"Afrin hücumu - Rusiyanın ustalıqla düzəltdiyi münaqişə"

Fotonun müəllifi AFP

"Afrin hücumu - Rusiyanın ustalıqla düzəltdiyi münaqişə"

İngiltərənin Exeter şəhərindəki Ərəb və İslami Tədqiqatlar İnstitutunun Yaxın Şərq siyasəti professoru Gareth Stansfield "The Guardian" qəzetində yazır ki, yaşadıqları ölkələrdən asılı olmayaraq kürdlərin varlığı daim təhlükədədir.

Məqalədə deyilir ki, İran, İraq, Türkiyə və Suriyadakı kürdlər bu ölkələrin hökumətləri tərəfindən daim basqı altındadır.

Üstəlik adətən bir-biri ilə yola getməyən böyük regional güclər də kürdlərə qarşı həmişə vahid cəbhədən çıxış edirlər.

Maraqlıdır ki, kürdlərdən İŞİD-ə qarşı mübarizədə istifadə etmiş supergüclər də, sonunda kürd məsələsində regional güclərin mövqeyinə keçirlər.

Professorun fikrincə, hazırda Suriyanın şimalında kürdlərin Yekineyen Parastina Gel (YPG) qüvvələrinin nəzarətində olan Afrin anklavında eynilə bu baş verir.

Türkiyə YPG-ni terrorçu kimi tanınan PKK-nın bir qolu sayır, kürdlər isə əksinə federativ Suriyada özləri üçün muxtariyyət əldə etməyə çalışdıqlarını bildirirlər.

Lakin bu iddiaların hər ikisində problem bundan ibarətdir ki, onlar həqiqəti qismən əks etdirir.

YPG-nin siyasi qolu PYD PKK ilə əlaqəsi olmadığına nə qədər ucadan and içsə də, dəlillər başqa şeydən xəbər verir.

PKK əvvəllər Suriyanın şimalında səngərlənib və Əsəd hökuməti də onların Türkiyəyə qarşı hücum siyasətini dəstəkləyib, onları PKK-ya qoşulmağa həvəsləndirib.

Buna görə də, YPG PKK olmasa da, türklərin narahatlığı başa düşüləndir.

Digər tərəfdən kürd qrupları 2011-ci ildə başlamış Suriya münaqişəsində özlərini intizamlı və döyüş qabiliyyətli qüvvə kimi göstərə biliblər.

Onlar nəzarətlərində olan əraziləri kifayət qədər effektiv idarə ediblər. Az hərbi güc, lakin böyük intizamla İŞİD-ə qarşı uğurla döyüşüblər.

Buna görə də Qərbin nəzərində NATO müttəfiqi Türkiyənin də, anti-İŞİD koalsiyasına daxil kürdlərin də narahatlığı legitimdir.

Bir sözlə söhbət həmişə olduğu kimi çətin seçimdən gedir. Amma politoloqun firkrincə, Afrin məsələsində Qərb kürd referendumunda olduğu kimi yaxasını bir tərəfə çəkə bilməyəcək.

Afrində gedən konkret döyüşlərə gəlincə isə, kürdlər artıq indidən Türkiyənin dəstəklədiyi qiyamçılara ağır zərbələr endirirlər.

Türkiyə qoşunları uğur qazana bilərmi? Çətin. Qazansa da, bu çox ağır qiymətə başa gələcək, professor yazır.

Türkiyə ordusu 2016-cı ilin çevriliş cəhdinin ardınca keçirilmiş repressiyalardan hələ də özünə gələ bilməyib.

Buna görə də Afrindəki müharibə "qanlı pat" vəziyyətinə gəlsə, Erdoğan özünün millətçiləşdirdiyi və anti-kürdləşdirdiyi Türkiyə əhalisi qarşısında şəxsən cavab verməli olacaq.

Fotonun müəllifi AFP/GETTY IMAGES
Image caption YPG döyüşçüsü Afrin ətrafında əraziyə baxış keçirdiyi zaman -9 iyun, 2017

Digər tərəfdən Afrin döyüşləri daha şiddətli və qanlı şəkil alarsa, Türkiyənin öz ərazisindəki kürdləri ayağa qaldıra bilər. Belə bir kürd qiyamı həm də İran və İraqı bürüyə bilər.

