Britaniya mətbuatı: Uşağlığın son gecəsi neçə yaşda olur?

Fotonun müəllifi Thinkstock
Image caption Bəzi ölkələrdə hazırda 25 yaşınadək olanlar "yeniyetmə" kimi qəbul edilir

Uşaqlıq neçə yaşda qurtarır?

"The Telegraph" qəzeti, alimlərin gəldiyi ümumi rəyə əsaslanaraq yazır ki, müasir insanlarda yetkinlik yaşı 24 olaraq qəbul edilməlidir. Bu ona görə baş verir ki, indiki gənclər daha uzun müddətdə təhsil alır, ailə qurub, oğul-uşaq sahibi olmağı isə ləngidirlər.

Həddi-büluq yaşı kimi ənənənvi olaraq 10 və 19 yaşların arası götürülür. Bu yaş kateqoriyası həm də cinsi yetkinlik və bioloji inkişafa görə seçilib.

Lakin Melburndakı Kral Uşaq Xəstəxanasının alimləri "Lancet Child & Adolescent Health" jurnalında yazırlar ki, "zamanın sürəti artıb" və ona görə də yaş mərhələlərinin təyinatında düzəlişə ehtiyac var.

Məsələ burasındadır ki, insan beyninin inkişafı 20 yaşdan sonra da davam edir. Bəzi insanlarda ağıl dişi 25 yaşadək hələ çıxmır.

Həm də insanlar daha gec evlənməyə və deməli gec valideyn olmağa başlayıblar. İndi kişilər orta hesabla 32, 5 yaşında, qadınlar isə 30, 6 yaşında evlənirlər. Bu, 1970-ci illərdə olduğundan 8 il çoxdur.

Tədqiqat komandasının başçısı, professor Susan Sawyer deyir ki, gənclərin təhsili başa vurub oturuşması bir xeyli ləngiyir və buna görə də həddi-büluq yaşının qaldırılmasına və yeniyetməlik dövrünün 20 yaşadək "uzadılmasına" ehtiyac var.

Yeni Zelandiya kimi bəzi ölkələrdə hazırda 25 yaşınadək olanlar "yeniyetmə" kimi qəbul edilir və əhalinin kövrək kateqoriyası sayılırlar.

"Hazırkı zəmanəmizdə yetkinləşmə dövrü kimi 10-24 yaşları arasındakı vaxtın seçilməsi daha münasibdir" - deyir professor Sawyer.

Lakin bəzi başqa alimlər deyirlər ki, cavanlar gec evləndiklərinə görə həddi-büluq və ya yeniyetməlik kimi dövrlərə düzəliş etmək olmaz.

Kent Universitetindən professor Jan Macvarish deyir ki, kimisə yalnız gec evləndiyinə görə 25 yaşınadək yeniyetmə hesab etmək düzgün deyildir.

Əslində belə mövqe ilə professor Sawyer də razılaşır və bildirir ki, yetkinlik yaşlarının dəyişdirilməsi planının mənfi tərəfləri də var.

Çünki gənclərin 24 yaşınadək "az qala uşaq" hesab edilməsi onların cəmiyyətdəki fəal iştirakına və mütəxəssis kimi sanbalına kölgə sala bilər.

Rusiyanın dövlət trolları 126 milyon amerikalıya troll göndəriblər

Fotonun müəllifi SCYTHER5
Image caption Rusiya tərəfindən Facebook platformasından ABŞ-da 2016-cı ilin seçki kampaniyası dövründə göndərilmiş materaillar 126 milyon amerikalıya çatıb.

Twitter etiraf edib ki, 2016-cı ilin ABŞ prezident seçkisi barədə materialların avtomatlaşdırılmış qaydada göndərilməsi üçün Rusiyaya bağlı 50 min hesabdan istifadə edilib. Bundan əvvəl Rusiyaya bağlı hesabların sayının qat-qat az olduğu düşünülürdü.

Bu tapıntını öz saytında ötən cümə günü elan etmiş sosial şəbəkə bildirib ki, bu hesablardan göndərilən materiallar ABŞ-da azı 677 min 775 nəfərə çatıb. Twitter bu adamlara email-lə xəbərdarlıq göndərib.

Twitter bildirib ki, sözü gedən Rusiya mənşəli 50,258 hesab bağlanıb və onların detalları seçki kampaniyasına Rusiyanın müdaxiləsini araşdıran Konqres komitəsinə təqdim olunub.

Şirkət bunu da bildirir ki, Rusiya hesabları Tvitterdən istifadə edənlərin çox cüzi bir hissəsini təşkil edir.

"Buna baxmayaraq hər hansı belə fəaliyyət demokratik cəmiyyətlər üçün problemlər yaradır və biz bunun qarşısını almaq məqsədilə işimizi gələcəkdə də davam edirəcəyik" - deyilir Twitter-in bəyanatında.

Twitter və Facebook öz şəbəkələrində Amerika siyasəti və siyasi sistemi barədə dezinformasiyaların göndərilməsinə yol verdiklərinə görə ABŞ millət vəkillərinin kəskin tənqidi ilə üzləşib.

ABŞ kəşfiyyatının gəldiyi nəticəyə görə Rusiya hökuməti Amerika seçkisinə müdaxilə məqsədilə müxtəlif vasitələrdən, o cümlədən sosial platformalardan istifadə edib. Kəşfiyyat bunu da bildirib ki, bu müdaxilədən məqsəd seçkidə Donald Trump-ın qələbəsinə yardım etmək olub.

Twitter ötən cümə günü bunu da bildirib ki, aşkar edilmiş 3800 hesab birbaşa Rusiyadakı dövlət strukturlarına bağlı olub. Məlumatda tvitlərdən nümunələr də göstərilib.

Rusiyanın dövlət hesablarından birinin postları Trump-ın böyük oğlu Donald və hazırda Ağ Evdə onun baş köməkçilərindən olan Kellyanne Conway də daxil baş müavirlərə retvit edilib.

Şirkətin cümə günü verdiyi yeni açıqlamalar Rusiya dövlət qurumlarının və avtomatlaşdırılmış hesabların (botların) necə də böyük miqyasda işlədiyini göstərir.

Twitter bundan əvvəl, ötən oktyabrda Konqresə bildirmişdi ki, ABŞ seçkisi barədə materiallar Rusiyaya aid 36,746 hesabdan göndərilib. Onların arasında dövlət əməliyyatçılarına aid 2752 hesab vardı. Halbuki bir ay əvvəl, sentyabr ayında dövlətə bağlı hesabların sayı 201 olmuşdu.

Həmin vaxt şirkətin baş direktorlarından birinin Senatın kəşfiyyat komitəsinə verdiyi ifadə, komitədəki vəzifəli demokrat Mark Warner tərəfindən "hər səviyyədə qeyri-adekvat" kimi qiymətləndirilmişdi.

Facebook-un verdiyi məlumata görə isə Rusiya tərəfindən onun platformasında 2016-cı ilin seçki kampaniyası dövründə göndərilmiş materaillar 126 milyon amerikalıya çatıb.

Cümə günü verdiyi məlumatda Twitter buna da aydınlıq gətirib ki, onun aşkar etdiyi hesablardan 3814-ü Rusiyadakı İnternet Tədqiqatları Agentliyindən (İTA) qaynaqlanıb. Rusiya hökumətinə bağlı olan bu mərkəz Qərb mətbuatında artıq "troll fabriki" adını qazanıb.

Twitter bildirib ki, İTA ABŞ seçki kampaniyası dövründə 175,993 tvit göndərib.

Əlaqəli mövzular

Bu barədə daha geniş