Britaniya mətbuatı: Pornoulduzun Trump-la intim münasibətləri barədə müsahibəsi dərc edilib

Fotonun müəllifi Getty Images
Image caption ABŞ prezidenti Donald Trump

Pornoulduzun Trump-la intim münasibətləri barədə müsahibəsi dərc edilib

Donald Trump-ın aralarındakı əlaqə barədə susması üçün pul ödədiyi iddia edilən pornoulduzun 2011-ci ildə dediklərinin təfərrüatları dərc olunub.

Əsl adı Stephanie Clifford olan Stormy Daniels iddia edir ki, o, 2006-cı ildə, Melania Trump-ın dünyaya övlad gətirməsindən dörd ay sonra onun əri Donald-la intim münasibətdə olub.

Porno aktyorunun dediyinə görə, onlar məşhurların qolf çempionatında tanış olublar.

Daniels-in Trump-ın seksual qabiliyyəti də daxil, onunla münasibətləri barədə verdiyi açıq-saçıq müsahibə ABŞ jurnallarından birində dərc edilib.

Bundan əvvəl yayılmış xəbərlərdə aktrisanın mətbuata məlumat verməmək barədə ödənişli müqaviləni imzaladığı bildirilirdi.

Ötən həftə məlum olmuşdu ki, Trump-ın vəkili seçkidən az əvvəl bu münasibətlər barədə susması üçün Daniels-ə 130 min dollar ödəyib.

"Wall Street Journal" qəzeti xəbər verir ki, sövdələşmə barədə razılaşmanı 2016-cı ilin oktyabrında Trump Organisation şirkətinin baş hüquqşünası Michael Cohen əldə edib.

Buna baxmayaraq müsahibənin 2011-ci ildə, yəni susmaq barədə iltizam verilməzdən əvvəl yazıldığı xəbər verilir. İndi bu müsahibənin geniş mətni çərşənbə günü mediada dərc olunub.

Daniels indiyədək 150 porno filmində çəkilib.

Aktrisa "In Touch" jurnalına deyib: "Əslində mən bunu niyə etdiyimi bilmirdim, amma yadımdadır ki, seks vaxtı ona deyirdim ki, mənə pul verməyə çalışmasın".

Daniels Trump-la seksi "ortabab" adlandırır.

O iddia edib ki, cənab Trump-la 2006-cı ilin iyulunda məşhurların American Century adlı qolf turnirində tanış olub.

"O elə hey mənə baxırdı və axırda biz eyni avtokarta mindik" - deyib aktrisa. O bildirib ki, daha sonra Trump ondan telefon nömrəsini istəyib.

"Sonra o məni həmin gecə şama dəvət etdi və mən "əlbəttə" dedim" - deyir Daniels.

O nəql edir ki, Trump-ın otel otağına gələndə onun Keith adlı cangüdənlə və əynində pijama televizora baxdığını görüb.

Daha sonra isə Trump çarpayının kənarında oturaraq "gəl bura" deyib.

Daniels-in dediyinə görə, sonra onlar öpüşməyə başlayıblar.

Daniels iddia edir ki, Trump seksdən sonra elə durmadan deyirmiş: "Sənə mütləq zəng edəcəyəm. Mən səni yenə də görməliyəm. Sən əlasan. Gərək səni The Apprentice verilişimə çəkim".

Aktrisa bildirib ki, onlar Trump-la onun Los Angeles-dəki mülkü də daxil olmaqla bir neçə dəfə görüşüblər.

Prezidentin şəxsi vəkili Cohen deyib: "Prezident Trump xanım Daniels-lə hər hansı əlaqələrini bir daha qətiyyətlə təkzib edir".

Fotonun müəllifi Getty Images
Image caption Ağ Evin keçmiş strateqi Steve Bannon

Trump-ın keçmiş dostu da xüsusi prokurorla əməkdaşlığa razılaşıb

"The Guardian" yazır ki, Ağ Evin keçmiş strateqi Steve Bannon Trump komandasının Rusiya ilə mümkün sövdələşməsini araşdıran xüsusi prokuror Robert Mueller-in müstəntiqləri ilə görüşməyə razılıq verib. Bu barədə məlumatın etibarlı mənbədən alındığı qeyd olunur.

Məqalədə deyilir ki, beləliklə də, Banon böyük jüri qarşısında ifadə vermək əvəzinə, müstəntiqlər tərəfindən dindiriləcək.