Professor Gareth Stansfield yazır ki, bu "kürd dominosunun" uçmasının gətirəcəyi nəticələri proqnozlaşdırmaq çətindir.

O nəinki bütün Yaxın Şərq boyu sərhədləri oyuna qoya bilər, bu, hətta NATO-nun birliyinə böyük zərbə olar.

Stansfield-in fikrincə, Rusiyaya gəldikdə, Moskva mükəmməl bir planı həyata keçirir.

Suriya münaqişəsi artıq NATO-nun birliyinə zərbə endirib. Bunun nəticəsində Rusiyanın əl-qolu Baltikyanı regionda və Rusiyaya bitişik başqa regionlarda da açıla bilər.

Üzdə Türkiyəyə Afrində guya kömək edən Rusiya, ABŞ-ın bu bölgədən çıxarılmasına nail olmaq istəyir.

Belə bir şəraitdə NATO-nin iki üzvü arasında açıq toqquşma olmasa da, onları təmsil edən yerli qüvvələr həqiqətən də toqquşa bilərlər.

Buna görə də bu gün Afrində heç də təkcə kürdlərin taleyi həll olunmur.

Alimin fikrincə, buna görə də Qərb qəti qərara gəlməlidir: O Yaxın Şərqdə nə istəyir? Bəli, bu fantastik dərəcədə çətin sualdır. Amma bu sualın cavabı mütləq verilməlidir.

Fotonun müəllifi Getty Images

Ağır aybaşılara çarə tapılıb

"Metro" qəzeti isə ağır, ağrılı və narahat aybaşıları olan qadınları bu məqaləni diqqətlə oxumağa çağırır. Qəzet yazır ki, belə ağır aybaşıların qarşısı yaxın gələcəkdə alına bilər. Hər halda Edinburq Universitetinin alimləri belə bir vəd verirlər.

"Wellbeing of Women" qadın xeyriyyə təşkilatının maliyyələşdirdiyi tədqiqat zamanı alimlər menstruasiya zamanı oksigenin səviyyəsinin qan ayrılmasınına necə təsir göstərdiyini öyənirdilər.

Aybaşı bir qayda olaraq, uşaqlığın selikli qışası - endometriumdan ifrazat başlananda başlanır. İtirilən qanın miqdarının azalması üçün uşaqlıq divarının sağalması lazımdır.

Tədqiqat göstərib ki, bədəndəki oksigenin səviyyəsi aşağı olanda orqanizm hipoksiya təsirli faktor (HIF) adlı zülalın istehsalına başlayır. Uşaqlıq səthinin sağalmasının sürətliyi də məhz bu zülalın istehsalından asılıdır.

Alimlər aşkar ediblər ki, aybaşısı ağır olan qadınlarda HIF-1-in səviyyəsi aşağı olur. İndi alimlərin qarşısında duran vəzifə ağır aybaşı keçirən qadınlarda HIF-1-in istehsalını sürətləndirəcək vasitələrin yaradılmasıdır.

Edinburq Universitetinin professoru Jakie Maybin bildirir ki, uşaqlıq divarının sağalmasında HIF-1-in rolu və oksigen səviyyəsinin axan qanın midarına təsirinin aşkar edilməsi elmi tapıntıdır.

Alim bildirir ki, artıq siçanlar üzərində aparılan təcrübə zamanı HIF-1-in səviyyəsinin yüksəldilməsinə nail olunub.

Maybin deyir ki, ağır aybaşıların yüngülləşdirilməsi üçün preparat qeyri-hormonal olacaq.

Təcrübələrin nəticələrindən Wellbeing of Women cəmiyyətinin rəhbəri Tina Weaver də razıdır.

O deyib ki, minlərlə qadın və qızın iztirablarına səbəb olan ağır qanaxmalara indiyədək barmaqarası baxılıb və qadınlar bu əzabı sükutla çəkməyə məhkum olublar. Yaxşı ki, bu problem tezliklə həll olunacaq.

Bu barədə daha geniş