Britaniya mətbuatı: "Rusiya bankirləri Amerikanı müharibə ilə qorxudurlar"

Fotonun müəllifi Ria Novosti
Image caption Rusiya bankları ABŞ-ın Swift sistemindən çıxarılması ehtimalından narahatdır

"Rusiya bankirləri Amerikanı müharibə ilə qorxudurlar"

"Financial Times" yazır ki, Rusiyanın aparıcı banklarından VTB-nin rəhbəri Avropada hərbi münaqişə riski barədə xəbərdarlıq edib. Andrey Kostin bildirib ki, ABŞ-ın Rusiya üzərinə bundan sonra da sanksiyalar qoyması "müharibə elan edilməsinə" bərabər sayıla bilər.

Andrei Kostin deyib ki, ən böyük təhlükə Avropada çox sayda silahların konsentrasiya olunmasındadır. Onun fikrincə belə bir hal NATO və Rusiya qüvvələri arasında toqquşmaya səbəb ola bilər.

Putinin yaxın adamlarından olan Kostin Davosda keçirilən Dünya İqtisadi Forumunun kuliarlarında "Financial Times" qəzetinə deyib ki, "biz yeni silahlanma yarışı dövrünə qədəm qoymuşuq".

"NATO Avropada çox sayda silah toplayır və Rusiya heç şübhəsiz buna eyni şəkildə reaksiya verəcək, -bankir deyib, - Bundan kim qazanacaq? Yalnız generallar və silah istehsalçıları. Amerika deyir ki, Avropa silahlanmaya indikindən çox xərcləməlidir. Bu, kimə lazımdır?"ABŞ-ın Maliyyə Nazirliyi bu yaxınlarda Konqresə cənab Putinə yaxın olan oliqarx və "yarımdövlət biznes vahidlərinin" siyahısını təqdim etməlidir. Bu siyahı Rusiyaya qarşı növbəti sanksiyalar üçün baza rolunu oynayacaq.

"Financial Times" yazır ki, Rusiyanın dövlətin nəzarətində olan iki ən böyük bankı - VTB və Sberbank, ABŞ-ın onları Swift beynəlxalq banklararası ödəniş sistemindən kənarlaşdıra biləcəyindən narahatdır.

Kostin deyib ki, o, şəxsən özünə qarşı sanksiyalardan, Amerikaya səfər edə bilməməsindən və yaxud Amerikada bank hesabının olmamasından narahat deyil. Onun narahatlığı təsisatlar üzərinə iqtisadi sanksiyaların qoyulmasındandır. "Şəxsən mən deyirəm ki, bu, müharibə elan etmək kimi bir şeydir. Mən Rusiya səfirinin bundan sonra Washington-da qalmasında və ya ABŞ səfirinin Moskvada buzlu suda çimməsində məna görmürəm. Düşünürəm ki, vəziyyət Soyuq müharibə zamanında olduğundan daha təhlükəlidir. Məncə, Amerika odla oynayır, çünki münasibətlər pisdən betərə doğru gedir və buna görə məsuliyyəti biz daşımırıq".

Bundan əvvəl, ötən ilin dekabrında Rusiya Sberbankının rəhbəri German Qref demişdi ki, o, ABŞ-ın Rusiya banklarını Swift sistemindən çıxarmaq kimi cəhdlərindən narahatdır. O xəbərdarlıq etmişdi ki, bunun nəticəsində yarana biləcək vəziyyətin yanında "Soyuq müharibə toya getməli olacaq".

"Bir-birinə yaxın məsafədə o qədər silah var ki. Nə desən baş verə bilər, - Kostin deyib, - Ola bilər, bu nüvə müharibəsi olmasın, amma bu bizim münasibətlərimizi daha da pisləşdirəcək. Suriyada, Baltikada və ya hazırda Amerika gəmilərinin üzdüyü Qara dənizdə bundan sonra nələrin baş verə biləcəyini kim bilir?.."

Kostin bildirib ki, "ABŞ Rusiyadan Şimali Koreya üzərinə təzyiq qoyulmasında daha çox əməkdaşlıq tələb edir. Amma Rusiya niyə əməkdaşlıq etməlidir? Buna görə Amerika Rusiya üzərindəki sanksiyaları qaldırmalıdır. Onlar bizə sanksiya qoyurlar, biz isə əməkdaşlıqla cavab verməliyik?"

Fotonun müəllifi AFP/Getty
Image caption Xüsusi prokuror Trump-ı dindirməyə hazırlaşır

Xüsusi prokuror Trump-ı dindirməyə hazırlaşır

"The Independent" yazır ki, bəzi xəbərlərə görə, ABŞ-da xüsusi prokuror Robert Mueller prezident Donald Trump-ı, onun James Comey və Michael Flynn-i vəzifələrindən kənarlaşdırması ilə bağlı sorğu-sual etmək istəyir. Belə güman edilir ki, xüsusi prokuroru maraqlandıran prezidentin ədalətə maneçilik törədib-törətmədiyidir.

