Britaniya mətbuatı: Ağrıkəsici İbuprofen kişilərdə sperm yaranmasını zəiflədə bilər

Fotonun müəllifi Science Photo Library
Image caption Ağrıkəsici İbuprofen kişilərdə sperm yaranmasını zəiflədə bilər

Ağrıkəsici İbuprofen kişilərdə sperm yaranmasını zəiflədə bilər

"The Telegraph" yazır ki, yeni araşdırma ən effektli ağrıkəsicilərdən biri sayılan ibuprofen preparatının bir gündə 6 həbinin qəbul edilməsinin kişilərin sağlamlığı üçün ciddi təhlükə yarada biləcəyi nəticəsinə gəlib.

Təcrübə zamanı bəlli olub ki, bu ağrıkəsicinin gün ərzində 600 milliqramının qəbul edilməsi kişilərin nəsilartırma qabiliyyətinə, seksual həvəsinə və fertilliyinə təhlükəli dərəcədə mənfi təsiri ola bilər.

Təcrübə zamanı 18-35 yaşları arasında olan sağlam kişilərə 6 həftə ərzində günə 600 mq ibuprofen verilib. Alimlər bu altı həftə ərzində həm də bu kişilərin xaya hüceyrələrindəki dəyişiklikləri laboratoriyada müayinə edirdilər.

Artıq ikinci həftədə təcrübədə iştirak edən kişilərdə hipoqonadizm deyilən cinsi hormonal pozuntular qeydə alınıb. Kişilərdə cinsi hormonlar testosteronun istehsalına bilavasitə məsuliyyət daşıyır.

İbuprofenin verilməsi dayandırılan kimi, bu hormonal disfunksiya da aradan qalxıb.

Hipoqonadizmin təhlükəsi bundadır ki, bu pozuntu zamanı yetkin kişilərdə fertillik, daha doğrusu spermlərin istehsalı yavaşıyır və sonsuzluq riski yaranır. Hipoqonadizm bədən tük örtüyünün seyrəlməsi və əzələlərin boşalması ilə müşayiət olunur.

Lakin Newcastle Universitetindən professor Richard Quinton deyir ki, məhz belə təsirlərinə görə ağrıkəsicilərdən yalnız qısa müddətlərdə müvəqqəti istifadə oluna bilər. Onun dediyinə görə, ağrıkəsicilərdən mütəmadi istifadə təkcə cinsiyyətə deyil, ümumiyyətlə bütövlükdə sağlamlığa mənfi təsir göstərir. Alimin fikrincə, buna görə də qısa müddətdə Ibuprofen ağrını kəsən ən effektli dərmanlardan biri olaraq qalır.

Təlimata görə, İbuprofen arasındakı vaxt 4-6 saatdan az olmayaraq, gündə yalnız iki həb miqdarında qəbul oluna bilər.

Trump İran dövlət televiziyasına sanksiyalar qoya bilər

Fotonun müəllifi Getty Images
Image caption Prezident Trump İran dövlət televiziyasına sanksiyaları aktivləşdirə bilər

"The Guardian" yazır ki, Trump administrasiyası İranda etirazçıların təqibinə cavabdeh olanların cəzalandırılması məqsədilə İranın dövlət televiziyası üzərinə sanksiyalar qoyulmasını planlaşdırır.

İran İslam Respublikasının ingiliscə daha çox qısaca IRIB adı ilə tanınan dövlət teleradio yayımçısının rəhbəri bir qayda olaraq ali rəhbər ayətüllah Əli Xameneyinin sərəncamı ilə təyin edilir.

Məqalədə deyilir ki, IRIB üzərinə ABŞ sanksiyaları 2013-cü ildən qoyulsa da, istər keçmiş prezident Obama, istərsə də Trump bu sanksiyaların müvəqqəti tətbiq edilməməsi barədə hər 180 gündən bir xüsusi sərəncam imzalayırdılar.

"The Guardian" qəzetinin məlumatına görə, Trump bu dəfə bu sərəncamı imzalamaqdan imtina edəcək. Necə olursa-olsun onun qərarı yanvarın sonlarınadək bəlli olmalıdır. Əgər Trump düşünüldüyü kimi sanksiyalardan azad edən sərəncamı imzalamasa, onda sanksiyalar avtomatik olaraq qüvvəyə minəcək.

Vaşinqtonun siyasi dairələrindən alınan bəzi məlumatlara görə, rəsmilər Trump-ı indiyədək İran Mərkəzi Bankı üzərinə sanksiyalar qoymaqdan daşındıra biliblər. Rəsmilərin fikrincə, belə bir addım sadə iranlılar üçün problem yarada bilər.

Ağ Evə yaxın mənbələr deyirlər ki, İran dövlət televiziyası üzərinə qoyulan sanksiyalar bir qədər simvolik səciyyə daşısa da, telekanalın xaricdəki bürolarının işini, xarici yayımlarını və peyk transmissiyalarını məhdudlaşdıracaq.

The Guardian" yazır ki, son günlər İranda xüsusilə populyar olan Tvitter-in istifadəçiləri Ağ Evi İran dövlət telekanalı üzərinə sanksiyalar qoymağa çağırırdılar.

