Britaniya mətbuatı:"Seks eksperti" Nastya Rusiya-Trump əlaqələri haqqında nə bilir?

Fotonun müəllifi NASTYA RYBKA/INSTAGRAM
Image caption Əslən Belarusdan olan eskort xidməti işçisi Vaşukeviçin adı, o, Rusiya milyarderi Oleq Deripaska ilə baş nazirin müavini Sergey Prixodkonun yaxta gəzintisini görüntüləyən videonu öz sosial media səhifəsində yerləşdirəndən sonra məşhurlaşıb

"Seks eksperti" Nastya Rusiya-Trump əlaqələri haqqında nə bilir?"

"The Independent" yazır ki, Rusiyada son günlər sosial media paylaşmaları ilə siyasi qalmaqal yaratmış qadın, özünü seks eksperti kimi təqdim edən Anastasiya Vaşukeviç Taylandda saxlanıb.

Lakin indi o iddia edir ki, Rusiya rəsmiləri və ABŞ prezidenti Donald Trump-ın əlaqələrinə dair mühüm informasiyaya malikdir. Vaşukeviç müdafiə olunması üçün ABŞ-dan kömək istəyib.

Əslən Belarusdan olan eskort xidməti işçisi Vaşukeviçin adı, o, Rusiya milyarderi Oleq Deripaska ilə baş nazirin müavini Sergey Prixodkonun yaxta gəzintisini görüntüləyən videonu öz sosial media səhifəsində yerləşdirəndən sonra məşhurlaşıb.

Deripaska ilə intim münasibətləri olduğunu iddia edən Vaşukeviç daha çox "Nastya Rıbka" adı ilə məşhurdur. Deripaska vaxtilə Donald Trump-ın kampaniya meneceri olmuş Paul Manafortun xidmətlərindən istifadə edib.

Rıbka özünün son postunu Taylandda polis maşının içərisində olarkən göndərib.

Rıbka bu videoda iddia edir ki, o, Rusiyanın ABŞ seçkisinə müdaxiləsinin yeganə şahididir və Deripaska, Prixodko, Manafort və Trump zənciri barədə son dərəcə qiymətli informasiyaya malikdir.

Taylandın Pattaya kurortunda həbs edilmiş Anastasiya onu Rusiyadan müdafiə edəcək Avropa ölkəsinə və ya ABŞ-a çox mühüm informasiyanı verməyə hazır olduğunu bildirib.

Xanım Vaşukeviç öz video postunda bildirir ki, artıq ABŞ-ın NBC telekanalına müsahibə verib.

Ötən ay Rusiya müxalifətinin liderlərindən Aleksey Navalnı Vaşukeviçin Instagram hesabından götürdüyü videosüjeti yayınlayan reportaj hazırlamışdı. 2016-cı ildə çəkilmiş bu videoda Deripaska və Prixodkonun yaxtada söhbət etdikləri görünür.

Navalnı özünün reportajında belə bir mülahizə irəli sürür ki, Deripaska və Prixodko Kremllə Trump kampaniyasının arasındakı körpü ola bilərdilər.

"The Washington Post" qəzeti ötən il yazırdı ki, vaxtilə Deripaskanın tabeçiliyində işləmiş Manafort ona Trump kampaniyası barədə vaxtaşırı hesabat verərmiş . Cənab Deripaskanın nümayəndəsi bu iddiaları rədd edib.

Navalnını "siyasi əzvay" adlandıran Prixodko deyib ki, onun araşdırmaları "mümkünlə qeyri-mümkünün cəfəng qarışığıdır". Deripaska isə bildirib ki, Navalnının iddiaları əsassızdır. Milyarder habelə onun şəxsi sirlərini yaydığına görə Vaşukeviçi məhkəməyə verib. Rusiya məhkəməsi bir sıra fotoların Instagram-dan çıxarılması barədə hökm verib.

Vaşukeviç özünün Instagram hesabından yazır ki, Navalnının videosu internetə qoyulanda o, Dubayda olub və oradan Taylandın Pattaya kurortuna səfər edib. Ötən bazar günü Rusiya mediası Vaşukeviçin Taylandda "seks seminarında" iştirak edən bir neçə rusiyalı ilə birlikdə saxlandığını xəbər verib. Bu seminarın iştirakçıları 5 günlük məşğələ üçün 600 dollar ödəmişdilər.

Tayland mediası həbs olunanlardan bəzilərinin bu ölkəyə vizasız gəldiklərini bildirir.

Yerli telekanallardan biri sual verib: "Görəsən, onlar bu kursu keçmək üçün niyə Taylandı seçiblər?"

