Britaniya mətbuatı: Sünnət olunub-olunmamaq qərarını oğlanların özləri qəbul edəcəklər?

sünnət, oğlan sünnəti, qadağa, İslandiya Fotonun müəllifi Getty Images
Image caption İslandiyada oğlan uşaqlarının sünnət olunması əleyhinə olan qanunun müzakirəsi böyük əks səda doğurub

"The Independent" yazır ki, İslandiyada kişi sünnətinin qadağan olunmasına dair millət vəkillərinin verdiyi təklif dini icma başçıları tərəfindən hiddətlə qarşılanıb.

Qanun layihəsi "cinsi orqanın qismən və ya bütövlükdə kəsilib çıxarılmasına" görə 6 il müddətinə həbsxana cəzası nəzərdə tutur.

İslandiya Müsəlman Assosiasiyasının sədri Salmann Tamimi bu təklifi "din üzərinə hücum" adlandırıb.

İslandiyada qız sünnəti 2005-ci ildən qadağan edilib, lakin oğlan uşaqlarının sünnətini tənzimləyən qanun hələ yoxdur.

Sünnəti oğlan uşaqlarının hüquqlarının "pozulması" adlandıran qanun bu prosedura yalnız "tibbi ehtiyac" olduqda icazə verir.

Qanunda deyilir ki, oğlan uşaqlarına sünnət olunub-olunmamaq qərarını həddi-büluğa çatdıqda özlərinin qəbul etmələrinə imkan vermək lazımdır.

"The Independent" yazır ki, kişi sünnəti dünyada ən geniş yayılmış cərrahiyyə əməliyyatlarından biridir və qlobal miqyasda indiyədək kişilərin 38 faizi bu əməliyyatdan keçib.

Eyni məlumat mənbəyinə görə, sünnət əməliyyatlarının tam yarısı dini məqsədlərlə həyata keçirilir.

Məqalədə bu da qeyd olunur ki, İslamda kişi sünnəti mübahisəli məsələ olaraq qalır. Bəzi müsəlmanlar onun məcburi olduğunu, bəziləri isə yalnız tövsiyə edildiyini deyirlər. Buna baxmayaraq, sünnət İslamda bayram kimi qeyd olunan ayinlərdən biri sayılır.

Yəhudilərdə oğlan uşaqlarının sünnət edilməsi dini əhəmiyyət kəsb edir və oğlanların böyük əksəriyyəti doğulandan sonra bir həftə müddətində sünnət olunur.

İslandiya yepiskopu Agnes M. Sigurdardottir təklif olunan qanunu tənqid edərək deyib ki, bu, müsəlmanların və yəhudilərin dini inanclarını kriminallaşdırır. O, əvəzində yalnız təhlükəli sünnət əməliyyatlarının qadağasına çağırır.

"The Independent" qəzetinə verdiyi bəyanatda baş yəhudi rahibi, Avropa Ravvinləri Konfransının prezidenti Pinchas Goldschmidt deyib ki, o, təklif olunmuş qanun layihəsindən "son dərəcə narahatdır".

"İslandiyadakı yəhudi icması azsaylı olsa da, biz bunun bütün Avropada yaradacağı presedentə və yəhudilərin öz dinlərinə açıq və sərbəst şəkildə ibadətində törədəcəyi təhlükələrə biganə qala bilmərik", -Goldsmith deyib.

Britaniyada yəhudi icmasının oğlanları sünnət etmək haqqının müdafiəsi ilə məşğul olan Milah UK təşkilatının sözçüsü deyib ki, "sünnət yəhudi kimliyinin müzakirəolunmaz elementidir". Sözçü bildirib ki, belə qadağa "yəhudi icmasının yaşamasını qeyri-mümkün edə bilər".

İslandiyada nə qədər yəhudinin yaşamasına dair rəsmi rəqəmlər olmasa da, Pew araşdırma mərkəzinin 2010-cu ilə olan məlumatına görə, yəhudilər əhalinin 0,1 faizini təşkil edirlər.

"Ölkədə hətta bir yəhudi olsa belə, onun kriminallaşdırılması çox pis olardı. İslandiyanın belə bir adı öz üzərinə götürməsi, yəni yəhudiləri istəmədiyini göstərməsi yaxşı deyil. Bu, İslandiyada yəhudilərin istənməməsinə bərabərdir", - Tamimi deyib.

"The Independent" yazır ki, bu qanun layihəsinin başlıca təşəbbüsçüsü Mütərəqqi Partiyadan millət vəkili Silja Dögg Gunnarsdóttir-dir.

"Düşünmürəm ki, bu qanunu qəbul etmək üçün kimdənsə məsləhət almalı idik. Bu, dini bir məsələ deyil, -millət vəkili deyib, - Yəhudilər İslandiyada ürəkləri istədiyi şəkildə yaşaya bilərlər. Burda söhbət uşaqların müdafiəsindən gedir. Bu hüquq əvvəl gəlir, hətta böyüklərin dini haqlarından da əvvəl gəlir".

Millət vəkili bunu da bildirib ki, istər qız, istərsə də oğlan, heç bir kəsin üzərində onun razılığı olmadan, lüzumsuz, geri döndərilməsi mümkün olmayan, bəzən də ziyanlı əməliyyat aparıla bilməz.

Xanım millət vəkili deyib ki, o, ölkədə qız uşaqlarının sünnətinə qadağa qoyulduğu halda, oğlan uşaqlarının sünnət edilməsinə qadağanın indiyədək olmamasından təəccüblənib.

"Bədən üzvləri müxtəlif, prosedurlar müxtəlifdir, lakin onların hər ikisi uşaq üçün ölümcül və ziyanlı ola bilər" - deputat deyib.

2013-cü ildə Nordik Uşaq Ombudsmanının uşaqlar və pediatrlar üçün qaydalarında deyilir ki, "şimal ölkələrində oğlan uşaqlarının sünnət edilməsi üçün heç bir tibbi zərurət yoxdur".

Bu sənəddə deyilir ki, sünnət fundamental tibbi-etik normalara ziddir.

Qaydaların dərcindən sonra İslandiyanın səhiyyə müəssisələrində işləyən həkimlər sünnət əməliyyatlarını dayandırıblar.

Xanım Gunnarsdóttir deyib ki, hətta sünnətdən bir adam üçün də təhlükə yaranarsa, bu, çoxdur.

Bəzi elmi araşdırmalarda qeyri-terapevtik sünnətin ağrılı və uzunmüddətli nəticələri olan prosedur olduğu qeyd olunsa da, başqaları onun səhhət üçün xeyrinin ziyanından çox olduğunu düşünürlər.

Cənab Tamimi deyib ki, o, sünnəti daha təhlükəsiz edəcək istənilən qanunvericiliyə tərəfdardır, lakin onun tam qadağan edilməsini qəbul etmir.

"Biz bunu qəbul etmirik" - müsəlman icma başçısı deyib.

"The Independent" yazır ki, qanun layihəsi İslandiya parlamentində hələlik yalnız bir dəfə müzakirə edilib və onun qanuna çevrilməsinə xeyli vaxt lazım gələ bilər.

Fotonun müəllifi Getty Images
Image caption Donald Trump-ın Çinə səfəri zamanı iki ölkə agentləri arasında əlbəyaxa dava-dalaş olub

Amerika və Çin agentləri arasında əlbəyaxa dava olub

Britaniya mətbuatından "The Guardian" yazır ki, ötən il prezident Donald Trump-ın Çinə səfəri zamanı Pekində ABŞ və Çinin xüsusi xidmət agentləri arasında əməlli-başlı əlbəyaxa dava-dalaş olub.

ABŞ-ın Axios xəbər portalında dərc olunmuş məlumatda deyilir ki, ABŞ prezidentinin Çin səfərinin birinci günündə böyük qanqaraçılıq baş verib.

