Qidalanma tərzi xərçəng xəstəliyinə təsir edə bilərmi?

Asparagus Fotonun müəllifi Getty Images

Cambridge alimlərinin araşdırmalarına görə, pəhriz xərçəngin inkişaf etməsini çətinləşdirə bilər.

"Nature" jurnalında heyvanlar üzərində keçirilmiş tədqiqatın nəticələri dərc olunub.

Həmin nəticələrə əsasən, asparaqin adlı qidalı maddənin çatışmazlığı süd vəzi şişlərinin inkişafını zəiflədir.

Asparaqin qulançar, toyuq, dəniz məmulatları və bir sıra digər yeməklərin tərkibində var.

Alimlər ümid edir ki, xərçəngə "əlverişli şərait yaradan pəhrizin" nəzərə alınması bu xəstəliyin müalicəsinin yaxşılaşdırılmasına kömək edə bilər.

Asparaqin amin turşusudu, bu maddə isə zülal əmələ gətirən maddələrdən biri sayılır.

Cambridge Xərçəng Araşdırmaları Institutunda xərçəngin aqresiv formasına tutulmuş siçanlar üzərində aparılmış tədqiqatın nəticələri göstərib ki, asparaqin az olan pəhriz siçanlarda xərçəngin inkişafını çətinləşdirib.

Ötən il Glasgow universitetində əldə olunan nəticəyə əsasən, serin və qlisin adlı amin turşularının pəhrizdə kəsilməsi, limfoma və bağırsaq xərçənginin inkişafını zəiflədib.

Alimlər belə nəticəyə gəliblər ki, xərçəngin müxtəlif növü fərqli pəhrizlərə qarşı həssasdır.

"Gələcəkdə, pasiyentlərin pəhrizini dəyişməklə və ya dərman vasitəsilə şiş hüceyrələrinin müəyən qidalı maddələrə çıxışını bloklamaqla xəstələrin müalicəsini yaxşılaşdırmaq olar", - professor Hannon BBC-yə bildirirb.

Eyni zamanda ekspertlər qeyd edir ki, bu məsələyə dair aparılmış tədqiqatların nəticələri yoxlanmalıdır, xəstələrə isə öz pəhrizindən hansısa ərzaq növünu tamamilə xaric etmək məsləhət görülmür.

Alimlər xərçəng xəstələrinə pəhrizi müalicə həkiminin məsləhəti ilə seçməyi tövsiyə edirlər.

Bu barədə daha geniş