Britaniya mətbuatı: Afrin kürdləri Əsədi köməyə çağırırlar

Fotonun müəllifi Reuters

Afrin kürdləri Əsədi köməyə çağırırlar

"The Guardian" yazır ki, Suriyanın Afrin anklavında Türkiyə qoşunlarına qarşı döyüşən kürd silahlıları prezident Bəşər əl-Əsədi köməyə çağırıblar və ondan ölkəsinin sərhədlərini qorumasını istəyirlər.

Məqalədə deyilir ki, Türkiyənin Afrinə hücum əməliyyatının başlanmasından bir həftə sonraya təsadüf edən bu hadisə, kürdlərin muxtariyyət arzularına son qoysa da, Ankara və Dəməşq arasında birbaşa qarşıdurmanın başlanğıcı ola bilər.

Bu həm də ABŞ tərəfindən dəstəklənən kürd qüvvələri ilə, Amerikanın hakimiyyətdən getməsini tələb etdiyi Əsəd arasında yeni alyansın yaranmasına yol aça bilər.

Afrin anklavının yerli muxtar kürd hökumətinin ötən cümə axşamı günü verdiyi bəyanatda deyilir:

"Biz Afrini vəhşi xarici hücumdan qorumaqda və Türkiyənin işğal cəhdlərinə sinə gərməkdə davam etmək əzmində olduğumuzu bildirməklə yanaşı, Suriya dövlətini buraya dəvət edirik ki, Afrindəki suveren hüquqlarına sahiblik etsin və özünün Türkiyə ilə sərhədini qorusun".

Ankara Afrin bölgəsindəki kürd YPG birləşmələrinin buradan vurub çıxarılması məqsədilə hərbi müdaxiləsinə ötən şənbə günü başlayıb.

Türkiyə, Suriya kürdlərinin Xalq Müdafiə Birliyi - YPG-ni Kürdüstan İşçi Partiyası ilə əlaqədə ittiham edir. PKK Türkiyədə, Avropa və ABŞ-da terrorçu qruplaşmalar siyahısına salınıb.

Ankara Afrin üzərinə hücum qərarını ABŞ Suriyanın şimalında 30 minlik sərhəd təhlükəsizliyi qüvvəsi yaratmaq planlarını açıqladıqdan sonra qəbul edib.

Plana görə, bu qüvvənin böyük əksəriyyətini kürd silahlı dəstələri təşkil etməli idi. Türkiyə hadisələrin belə inkişafında özünün milli təhlükəsizliyinə hədə görür.

"The Guardian" yazır ki, Türkiyənin Xarici İşlər Nazirliyi kürdlərin Əsəd hökumətinə kömək üçün müraciəti və ya Türkiyənin Dəməşqə qarşı döyüşmək niyyətində olub-olmadığı barədə sualları cavablandırmaqdan imtina edib.

Suriya hökuməti də bu barədə heç bir şərh verməyib, lakin Türkiyənin Afrinə hücumunu özünün ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi pisləyib.

Məqalədə deyilir ki, Afrindəki kürdlərin kömək üçün Dəməşqə müraciəti Suriya böhranında tamamilə yeni mərhələ ola bilər.

YPG və onun siyasi qolu sayılan PYD uzun müddətdir ki, Suriyanın şimalında muxtariyyət qurmaq niyyətlərini bəyan edir. Buna görə də indi YPG-nin Əsəd hökumətinə müraciəti muxtariyyət niyyətindən geri çəkilmək kimi də qiymətləndirilə bilər.

"The Guardian" yazır ki, YPG indiyədək özünü anti-Əsəd qüvvə kimi təqdim edib və bəyan edib ki, Dəməşq Suriya kürdlərinə qarşı ayrı-seçkiçilik siyasəti yürüdür.

Suriya kürdləri gileylənirdilər ki, Suriya dövləti onlara kimlik sənədləri vermir və başqa hüquqlarını pozur. Lakin burası da var ki, YPG və PYD zaman-zaman Dəməşq hökuməti ilə yaxın əməkdaşlıqda ittiham edilib.

Afrinlilərin Əsədə müraciəti həm də onu göstərir ki, kürdlər ABŞ və Rusiyanın Türkiyənin qarşısını ala bilməməsindən qəzəblidirlər.

Raqqanın alınmasında YPG qüvvələrindən istifadə etmiş ABŞ Türkiyəni təmkinə çağırmaqdan başqa heç nə edə bilməyib.

Suriya kürdləri ilə ara-sıra əməkdaşlıq edən Moskva, onların danışıqlar masası arxasında yerinin olduğunu bildirsə də, Türkiyənin Afrinə hücumu üçün hava məkanını açıb.

