Yaponiya: qatarlar maralları dəmiryolundan qovmaq üçün hürən it səsi çıxarır

Marallar dəmiryoluna rels yalamaq üçün yığışır. Fotonun müəllifi Getty Images
Image caption Marallar dəmiryoluna rels yalamaq üçün yığışır.

Yaponiyada tədqiqatçılar qatarı hürən it və fınxıran maral səsi çıxaran reproduktorlarla təchiz edib.

Məqsəd dəmir yolunda qatarın marallarla toqquşmasının qarşısını almaqdır.

Tokionun Asahi Shimbun qəzeti xəbər verir ki, bu səslərin səsgücləndirici vasitəsilə ətrafa yayılması yaxnlıqdakı maralların dəmiryolundan aralı gəzməsinə kömək edəcək və nəticədə heyvanların dəmiryolunda ölüm hallarının sayının azalmasına səbəb olacaq.

Dəmiryol Texniki Araşdırmalar İnstitunun (RTRI) rəsmiləri bildirib ki, heyvanların dəmiryolundan uzaqlaşması üçün 3 saniyə ərzində maral fınxırması və 20 saniyə ərzində it hürməsi səsinin reproduktorlardan verilməsi kifayət edir.

RTRI tədqiqatçıları deyir ki, gecə saatlarında maralların dəmiryoluna adətən yığışdığı zaman aparılmış müşahidələr göstərib ki, qurğunun işə salınması nəticəsində onların sayı yarıyadək azalıb.

Bu üsul öz səmərəliyini təsdiqləsə, həmin səsləri yayan reproduktorlar maralların yığışmağa vərdiş etdiyi sahələrdə daimi əsasda qurulacaq.

Fotonun müəllifi AFP
Image caption Yaponiyada dəmiryolundan hürmə və fınxırma səsləri gələcək?

Maralları dəmiryoluna çəkən onların pəhrizi üçün tələb olunan dəmirdir.

Araşdırmalar müəyyən edib ki, marallar relsləri yalayır, qatar təkərinin relsə sürtünməsi nəticəsində yaranan dəmir ovuntusunu axtarır.

Bundan əvvəlki plana görə, dəmiryolundan maralları uzaqlaşdırmaq üçün şir nəcisi səpələmək cəhdi edilmişdi, lakin yağışlar həmin nəcisi yuyub apardığından, səs reproduktoru varinatına diggət verildi.

Daha bir plan isə marallar üçün nəzərdə tutulmuş dəmiryol keçidi üzərindən heyvanların hərəkətini ultrasəs dalğası vasitəsilə nizamlanmaq ideyası ilə bağlıdır.

Dekabr ayında dəmiryol işçiləri təşkilatının mükafatına layiq görülmüş həmin planın müəllifi Yuki Hikita-dır. Onun qurğusu marallara qatar yolda olmayan vaxt keçiddən istifadə etmələrini mümkün edir.

Bu sistem həmin keçiddən keçən marallar arasında qatarla toqquşmadan ölənlərin sayını xeyli azaltmağa imkan verib.

Yaponiya Nəqliyyat Nazirliyi bildirib ki, 2016-cı ildə maral və digər vəhşi heyvanlar qatarla 613 dəfə toqquşub.

Hər bir belə toqquşmadan sonra qatarın hərəkətində ən azı 30 dəqiqəlik gecikmə baş verib.

Bu arada, Yaponiyanın Nara prefekturasında funikulyor xəttində hərəkət edən tramvayların ön hissəsinın it və pişik sifəti formasında işləndiyi xəbər verilib, bəzi vaqonlara isə hətta piano və tort cizgiləri verilib.

Fotonun müəllifi Wikimedia/Kansai Explorer
Image caption Nara bölgəsindəki funikulyor tramvayının ön hissəsi it və pişiyi xatırladar.

Bu barədə daha geniş