputat tərəfindən imzalanacağı gözlənir.

İranda etiraz aksiyalarının ardınca fəalların və universitet tələbələrinin həbslərinə başlanıb. Onların əksəriyyəti Tehran Universitetinin tələbələridir.

Fotonun müəllifi Getty Images

Viagra-dan 12 dəfə sürətli

"The Mail" yazır ki, həkimlər kişilərin cinsi iqtidarsızlığı zamanı iztirab çəkdikləri ereksiya funksiyasızlığına çarə tapıblar.

Son araşdırmalar göstərib ki, bu kremin cinsi orqana tətbiqi 10 haldan 7-də cinsi iqtidarsızlığı müalicə edir.

Söhbət kimya elmində çoxdan və yaxşı tanınan yağlı maddə - nitroqliserindən gedir. Bu rəngsiz maddə böyük həcmlərdə partladıcılarda istifadə olunur.

Alimlər bildirirlər ki, yeni krem Viagra-dan 12 dəfə sürətli işləyir və bu zaman nitrit oksidi qazı ayrılır. Qazın ayrılması nəticəsində cinsi orqanda qan dövranı sürətlənir.

Londonun University College Hospital xəstəxanasında və başqa mərkəzlərdə təcrübədən keçmiş kişilərin 44-faizində ereksiya 5 dəqiqənin ərzində yaranıb.

Sınaqdan keçən 220 kişidən 70 faizində cinsi coşqunluq ilk 10 dəqiqə ərzində əldə olunub.

Ümumilikdə, 4 kişidən biri əhəmiyyətli yaxşılaşma olduğunu bildirib.

Məsləhətçi uroloq David Ralph deyir ki, yeni vasitə sürətliyinə və istifadəsinin rahatlığına görə son dərəcə əhəmiyyətlidir.

Hərçənd nitroqliserin yağının bəzi yumşaq yan fəsadları da qeydə alınıb. Bundan ən önəmlisi başağrılarıdır. Lakin həkimlər inanırlar ki, kremin kimyəvi tərkib nisbətini dəyişməklə yan fəsadları azaltmaq mümkündür.

"The Mail" yazır ki, Britaniyada hər 10 kişidən biri müəyyən yaş mərhələsində ereksiya disfunksiyasından əzab çəkir.

Viagra, Cialis və Levitra kimi dərman həbləri son onillikdə inqilab yaratsalar da, bu vasitələr kişilərin 30 faizinə kömək etməyib.

Bu 30 faizin əvvəllər yeganə çarəsi dərman preparatının bilavasitə iynə ilə cinsi orqana vurulması və ya nasoslardan istifadə idi.

Həkimlər inanırlar ki, yeni vasitə bir çoxlarına kömək edəcək.

Onlar bildirirlər ki, yeni vasitə gələn ildən apteklərdə olacaq. Təxmin edilir ki, onun qiyməti 1 funt strelinq olacaq.

Bu barədə daha geniş