Britaniya mətbuatı: "Afrin etnik təmizləməyə məruz qala bilər"

Fotonun müəllifi AFP

"Afrin etnik təmizləməyə məruz qala bilər"

"The Independent" yazır ki, Türkiyə Afrindəki əməliyyatı mümkün qədər tez başa vuracağına inanır, lakin onun əsgərləri və onlara müttəfiq Suriya yaraqlıları sərhədə yaxın kəndlərdə kürd döyüşçülərin qızğın müqaviməti ilə üzləşirlər. Bununla yanaşı kürdlərin Türkiyə ordusuna müqaviməti gücləndirə bilmək üçün minlərlə əsgər topladığı xəbər verilir.

Məqalədə deyilir ki, Türkiyə qoşunları indiyədək yalnız bir neçə sərhədboyu kəndləri tuta bilib. Nəzərə almaq lazımdır ki, təkcə Afrində kürd kəndlərinin sayı 350-dən çoxdur.

Afrin anklavında 200 min adam yaşayır və əgər bu anklav Türkiyə tərəfindən zəbt olunsa, bu adamlar qaçqına çevriləcəklər.

Suriya müxalifətinin Londonda mənzillənmiş insan haqları müşahidə qrupunun verdiyi xəbərə görə, kürdlər ötən gecə güclü müqavimət göstəriblər və hətta Şenkal və Adamalı adlı iki kəndi geri alıblar.

"The Independent" yazır ki, Türkiyə bu əməliyyatı, doğrudan da mümkün qədər tez başa vurmalıdır, çünki Ankaranın diplomatik təcrid olunması artır.

Fransa BMT Təhlükəsizlik Şurasında Suriyada gedən döyüşlərin müzakirəsinə çağırıb, Britaniya isə bildirib ki, eskalasiyanın dayandırılması üçün əlindən gələni edəcək.

Amma Erdoğan deyib ki, Afrin əməliyyatını "rus dostlarımızla müzakirə etmişik və bu barədə razılaşmamız var".

"The Independent" yazır ki, Rusiya çox güman Türkiyəyə bu əməliyyat üçün çox qısa müddətə razılıq verib. Rusiya kürdləri ABŞ-ın Suriyadakı müvəqqəti girovuna çevrilməməyə çağırıb.

Məqalədə deyilir ki, Rusiya Suriyanın hava məkanından istifadəyə icazə verməsəydi, Türkiyə qüvvələri və onlara müttəfiq Azad Suriya Ordusunun 10 min əsgəri daha böyük çətinliklərlə üzləşə bilərdilər.

Lakin Erdoğan son vaxtlarda NATO üzvü olan ölkəsini Moskva ilə yaxınlaşdırıb. Türkiyə prezidenti 2016-cı ilin iyulunda onu devirməyə yönəlmiş çevriliş cəhdində ABŞ-ın da əli olduğunu düşünür.

Qəzet yazır ki, Suriyada İŞİD-lə mübarizə başa çatdıqdan sonra türklərlə kürdlər arasında toqquşmanın baş verəcəyi gözlənilən idi.

Lakin ABŞ dövlət katibi Rex Tillerson yanvarın 17-də Amerikanın Suriyanın şimalındakı ərazilərdə 30 minlik sərhəd qüvvəsi yaradacağına dair bəyanatı Ankaranı daha da əsəbiləşdirmişdi. Tillerson bildirirdi ki, belə bir qüvvənin yaradılmasından məqsəd prezident Əsədə loyal qüvvələrin şimala doğru hərəkətinin qarşısını almaqdır.

Tillersonun bəyanatı təkcə Türkiyəni yox, habelə İran və Suriya hökumətini də qıcıqlandırmışdı.

Bu bəyanatla ABŞ sanki öz nəzarəti altında faktiki olaraq kürd dövlətinin mövcud olacağını təsdiqləyirdi.

