Britaniya mətbuatı: "Amerikalı və britaniyalı könüllülər Suriyaya - kürdlərin müdafiəsinə gedirlər"

Fotonun müəllifi Getty Images
Image caption Afrin əməliyyatında iştirak edən Türkiyə hərbçiləri

Amerikalı və britaniyalı könüllülər Suriyaya - kürdlərin müdafiəsinə gedirlər

"The Daily Mail" qəzeti yazır ki, britaniyalı və amerikalı könüllülər kürdlərin tərəfində Türkiyəyə qarşı döyüşmək üçün Suriyaya səfər etməyə hazırlaşırlar. Onlar deyirlər ki, İŞİD-ə qarşı döyüşmüş kürdlərə kömək etmək onların mənəvi borcudur.

Mançester şəhərindən olan 24 yaşlı Çin əsilli britaniyalı Huanq Ley artıq Suriyadakı YPG qüvvələrinə qoşulub və deyir ki, onunla eyni dəstədə daha iki britaniyalı var.

Türkiyə Suriya kürdlərinin YPG birliklərini terrorçu təşklilat hesab edir, lakin bu qrup ABŞ-ın İŞİD-ə qarşı mübarizəsində onun əsas müttəfiqidir.

Türkiyə silahlı qüvvələri hazırda Suriyanın şimalında kürdlərin nəzarətində olan Afrin anklavına müdaxilə əməliyyatı aparır. Xəbər verilir ki, ötən şənbə Türkiyə qüvvələri Afrində ciddi müqavimətlə üzləşiblər.

Bu arada YPG öz sıralarındakı əcnəbni döyüşçüləri göstərən video yayıb. Bu döyüşçülərdən biri Amerika ləhcəsində danışır. O, YPG qüvvələri ilə birlikdə, özünü İslam Dövləti adlandıran ekstremist qruplaşmaya qarşı döyüşüb.

Videodakı amerikalı deyir: "Biz hamımız Afrinə gedib Türkiyənin müdaxiləçi qüvvələrinə qarşı döyüşməyə hazırıq".

"Biz bir xeyli vaxt təlim keçmişik. Biz YPG tərəfindən təchiz olunuruq və Türkiyə terrorçuları ilə döyüşə hazırlaşırıq, -həmin amerikalı deyib, - Biz Suriyada İŞİD-ə qarşı döyüşürdük, bir də eşitdik ki, Türkiyə Afrinə hücum edib və şəhəri bombalayıb. Biz ora getmək, şəhəri və sakinləri müdafiə etmək istəyirik".

Çin əsilli Ley Manchester Universitetinin beynəlxalq siyasət fakültəsində təhsil alıb. O, BBC-yə deyib ki, "Afrini müdafiə etməyi özünə borc sayır".

Ley bunu da deyib ki, orada Britaniyanın London və Leeds şəhərlərindən olan 20-dək könüllü var. Könüllülər habelə ABŞ, İspaniya, Almaniya və Fransadan gəlirlər.

Bu arada kürd döyüşçülərin əsasında qurulmuş Suriya Demokratik Qüvvələri (SDQ) deyib ki, Raqqada və Deyr əz-Zorda döyüşən əcnəbilər indi də Afrinə getmək istədiklərini bildirilər.

SDQ-nin vəzifəli rəsmisi Redur Xelil deyib ki, Afrinə yollanan əcnəbi döyüşçülərin sayı "onlarcadır".

"Bunlar amerikalılar, britaniyalılar, almanlar, Avropa, Asiya və Amerikanın müxtəlif ölkələrindən olan müxtəlif döyüşçülərdir" - Xelil deyib.

Fotonun müəllifi DENIS CHARLET/Getty
Image caption (Foto.Arxiv) İsrail ölkənin əsası qoyulandan az sonra öldüyü düşünülən uşaqların məzarlarının açılmasına icazə verib

İsraildə uşaq qəbirlərini niyə açırlar?

"The Guardian" yazır ki, İsrail ölkənin əsası qoyulandan az sonra öldüyü düşünülən uşaqların məzarlarının açılmasına icazə verib. Bu körpələrin valideynlərindən oğurlandığına dair iddialarla bağlı mübahisələr uzun müddətdir ki, davam edir.

Ailələr və fəallar inanırlar ki, bir neçə min körpə, xüsusilə də yoxsul Yəmən yəhudilərinin icmalarından oğurlanaraq Şərqi Avropadakı uşaqsız yəhudi ailələrinə satılıb. Başqa ərəb və Balkan yəhudiləri də İsrailə gəldikdən az sonra körpələrinin onlardan alındığını iddia edirlər.

İddialara görə körpələr Qərb əsilli yəhudilərə verilib.

Hökumətin apardığı təhqiqatlar itkin uşaqların böyük əksəriyyətinin öldüyünü göstərib. Təhqiqat nəticələrində deyilir ki, uşaqlar, əsasən qəbul çadırlarındakı ağır yaşayış şəraitinə dözməyərək vəfat ediblər.