Rusiyanın Taylanddakı konsulu Vladimir Sosnov RIA xəbər agentliyinə deyib ki, xanım Vaşukeviç və başqaları "qanunsuz təlim kursu" keçirdiklərinə görə saxlanıblar.

Lakin Vaşukeviç iddia edir ki, onu Rusiya rəsmiləri həbs etdiriblər və Deripaska-Prixodko videosunun qisasını almaq istəyirlər.

Rıbka yazır ki, onu Rusiyaya deportasiya etmək istəyirlər və o, orada həbs olunacaq.

"ABŞ, xahiş edirik, bizi Rusiyadan xilas et. Bütün bunlar siyasi reopressiyadır" -Vaşukeviç özünün Instagram hesabından yazıb.

Fotonun müəllifi Getty Images
Image caption Amerika Rusiya ilə kosmos müharibəsinə hazırlaşır?

Amerika Rusiya ilə kosmos müharibəsinə hazırlaşır?

"The Mail" qəzeti yazır ki, Rusiya düşmənin peyklərini kosmik orbitdə vurmaq üçün qüdrətli lazer silahı istehsal edib.

Məqalədə deyilir ki, bu silahlar təyyarələrdə yerləşdirilməklə anti-radar sisteminin tərkib hissəsi olacaq.

Bu xəbərlərdən az əvvəl ABŞ Hərbi Hava Donanmasının komandanı bəyan etmişdi ki, superdövlətlər arasında kosmik müharibələr "bir neçə ilin içində" baş verə bilər.

Rusiyanın Interfax xəbər agentliyi anonim mənbəyə istinadən yazır ki, Almaz-Antey silah zavodu antipeyk sistemlərinin istehsalını başa çatdırıb.

Bu sistemə təyyarələrdə yerləşdirilmiş lazer silahı, habelə yerlə rabitədə olan radar daxildir.

Mənbə bildirib ki, lazer silahı indiyədək naməlum olan yeni təyyarələrə qoyulacaq.

"The Mail" yazır ki, bu iddialar müstəqil mənbələrlə tutuşdurulmayıb, lakin Moskvada yerləşən Almaz-Antey şirkətinin antipeyk silahı üzərində işlədiyi məlumdur.

Ötən apreldə Almaz-Antey şirkətinin baş konstruktoru Pavel Sozinov Rusiyanın RIA Novosti agentliyinə demişdi ki, müəssisə "orbitdəki düşmən elementlərə elektron qaydada müdaxiə edib onları sıradan çıxaran silahlar" hazırlayır.

O, bunu da bildirmişdi ki, bu silahın istehsalı üçün sifariş ölkənin siyasi rəhbərliyindən alınıb.

Ekspertlər deyirlər ki, antipeyk silahları hazırda Rusiya rəhbərliyi üçün prioritet silahlar sayılır.

Donanma Təhlilləri Mərkəzinin eksperti Samuel Bendett DefenseOne saytına deyib ki, Rusiya potensial qarşıdurma şəraitində Amerika peyklərini özü üçün ciddi təhlükə hesab edir.

"Rusiya kosmosdakı ABŞ texnologiyalarına qarşı silahlar üzərində fəal şəkildə işləyir. Bu silahlar yüzlərlə kilometr yüksəkliyə atılmaq üçün hazırlanır" -Bendett deyib.

O, həmçinin bildirib ki, Rusiyanın lazer texnologiyaları ABŞ və Çinin müvafiq texnologiyalarından geridə qalmır.

Hazırda yüksək məkanlarda fəaliyyət göstərə bilən dron texnologiyası dünya hərbiyyələrinin proqramlarında əsas yeri tutur.

Bundan çıxış edən bir çox ekspertlər deyirlər ki, yaxın gələcəkdə kosmos müharibələr üçün əsas məkan olacaq.

ABŞ Hərbi Hava Donanmasının komandanı general David Goldfein deyib ki, superdövlətlər "bir neçə ilin içərisində" kosmos müharibələri aparmağa qabil olacaq.

Onun fikrincə, məhz buna görə də ABŞ orbitdə vuruşa bilmək üçün yeni texnologiyaların hazırlanmasına, xüsusi təlimlərə başlamalıdır. General deyib ki, bu iş milyardlarla dollar vəsait tələb edəcək.

Bununla yanaşı general Goldfein deyib ki, ABŞ hərbiyyəsi Yer kürəsində olduğu kimi kosmosda da birinciliyə nail olmalıdır.

Generalın fikrincə, hazırda ABŞ Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı kifayət qədər yüksəkdir.

"Mən inanıram ki, biz bir neçə ilə kosmosda döyüşməli olacağıq" - general deyib.

Bu barədə daha geniş