Davanın düşməsinə səbəb Amerika prezidentinin "nüvə topu" şərti adını qazanmış nüvə çantasının Mao Tze Dun zəmanəsindən qalma Böyük Xalq Zalına gətirilməsi olub. ABŞ prezidenti qara dəridən olan bu çantanı daim öz yanında gəzdirir. Ölkənin strateji raketlərinin düymələri bu çantanın içərisində kodlanıb.

Trump Çin prezidenti Xi Jinping-lə məhz burada görüşürdü.

Bir neçə mənbəyə istinad edən Axios yazır ki, əvvəlcə Çin rəsmiləri nüvə çantasını daşıyan hərbi müşavirin qarşısını kəsiblər.

Bu vaxt Amerika rəsmilərindən biri qonşudakı otağa qaçaraq məsələni Prezident Administrasiyasının rəhbəri John Kelly-yə bildirib. Kelly otaqdan çıxaraq ABŞ rəsmilərinə heç kimə məhəl qoymadan yollarına davam etməyi tapşırıb.

Bundan sonra əlbəyaxa başlanıb. Bir Çin agenti Kelly-ni qamarlayıb, Kelly isə ona əllə danışmamaq xəbərdarlığı edib. Elə bu zaman Amerika xəfiyyələrindən biri Kelly ilə höcətləşən Çin rəsmisini yerə uzadıb.

Ara sakitləşdikdən sonra hər iki tərəfin rəsmiləri baş verənlərin elə oradaca qalması barədə razılığa gəliblər.

Bu xəbərin müəllifi Jonathan Swan yazır: "Mənə deyiblər ki, dava-dalaş vaxtı bir dəfə də olsun, heç bir çinlinin əli nüvə çantasına toxunmayıb. Mənə bunu da deyiblər ki, sonradan Çin təhlükəsizliyinin başçısı amerikalılardan anlaşılmazlığa görə üzr istəyib".

ABŞ məxfi xidmətinin rəsmiləri əvvəlcə bu xəbərləri saxta adlandırıblar, lakin sonradan etiraf ediblər ki, "bir balaca dartışma" yaranıb.

"The Guardian" yazır ki, bu, Amerika prezidentinin Çinə səfəri zamanı yaşanmış ilk "anlaşılmazlıq" deyil. Belə ki, 2016-cı ilin sentyabrında Pekin hava limanında prezident Barack Obamanın təyyarəsinə trap verilməsi yaddan çıxıb. Obama Airforce 1-in çox az istifadə olunan arxa qapısından enməli olub.

Jurnalistlər amerikalılarla çinlilər arasında təyyarənin yanında baş vermiş mübahisənin şahidi olublar. Bu vaxt Çin agentlərindən biri əsəbi halda qışqırırmış: "Bura bizim vətənimzidir, bizim aeroportumuzdur".

Washington-da mənzillənmiş Çin eksperti Bill Bishop deyib ki, xəbər tamamilə inandırıcıdır və Pekinin özünü dünya səhnəsində getdikcə daha özünəgüvənli apardığını göstərir.

Amma ekspert bunu da əlavə edib ki, "itələşmək" təhlükəsizlik agentlərinin tez-tez yol verdikləri hərəkətdir.

O bildirib ki, görünür, ABŞ tərəfi bu hadisənin çox da açıb-ağarmasını istəməyib, çünki Trump bu səfərə yüksək qiymət verirdi.

Meksikanın Çindəki keçmiş səfiri Jorge Guajardo isə xatırlayır ki, Çin təhlükəsizlik xidmətinin əməkdaşları xarici qonaqlarla belə dava-dalaşlara tez-tez düşür.

Çindən bu hadisəyə dair heç bir şərh alınmayıb.

"The Guardian" yazır ki, orada hamının başı Çin Yeni ilinə qarışıb.

Bu barədə daha geniş