Alman hüquqşunasa saysız-hesabsız pizza göndərən kimdir? Polis araşdırır

Pizza - file pic Fotonun müəllifi AFP
Image caption Bir neçə pizza çatdırılma şirkəti internet üzərində cənab Grolle adına sifarişlər alıb

Bir almaniyalı hüquqşünasın ofisinə 100-dən çox pizza gəlib. Pizzaların heç birini sifariş edən özü deyil. Artıq polis araşdırmalara başlayıb.

Almaniya mediasının verdiyi məlumata əsasən, iki həftə ərzində ona gələn pizzalardan sonra, Guido Grolle indi də sifariş etmədiyi Currywurst (alman sosiskası) və suşilər alır.

Ölkənin qərbində yerləşən Dortmund şəhərində yaşayan hüquqşünas deyir ki, qapısına gələn çoxsaylı pizza sifarişlərindən təngə gəlib.

Sifarişləri edənin kimliyi müəyyənləşdiyi halda, həmin şəxs üç ilə qədər həbs oluna bilər.

Kiminsə şəxsi məlumatlarındən sui-istifadə edərək sifarişlər vermək, Almaniya qanunlarına görə təcavüz hesab olunur.

Bir mülahizəyə əsasən, internet sifarişləri hansısa narazı müştəri tərəfindən gələ bilər. Cənab Grolle-un işlədiyi ünvanda başqa hüquqşünaslar da işləyir.

Lakin fırıldaq və şantaj ehtimalı aşağıdır, çünki cənab Grolle sifariş etmədiyi pizzaların pulunu ödəmir və sifarişlər müxtəlif pizza şirkətləri üzərindən verilir.

Cənab Grolle, pizza sifarişlərinin sayına baxaraq kompüter xətası və ya hansısa zərərli kompüter kodu olması ehtimalını irəli sürüb.

Bir səhər 27 dəqiqə ərzində 15 pizza gəlib, deyə o bildirib və əlavə edib ki, öz kompüterindəki yoxlanışda heç bir şey aşkarlanmayıb.

Cənab Grolle işdən qabaq duş qəbul edərkən artıq nahar vaxtı üçün pizza sifarişləri gəlməyə başladığını söyləyib.

"İnsanın sinirlərinə toxunur, işləmək olmur," o, Ruhr Nachrichten xəbər səhifəsinə deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş