Britaniya mətbuatı: "Yeni hesabat: Dünya müharibəyə hazırlaşır"

China, army, global gemer Fotonun müəllifi Reuters
Image caption Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun baş direktoru deyir ki, Çinin artan hərbi qüdrəti onu Qərbin təqibçisindən qlobal müdafiə novatoruna çevirəcək

"The Independent" yazır ki, nüfuzlu analitik mərkəzlərdən birinin illik hesabatına görə Çin və Rusiya ABŞ və onun müttəfiqlərinin hərbi hegemonluğuna meydan oxuyurlar və Qərb bundan sonra özünün strateji üstünlüyünə arxayın ola bilməz.

"Dünya müharibəyə hazırlaşır"

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun (International Institute of Strategic Studies) Hərbi balans 2018 (The Military Balance 2018) adlı illik hesabatı xəbərdarlıq edir ki, böyük güclər arasında müharibə qaçılmaz olmasa da, Washington, Moskva və Pekin indi sistematik olaraq mümkün münaqişəyə hazırlaşırlar.

Hesabatda Çin rəhbərliyinin ölkənin silah cəbbəxanasını necə təkmilləşdirdiklərinin və genişləndirdiklərinin təfərrüatları açıqlanır.

Hərbi hava qüvvələrinə gəldikcə burada ən önəmli silah Chengdu J-20 döyüş təyyarəsi sayılır.

2020-ci ildə istismara buraxılacaq bu təyyarə o deməkdir ki, ABŞ-ın "görünməz" (stealth) təyyarələrin istehsalçısı kimi monopoliyasına son qoyulur.

Bu arada Çinin mənzili artırılmış PL-15 səma-səma raket sistemlərindən də söhbət gedir. Bu raket sisteminin elektron baxımından təkmil olan radarları olacaq. Belə bir silah çox az ölkənin arsenalında var.

Çin hərbi dəniz donanmasının təkmilləşdirilməsi sahəsində də çox işlər görə bilib.

Özünün 15 illik hərbi quruculuq proqramı çərçivəsində Çin - Yaponiya, Hindistan və Cənubi Koreyanın birlikdə istehsal etdiyindən daha çox keşikçi gəmiləri, eskadra minadaşıyanları, sualtı qayıqları tikib.

Təkcə son dörd ildə tikilmiş yeni döyüş gəmilərinin ümumi tonnajı bütün Fransa dəniz donanmasında olduğundan əhəmiyyətli həcmdə çoxdur.

Çinin özünün yeni tipli Type-055 kreyserini istifadəyə verməsi, onun dəniz donanmasının uzaq sahillərdə, o cümlədən Avropa sahillərində artan qüdrətindən xəbər verir.

Çinin Cibuti, Afrika buynuzundakı bazası Çinə uzaq məsafələrdə missiyalarını həyata keçirmək imkanı verəcək.

Fotonun müəllifi Getty Images
Image caption Çinin Cibuti, Afrika buynuzundakı bazası Çinə uzaq məsafələrdə missiyalarını həyata keçirmək imkanı verəcək.

Hesabatda deyilir ki, vəsait azlığı və başqa sənaye çətinlikləri Rusiya hərbiləşdirməsinin sürətini xeyli aşağı salıb. Lakin bunun əvəzində Rusiya Suriya və Ukrayna kimi yerlərdə real həyati təcrübə əldə edir. Moskva bu iki münaqişədə özünün hibrid müharibəsi aparmaq qabiliyyətini təsdiqləyib.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun baş direktoru, professor John Chipman deyib ki, Qərbin bəzi hökumətləri üstünlüyü saxlamaq üçün "sıçrayışlı tərəqqi" verən yeni texnologiyalara ümid edə bilərlər, amma bu, uğur üçün qarantiya vermir.

Professor deyir ki, Çinin inkişafda olan silahları və müdafiə texnologiyalarının tərəqqisi onu Qərbin təqibçisindən qlobal müdafiə novatoruna çevirəcək.

Qərb artıq qlobal müdafiə innovasiyalarının monopoliyasına və ya buna nail olmaq üçün vəsaitlərə malik deyil.