İndi Türkiyə Afrin əməliyyatının nə qədər davam edəcəyi barədə qarışıq siqnallar verir. Erdoğan deyir ki, Türkiyə qoşunları Suriya ərazisində, xarici təzyiqlərə baxmayaraq, lazım olduğu qədər qalacaq. Lakin baş nazirin müavini Mehmet Şimşek deyib ki, "biz investorlarımızı nigaran qoymaq istəmirik, buna görə də əməliyyat qısa müddətdə davam edəcək".

"The Independent" yazır ki,Türkiyənin müdaxiləsi başqa bir təhlükə də təşkil edir. Suriya etnik və məzhəb düşmənçiliyi ilə parçalanıb.

Cənab Erdoğan bu düşmənçilikləri daha da qızışdıraraq deyib: "Afrin əhalisinin 55 faizi ərəblər, 35 faizi isə oraya sonradan gəlmiş kürdlərdir. Daha 7 faiz türkmanlardır. Bizim məqsədimiz Afrini əsl sahibinə təhvil verməkdir".

Bu isə o deməkdir ki, Türkiyə və onun ərəb müttəfiqlərinin Afrini işğal etməsi orada yaşayan kürdlərin etnik təmizlənməsi təhlükəsi yarada bilər.

Bu bölgədəki xristian və yezidilər isə narahatdırlar ki, Türkiyə ordusu ilə çiyin-çiyinə döyüşən ərəblər ilk növbədə onları hədəfləyə bilər.

Fotonun müəllifi Getty Images

İt-pişiklərin də solaxayları olurmuş

"The Telegraph" yazır ki, bu vaxtadək itlərin və pişiklərin də insanlar kimi solaxay ola bilməsi məlum idi.

Məsələn, hələ 1991-ci ildə Atatürk Universitetində aparılmış bir təcrübədən məlum olmuşdu ki, pişiklərin 50 faizi sağkeş, 10 faizi ambidekstr (hər iki pəncədən istifadə edən) və 40 faizi solaxay olurmuş.

Amma yenicə aparılmış daha bir təcrübə erkək pişiklərin solaxaylığa daha meyilli olduğunu nümayiş etdirib.

44 pişiklə aparılmış eksperiment solaxaylığın və ya sağkeşliyin həm də cinsiyyətlə bağlılığını üzə çıxarıb.

Belfastdakı Queen Universitetinin alimləri aşkar ediblər ki, insanlar kimi pişiklər də nəyəsə pəncə atanda, yeməyi götürəndə və ya pilləkənlərdən qalxıb-enəndə ya sol, ya da sağ ayaqlarından birinə üstünlük verirlər.

Bu zaman alimlər ona da diqqət yetiriblər ki, erkək pişiklər sol pəncədən, dişi pişiklər isə sağ pəncədən istifadəyə üstünlük verirlər.

Professor Deborah Wells deyir ki, pişiklərin sağ və sol pəncəyə üstünlük verməsi onların həm də streslərə qarşı kövrəkliyini nümayiş etdirir və pişik sahibləri bunu bilməlidirlər.

"Biz bu yaxınlarda aşkar etmişik ki, məsələn, solaxay itlər sağkeş itlərlə müqayisədə daha pessimist və kədərli olurlar." - alim deyir.

Təcrübə vaxtı 24 erkək və 20 dişi pişik yaşadıqları yerlərdə müşahidə altında olub. Alimlər pişikləri öyrəşdikləri mühitdə öyrənmək istəyiblər.

Əslində saxladıqları pişiklərin sağ və ya sol pəncəyə üstünlük verməsini onların sahiblərindən bəziləri bilirdilər. Bu həm də özünü onların hansı böyrü üstə yatmasından bəlli olurdu.

Təcrübə zamanı bəzi çətinlik yaradan fəndlərdən də istifadə edilib. Məsələn, pişiklər üçün yem xüsusi qutuların üç müxtəlif siyirtməsinə qoyulurdu. Bu, pişikləri ya sol, ya da sağ pəncədən istifadəyə məcbur etmək üçün edilirdi.

Pişiklərin niyə sağ və ya sol pəncəyə üstünlük vermələrinin səbəbləri, hələlik tam açılmayıb. Amma alimlər güman edirlər ki, bu, hormonlara bağlı bir xüsusiyyətdir.

Bu barədə daha geniş