Amma ailələr bidirirlər ki, onlara uşaqlarının öldüyü barədə məlumatla birlikdə ölüm haqqında şəhadətnamələr, bir çox hallarda isə hətta meyitlər verilməyib. Bəziləri uşaqlaırnın hələ də sağ qaldığına və uşaq qəbirlərinin boş olduğuna inanırlar. İndi isə dövlət prokurorluğu 17 ailənin xahişinin icra olunmasına və qəbirlərin açılaraq DNT analizinin keçirilməsinə razılıq verib.

Prokurorluğun bəyanatında deyilir ki, "bu qərar Yəməndən, Balkanlardan olan uşaqların ölümünə və dəfninə dair həqiqətin üzə çıxarılmasının ictimai əhəmiyyətinə görə qəbul edilib…"

1949-cu və 1950-ci illərdə Yəhudi Agentliyinin məxfi uçuşları ilə İsrailə 50 min Yəmən yəhudi qaçqını gətirilib. Yəməndə yalnız 50 yəhudinin qaldığı bilinir. Qaçqınlardan çoxu aylarla Yəmən və İsraildəki aralıq düşərgələrdə, ağır şəraitdə yaşamağa məcbur olublar.

2016-cı ildə İsrailin dövlət arxivi özünün internet saytında uşaqların oğurlanması barədə iddialara aydınlıq gətirə biləcək 200 minədək sənədi yerləşdirib.

Yəmən yəhudilərinin hüquqlarını müdafiə edən "Achim Vekayamim" assosiasiyası qəbirlərin açılmasına dair qərarlı alqışlayıb, lakin bu işdə müəyyən məhdudiyyətlərin olduğunu bildirib.

Təşkilatın bəyanatında deyilir ki, İsrail hökuməti dövlətin əvəzinə uşaq oğurluqlarına görə məsuliyyəti öz üzərinıə götürməlidir.

"Yalnız məsuliyyətin qəbul edilməsi və həqiqətin açılması ailələrin, cəmiyyətin və bütövlükdə İsrailin yaralarını sağalda bilər" -bəyanatda deyilir.

Fotonun müəllifi Getty Images
Image caption Mütəxəssislər araşdırıblar ki, tibbi dərmanlarla bitki dərmanlarını eyni vaxtda qəbul etmək olmaz

Tibbi dərmanlarla bitki dərmanlarını eyni vaxtda qəbul etmək olmaz

"The Telegraph" qəzeti alimlərə istinadən yazır ki, statinlər və antidepressantlar kimi dərmanları qəbul edən və ya xərçəng terapiyasında olan pasientlər dərman bitkilərindən istifadə etməməlidirlər.

Bir çox adamlar tibbi dərmanlarla yanaşı adi dazı və jenşen kimi ilk baxışdan ziyansız görünən təbii vasitələri də qəbul edirlər.

Lakin Cənubi Afrika Tibb Araşdırmaları Mərkəzində aparılmış təcrübələr tibbi dərmanlarla yanaşı bitki dərmanlarını qəbul edənlərin 28 faizinin səhhətinin ciddi təsirə məruz qaldığını göstərib.

Məlum olub ki, adaçayı, adi kətan, adi dazı, mərcanı, yaşıl çay və çobanyastığı kimi bitkilərdən hazırlanmış vasitələr ürək-damar xəstəlikləri zamanı qəbul edilən tibbi dərmanlarla təhlükəli reaksiyaya girə bilər.

Antidepressant qəbul edənlər və xərçəng terapisyasından keçənlərdə də dərmanlarla təbii vasitələr arasında təhlükəli reaksiyalar qeydə alınıb.

Alimlər bildirirlər ki, bir çox pasientlər bir qayda olaraq dərmanlarla yanaşı bitki vasitələrindən istifadə etdiklərini müalicə edən həkimlərdən gizlədirlər. Onların fikrincə, bundan xəbərsiz olan həkimlər tibbi dərmanlarla mümkün reaksiya haqqında da məlumatsız qalırlar.

"Bitki dərmanlarının və tibbi dərmanların eyni vaxtda qəbul edilməsi yüksək qan təzyiqi, xərçəngi, diabeti, qıcolmaları və depressiyası olanlar arasımda xüsusilə geniş yayılıb" -professor Charles Awortwe deyir

Alimlər bildirirlər ki, belə halların mümkün fəsadları barədə pasientlərə ciddi xəbərdarlıq edilməlidir.

Britaniyadakı Exeter Universitetinin professoru Edzard Ernst-in fikrincə, həkimlər öz pasientlərinə açıq və qəti şəkildə bildirməlidirlər ki, tibb dərmanları ilə bitki dərmanlarının bir yerdə qəbulu yolverilməzdir.

Professor bunu da əlavə edib ki, bitki dərmanlarının təsiri hələlik tam öyrənilməyib.

Bu barədə daha geniş