"The Guardian" yazır ki, Suriya hökumətinin kürdlərin bu çağırışına cavab verib-verməyəcəyi və Türkiyənin Əsəd müdaxilə edərsə, hücumu dayandırıb-dayandırmayacağı hələlik bilinmir.

Lakin hadisələrin belə inkişafının Suriya münaqişəsini daha da mürəkkəbləşdirəcəyi şübhəsizdir.

Fotonun müəllifi Getty Images

Arvadın ərindən gizli bank hesabı olmalıdırmı?

"The Independent" yazır ki, adamlar evlənəndə, bir-birlərinə ölənədək can-bir qəlb olacaqlarını vəd etsələr də, hərənin öz gizli bank hesabı saxlamasında fayda var.

Mumsnet saytında bir qadın belə bank hesabını "qaçıb aradan çıxmaq fondu" adlandırır.

Həmin qadın yazır ki, onun rəfiqəsi hər ay ərindən gizli olaraq açdığlı hesaba 200 funt sterlinq pul qoyur.

Qadın bunu da yazır ki, rəfiqəsinin xoşbəxt ailə həyatı var, amma yenə də ehtiyatını əldən vermir.

"The Independent" yazır ki, internet müzakirəsinə qoşulan qadınların heç də hamısı belə bir "qaçıb aradan çıxmaq fonduna" müsbət yanaşmayıb.

Onlardan biri öz ailəsi haqqında yazır: "Bizim heç birimizin gizli bank hesabımız yoxdur. Əgər kimin belə hesabı varsa, deməli o adam nikaha sevgi və sədaqətlə daxil olmayıb".

Bəzi qadınlıar isə yazırlar ki, belə bir gizli fondun olmasının düşər-düşməzi ola bilər.

Bir qadın yazır: "Mən heç vaxt belə bir iş tutmazdım və əgər bilsəydim ki, ərim belə bir iş tutub tamamilə sarsılardım".

Amma məsələnin belə qoyuluşuna qarşı çıxan başqa qadınlar yazırlar ki, "fövqəladə gizli bank hesabı" saxlamaq, hələ qaçıb aradan çıxmaq niyyətinin olmasından xəbər vermir.

Bu cür düşünən qadınlar belə bank hesabının "qaçış fondu" adlandırılmasına qarşı çıxırlar.

Bir qadın yazır ki, bu gizli bank hesabının adını kim necə qoyursa-qoysun o çox lazımlı bir şeydir.

Başqa bir qadın isə buna cavab olaraq yazır: "Mənim "qaçış hesabım" yoxdur, "fövqəladə vəziyyət fondum var".

Şərh yazanlardan elələri də var ki, gizli bank hesabının evliliyi daha da möhkəm etməsinə inanırlar.

Münasibətlər üzrə ekspert Daisy Goodwin isə yazır ki, qadının ərindən gizli bank hesabına malik olması zəruridir.

Ekspert inanmır ki, tamamilə ərin pulundan asılı olmaqla özünü rahat və xoşbəxt hiss edə bilərsən.

Goodwin yazır: "Bu bir həqiqətdir ki, nikah öhdəlikdir. Amma istər yaxşı, istər pis, istər varlı, istər kasıb - evlilik öhdəliyinə sadiq qalmağın özü də ehtiyat pul olanda daha rahat olur".

Goodwin əmindir ki, qadının ərindən gizli bank hesabının olmasını xəyanət kimi qiymətləndirmək düzgün deyil.

Kiminsə "qaçış pulu yığması", hələ onun qaçmaq niyyətindən xəbər vermir.

Ekspertin fikrincə, ailədə işlər düz getməyəndə, adam evlilikdə ona görə qalmır ki, başqa çarəsi yoxdur.

"Adam evlilikdə ona görə qalır ki, qalmaq istəyir".

Məqalədə bu barədə statistik məlumat da verilib. TD Bank-ın apardığı sorğu göstərib ki, Britaniyada hər beş nəfərdən birinin ərindən və ya arvadından gizli bank hesabı var.

Amma elə həmin sorğu bunu da göstərib ki, hər beş nəfərdən biri ərinin və arvadının belə hesabı olduğundan xəbər tutarsa, boşanacağını deyib.

Başqa bir münasibətlər eksperti April Masini yazır ki, belə gizli hesabların vurduğu ziyan pulla bağlı deyil. Ən böyük ziyanı qarşılıqlı etimada xələl gətirən məxfilik vurur.

Bu arada RaboDirect firmasının apardığı sorğu göstərib ki, rəyi soruşulanların 78 faizi həyat yoldaşının bütün maliyyə sirlərini bilmək istərdi.

İndi özünüz qərara gəlin. Gizli hesab xəyanətdir, yoxsa zərurət, qəzet yazır.

Bu barədə daha geniş