Bu da xəbər verilir ki, Rusiya ilə Trump arasında mümkün sövdələşməni araşdıran Mueller prezidentlə yaxın həftələrdə danışmaq istəyəcək.

"The Independent" xatırladır ki, Mueller-in xüsusi prokuror təyin edilməsinə məhz 2017-ci ilin mayında Comey-nin vəzifəsindən çıxarılması səbəb olmuşdu.

O vaxt FTB direktoru olan James Comey Trump kampaniyasının Rusiya rəsmiləri ilə mümkün əlaqələrini və Moskvanın ABŞ seçkisinə müdaxiləsini araşdırırdı.

Mueller-in artıq Comey-ni sorğu-sual etdiyi barədə xəbərlər yayılıb.

Comey Konqres qarşısında ifadə verərkən demişdi ki, Trump ondan o vaxtkı milli təhlükəsizlik müşaviri Michael Flynn-ə dair təhqiqatın dayandırılmasını istəyib.

"The Washington Post" qəzeti yazır ki, bütün bunlar xüsusi prokurorun prezident Trump-ın ədalətin qarşısını almağa cəhd edib-etmədiyini üzə çıxarmağa çalışdığını göstərir.

Bu ayın əvvələrində verilmiş xəbərlərdə deyilridi ki, cənab Trump-ın vəkilləri onun Mueller-in suallarına cavab verməsinin təşkili məsələsini müzakirə edirlər.

Vəkillər eyni zamanda cənab Trump-ı Mueller-in mümkün çətin suallarına hazırlayırlar. Dindirmənin üzbəüz, şifahi, yoxsa yazılı olub-olmayacağı, hələlik bilinmir.

Cənab Trump dostları ilə söhbətlərində ümid etdiyini bildirib ki, Mueller-in təhqiqatı son nəticədə onu təmizə çıxaracaq.

Hələlik nə Ağ Ev, nə də Mueller-in ofisi bu xəbərləri şərh etməyib.

Bundan əvvəl prezident Trump Mueller-in suallarına cavab verməyə hazır olub-olmadığı barədə heç nə deməyib.

"Baxaq, görək, nə olur?" -Trump bu ayın əvvəllərində jurnalistlərə deyib.

Fotonun müəllifi SCİENCE PHOTO LİBRARY
Image caption Xəstəliyinizi internetdə axtarsanız xərçəng tapacaqsınız

Xəstəliyinizi internetdə axtarsanız xərçəng tapacaqsınız

"Metro" qəzeti məsləhət görür ki, özünüzü pis hiss etdiyiniz vaxtlarda vəziyyətinizin səbəbini Google-da axtarmayın.

Elə ki, axtarışa başladınız, internetdə sizin halınıza bənzər çox sayda simptomlar tapacaqsınız. Girdiyiniz tibb saytlarından çıxmaq sizin üçün çox çətin olacaq.

Məqalədə deyilir ki, özünüzə internetdə diaqnoz qoymaq cəhdlərinizin nəticəsi pis ola bilər. Daha doğrusu, böyük bir ehtimalla tapdığınız məlumat sizin reallıqdakı vəziyyətinizdən qat-qat bədbin olacaq.

Bu yaxınlarda Britaniya tibb cəmiyyətlərindən birinin apardığı araşdırma göstərib ki, öz xəstəliklərini internetdə axtaranların təxminən yarısı xərçəng "nəticəsini" əldə edir.

Məsələn, adi qəbz barədə axtarışların yarısı xərçəng xəstəliyi nəticəsini verir. Amma əslində bütün bu insanlarda xərçəngin olması mümkün deyil. Bu da deyilməlidir ki, internet axtarışının özü mümkün olan ən pis nəticələrlə başa çatmağa meyllidir.

Məqalədə deyilir ki, internetdə müxtəlif simptomlara malik minlərlə xəstəliyin təsviri verilib. Lakin əksər simptomlar xərçənglə əlaqədar olmaya da bilər. Sadəcə, insan təbiəti belədir ki, o özü üçün çox dəhşətli nəticələr əldə edir.

Burası da var ki, xəstəlik simptomlarını internetdə axtaranların 34 faizi məhz xərçəngdən narahat olanlardır. Bəzi təxminlərə görə, internetdə "xərçəng" sözünün axtarışı hər 1, 7 saniyədən bir aparılır.

Həkimlər sağlamlığınızda problem yaranarkən Google-a baş vurmaqdansa, poliklinikaya baş çəkməyi məsləhət görürlər.

Bu barədə daha geniş