BBC-nin Çin xidmətinin redaktoru Carrie Gracie: "Korporasiyada kişilərlə qadınlar arasında maaş bərabərsizliyi var"

Carrie Gracie
Image caption Carrie Gracie

BBC-nin Çin xidmətinin redaktoru Carrie Gracie "kişi həmkarları ilə arasındakı maaş bərabərsizliyinə" etiraz edərək vəzifəsindən istefa verib.

Açıq məktubunda 30 ildən çoxdur BBC-də çalışan Carrie Gracie korporasiyanı "gizli və qeyri-qanuni ödəniş mədəniyyətində" günahlandırıb.

O deyib ki, 150 min funt sterlinq maaş alan işçilərin üçdə ikisinin kişi olmasının aşkarlanması ilə BBC "inamsızlıq böhranı" ilə üzləşib.

BBC bildirib ki, "qadınlara qarşı heç bir sistemli ayrı-seçkilik yoxdur".

Carrie Gracie keçən həftə korporasiyanın Pekin bürosundan istefa verib, ancaq BBC-də fəaliyyətini davam etdirəcək.

O, TV-nin xəbərlər şöbəsindəki əvvəlki işinə qayıtmaq istədiyini və "bərabər maaş gözləntisində" olduğunu açıqlayıb.

Çin üzrə mütəxəssis olan və çin dilində səlis danışan Carrie Gracie bloqunda yayımladığı məktubunda xalqa xitabən deyib: "BBC, siz vergi ödəyənlərə məxsusdur".

İyul ayında BBC illik 150 min funt sterlinqdən çox qazanan işçiləri barədə məlumatı açıqlamaq məcburiyyətində qalmışdı.

Carrie Gracie deyib ki, o, BBC-nin iki beynəlxalq redaktorunun qadın həmkarlarından "azı 50 faiz artıq maaş aldığını" biləndə dəhşətə gəlib.

BBC-nin siyahısı

BBC-nin açıqladığı məlumata görə, ABŞ redaktoru Jon Sopel 200,000-249,999, Yaxın Şərq redaktoru Jeremy Bowen 150,000-199,999 funt sterlinq maaş alırlar.

Carrie Gracie maaşı 150 min funt sterlinqdən az olduğu üçün həmin siyahıya düşməyib.

O deyib ki, BBC-nin "kişi-qadın arasındakı bərabər maaş siyasətinə" əməl etməsini istəyir.

"Boşluqlar aradan qaldırılacaq"

BBC-nin media redaktoru Amol Rajan bildirib ki, Xanım Gracie-nin istefasını "Korporasiya üçün böyük başağrısı olacaq".

O, BBC-nin "maaş bərabərsizliyini aradan qaldırılmasına vəd verərkən, Carrie Gracie-nin bu açıqlamasını "qeyri-səmimi" sayıb.

BBC-nin sözçüsü açıqlamada deyib ki, korporasiya üçün "ədalətli maaş təyinatı həyati əhəmiyyətlidir".

Ötən il BBC 150 min funt sterlinqdən çox alan işçilərin siyahısını açıqlayıb. Məlum olub ki, yüksək əmək haqqı alanların üçdə ikisi kişidir.

Baş direktor Lord Hall söz verib ki, 2020-ci ilə qədər bu boşluq aradan qaldırılacaq.

Bu barədə daha geniş