Bu da xəbər verilir ki, məlumatı çatdıran şəxsin mətbuata danışmaq icazəsi olmadığından adı anonim saxlanılır.

Həmin mənbənin məlumatına görə, Bannon xüsusi prokurorun təhqiqatı ilə əməkdaşlığa razılıq verib.

Bununla belə onun nə vaxt dindiriləcəyi məlum deyil.

Associated Press bildirir ki, Mueller Bannon-a dindirməyə gəlməsi üçün rəsmi çağırış göndərib.

Breitbart News saytının keçmiş redaktoru Bannon çərşənbə axşamı Nümayəndələr Palatasının kəşfiyyat komitəsi qarşısına gətirilsə də, Trump-ın keçid komandasında və Ağ Evdə olduğu vaxt barədə suallara cavab verməkdən imtina edib.

Ağ Evin sözçüsü Sarah Sanders müxbirləri inandırmağa çalışıb ki, burada heç bir qeyri-adilik yoxdur və prokuror dindirməsində adətən Ağ Evin vəkili də iştirak edir.

Bu da xəbər veruilir ki, Bannon Konqres komitəsi qarşısında suallara cavab verərkən, onun vəkili Bill Burck aramsız olaraq Ağ Evə zəng edib, hansı suala cavab verilməli olub-olmadığını soruşurmuş.

Ağ Evdən Bannon-a tapşırılıb ki, özünün keçid komandasındakı və administrasiyadakı fəaliyyəti barədə suallara cavab verməsin.

Burck-un bu göstərişləri Ağ Evdə konkret olaraq kimdən aldığı da bilinmir. "The Guardian" yazır ki, bu, böyük bir ehtimalla Trump-ı xüsusi prokurorun təhqiqatında təmsil edən vəkil Don McGahn ola bilərdi.

AP xəbər verir ki, Trump-ın keçmiş kampaniya meneceri Corey Lewandowski və Ağ Evin vəzifəli müşaviri Rick Dearborn kəşfiyyat komitəsinin qarşısında ötən çərşənbə günü ifadə veriblər.

Fotonun müəllifi Getty Images

Çay içənlər daha yaradıcı olurlar

"The Independent" yeni elmi tədqiqata əsasən yazır ki, çay insanın zehni aydınlığını və diqqətini artırır, onu habelə daha yaradıcı edir.

Onların fikrincə, diqqətliliyi və ayıqlığı artıran, çayın tərkibindəki teanin və kafein maddələridir.

Tədqiqatçıların iddiasına görə, çay onu içdikdən az qala dərhal sonra zehni qabiliyyəti yaxşılaşdırır.

"Food Quality and Preference" elmi jurnalında dərc edilmiş məqalədə deyilir ki, Çindəki Pekin Universitetinin psixoloqları orta yaşları 23 olan 50 tələbənin iştirakı ilə təcrübə keçiriblər.

Onlara qavrama və yaradıcılığa dair test sualları verməzdən əvvəl bu tələbələrin bir yarısına çay, digər yarısına isə adi su içirdiblər.

Birinci test zamanı tələbələr kubiklərdən "cəlbedici və yaradıcı" tikili qurmalı idilər. İkinci test zamanı isə onlardan fantastik əriştə restoranına ad qoymaq xahiş edilirdi.

Nəticələri bu sınaqlarda ümumiyyətlə iştirak etməyən tələbələr qiymətləndiriblər.

Orta hesabla çay içənlər yaradıclıq reytinqində 6, 54 bal, su içənlər isə 6, 03 bal toplayıblar.

Restorana ad qoymaq tapşırığının nəticələrinə görə isə çay içənlər 4, 11, su içənlər isə 3, 78 bal toplayıblıar.

Beləliklə hər iki sınaq zamanı isti içkinin yaradıcılığa yaxşı təsir göstərdiyi üzə çıxıb.

Amma alimlər bunu da qeyd edirlər ki, iştirakçılara nisəbətən az miqdarda çay verilmişdi və buna görə də nəticələr tam olmaya bilər.

Məqalədə deyilir ki, kafein və teanin maddələrinin diqqətin artmasındakı rolu bundan əvvəl də məlum idi.

Alimlər bildirirlər ki, bu iki maddədən məhz teanin daha uzunmüddətli təsirə malikdir.