IRIB-in dünya boyunca minlərlə əməkdaşı var. Sansksiyalar bu telekanal üçün xaricdə işləyənlərin bank hesablarının dondurulması ilə də nəticələnə bilər. Bir çoxları IRIB-i informasiya mənbəyi kimi yox, İslami rejimin ruporu kimi görürlər.

Məsələ burasındadır ki, IRIB İran daxilində, hətta prezident Ruhani səviyyəsində də tənqid olunub.

"IRIB bir qrupun yox, bütün millətin rəylərini əks etdirməlidir" - İran prezidenti Həsən Ruhani yanvarın 8-də deyib.

İş o yerə çatıb ki, etiraz günlərində IRIB öz tamaşaçılarını kəşfiyyat orqanlarına nümayiş liderlərindən xəbərçiliyə dəvət edirdi.

ABŞ-ın IRIB-ə qarşı yazılı sanksiyalarında deyilir ki, bu kanal İranda insan haqlarının pozulmasında bilavasitə iştirak edir.

Son illərdə çox sayda tamaşaçısını ölkədə qadağan olunmuş peyk telekanallarına itirən IRIB ona qarşı qısnamaların BBC, Londonda mənzillənmiş Manoto TV və "Amerikanın səsi" radiosunun Fars xidməti tərəfindən qızışdırıldığını iddia edir.

İranın ISNA xəbər agentliyi ötən həftə xəbər verirdi ki, İranın Britaniyadakı səfirliyi Birləşmniş Krallığın rəsmilərinə birbaşa müraciət edərək bəzi farsdilli televiziya şəbəkələrinin İranda "təfriqə və fəsad" salmasından şikayət edib.

İranda etiraz günləri ərzində prezident Trump-ın Tehranı tənqid edən tvitləri İran hakimiyyəti tərəfindən ölkənin daxili işlərinə qarışılması kimi qiymətləndirilib.

Fotonun müəllifi Getty Images
Image caption Temperaturun yüksəlməsi Böyük Sədd rifindəki yaşıl dəniz tısbağalarının demək olar hamısını dişiyə çevirir.

Qlobal istiləşməyə görə yumurtadan yalnız dişi tısbağalar çıxır

"The Guardian" yazır ki, temperaturun yüksəlməsi Böyük Sədd rifindəki yaşıl dəniz tısbağalarının demək olar hamısını dişiyə çevirir.

Yeni araşdırma xəbərdarlıq edir ki, belə bir hal davam edərsə, gələcəkdə bu tısbağa növünün tamamilə yox olması ilə nəticələnə bilər.

Dəniz tısbağaları cinsiyyəti temperaturla müəyyənləşən heyvan növlərindən biridir və buna görə də dişi tısbağaların yumurta qoyduqları qumluqlarda temperatur yüksək olduqca yumurtadan çıxan dişi balalalrın sayı da çox olur.

Milli Okean və Atmosfer Adminsitrasiyası (National Oceanic and Atmospheric Administration), California Dövlət Universiteti və Avstraliya Təbiəti Ümumdünya Fondunun "Current Biology" jurnalında dərc olunmuş məqaləsində həyəcan təbili çalınır.

Məqalədə deyilir ki, son vaxtlarda şimal populyasiyasında müşahidə edilmiş 200 min tısbağanın əksəriyyəti dişi fərdlər olub. Müqayisə üçün bildirilir ki, Böyük Sədd rifinin cənub sularındakı tısbağaların 65-69 faizi dişi olduğu halda, şimal sularındakı körpə tısbağalar arasında dişilər 99, 1 təşkil edib. Yetkin tısbağalar arasında dişilərin sayı 86, 8 faiz təşkil edir.

Başqa sözlə, məlum olub ki, Böyük Sədd rifinin daha isti şimalında daha çox dişi tısbağalar doğulur.

Alimlər bildirirlər ki, tısbağaların gələcək cins bölgüsü etibarilə temperaturdan asılı olması xüsusiyyəti irsidir. Lakin bu, temperaturdakı kiçicik fərqin yumurtadan çıxan balaların 100 faiz dişi və ya 100 faiz erkək olması ilə nəticələnə bilir.

Bioloqlar bunu da əlavə edirlər ki, cins nisbətinin pozulması həm də tısbağalar arasında təbii azalmaya gətirib çxıara bilər.

İndilik isə alimlər qarşıdan daha sərin illərin gələcəyinə ümid edirlər. Yalnız belə olduqda dəniz tısbağalarının erkək populyasiyaları da arta bilər.

Avstraliya Təbiəti Ümumdünya Fondunun direktoru Dermot O'Gorman deyib ki, tısbağalar arasında cins nisbətinin belə dramatik dəyişiməsi həm də iqlim dəyişikliyinin necə ciddi nəticələrə səbəb olmasının göstəricisidir.

Eyni zamanda alimlər fəaliyyətsiz də qalmırlar. Onlar dəniz tısbağalarının erkək fərdlərinin artırılması üçün yumurta qoyulan yerlərin temperaturunun salınması tədbirləri üzərində işləyirlər.

Bu barədə daha geniş