Lakin hesabat bunu da vurğulayır ki, Çin hərbi sahədə tam hegemona çevrilmək üçün həm də özünün təlim, doktrina və taktika sahələrini inkişaf etdirməli olacaq.

Fotonun müəllifi Getty Images
Image caption 30 yaşlı transgender qadın tarixdə ilk dəfə olaraq süni yolla yaradılmış laktasiyanın köməyi ilə uşağını əmizdirə bilib.

Kişilər də uşaq əmizdirə bilərlərmi?

"The Guardian" yazır ki, 30 yaşlı transgender qadın tarixdə ilk dəfə olaraq süni yolla yaradılmış laktasiyanın köməyi ilə uşağını əmizdirə bilib.

Həkimlər deyirlər ki, bu təcrübə "sadə, lakin funksional süni laktasiyanın" - südləndirmənin mümkün olduğunu sübut edib.

Bu hadisə barədə məqalə Transgender Health jurnalında dərc olunub.

New York-dakı Mount Sinai xəstəxanasından həkim Tamar Reisman deyib ki, "transgender təbabəti artıq adi bir təbabət sahəsinə çevrilir".

"Biz daha çox məlumat toplayır, daha çox reproduktiv nəticələr əldə edirik" -həkim deyib.

Transgender qadın həkimlərə müraciət edəndə onun yoldaşı 5 aylıq hamilə idi. O həkimlərə demişdi ki, yoldaşı uşağı döşündən əmizdirmək istəmir və buna görə də bu "yükü" o öz üzərinə götürmək istəyir.

Reisman və onun həkim həmkarı Zil Goldstein yazırlar ki, transgender qadın yuxusuzluqdan əzab çəkir, amma qalan məsələlərdə tam normaldır.

Məqalədə deyilir ki, pasient gələcək körpəni əmizdirə bilmək üçün 6 ay hormonal müalicə alsa da, nə cinsiyyətin, nə də döşlərin dəyişdirilməsi cərrahiyəsindən keçməyib.

ReismanGoldstein hamiləlik yaşamamış bu pasientə sisgender (özünü doğulduğu cinsə mənsub sayan) qadınlarda süni laktasiya yaradılması üçün istifadə edilən metodu tətbiq ediblər.

Pasientə verilən qadın hormonları progesteron və estradiolun dozası tədricən artırılıb, onun döşləri süd sorğacları ilə stimullaşdırılıb və süd vəzlərində südü artırmaq xüsusiyəti olan domperidon preparatı verilib.

Domperidon beynəlxalq aləmdə istifadə olunsa da, onu ABŞ-da təsdiq etməyiblər. Buna səbəb bu preparatın vena daxilinə vurulması nəticəsində infarkt və hətta ölüm hallarının baş verə bilməsidir.

Britaniyada isə bu dərmandan ürək bulanmasına qarşı istifadə olunur. Pasient bu dərmanı Kanadadan əldə etmişdi.

Reisman deyib ki, hormonlarla optimal müalicə domperidon olmadan da süni laktasiyanı mümkün edir. Pasientdə süd istehsalının atması üçün istifadə edilən sorğaclar süd hasil edən prolaktin hormonunun miqdarını təbii yolla artırmış olur.

Reisman bildirir ki, bundan əvvəl də transgender qadınların müstəqil olaraq süni döş südü yaratdıqlarına dair materiallar internetdə yayılıb, lakin belə bir prosedurun xəstəxana şəraitində sənədləşdirilməsi ilk dəfədir ki, baş verir.

Həkimlər bildirirlər ki, transgender kişilərin hamilə olması və uşaq əmizdirməsi kimi hallar da qeydə alınıb.

Reisman bildirib ki, bu təcrübə yeni suallar doğrurub. Məsələn, kişlər də uşaq əmizdirə bilərlərmi?

Boston Tibb Mərkəzindən bu təcrübədə iştirak etməyən endokrinoloq Joshua Safer "New Scientist" jurnalında dərc olunmuş məqaləsində bunu "çox böyük nailiyyət" adlandırır.

"Bir çox transgender qadınlar qeyri-transgender qadınların bir çox təcrübələrinə yiyələnməyə can atırlar. Buna görə də düşünürəm ki, sözü gedən metod çox populyar olacaq" - Safer deyib.