Ərəb dünyasında çox məşhur türk seriallarının yayımına qadağa qoyulub. Səbəb nədir?

Vatanım Sensin Fotonun müəllifi KANALD.COM.TR
Image caption "Vatanım Sensin" serialı da Ərəb dünyasında yayımdan qaldırılmış seriallardan biri olub.

Ərəb dilidə yaymlanan, dünyanın irəlidə gedən media qruplarından biri olan və Dubayda mənzillənən MBC-nin nəzdində fəaliyyət göstərən bütün kanallarda türk seriallarının nümayişi dayandırılmağa başlanıb.

Birləşmiş Ərəb Əmirliklərində nəşr edilən The National ingilisdilli qəzetinin yaydığı məlumata görə, MBC, nəzdində fəaliyyət göstərən bütün kanallara təlimat göndərərək ikinci bir göstəriş verilənə qədər türk seriallarının nümayişini dayandırmağı tələb edib.

Xəbərdə "qəfil" olduğu bildirilən bu qərarın arxasında dayanan səbəblərin hələlik bilinmədiyi vurğulanıb.

MBC Group-un nümayəndəsi Mazen Hayek The National-a verdiyi açıqlamada qərarı təsdiqləyib, ancaq bu qərarın səbəbi və ya kim tərəfindən verildiyinə dair hər hansı bir məlumat açıqlamayıb.

Hayek "MBC də daxil olmaqla, bir çox ərəb ölkəsində türk seriallarının nümayişinin dayandırılması istiqamətində bəzi media qruplarını maraqlandıran bir qərar qəbul edilib" deyib.

Hayek qərarın cümə günü, martın 2-də verildiyini də sözlərinə əlavə edib.

The National-ın xəbərində bu günə qədər aralarında "Vatanım Sensin" serialının da olduğu altı serialın bu qərar çərçivəsində yayımdan çıxarıldığı bildirilib.

Lakin Dubai TV-nin həftəlik proqramında Kösem Sultan serialının adı hələ də qalmaqdadır.

MBC nümayəndəsi Hayek verilən qərarın onlar üçün "daha keyfiyyətli xüsusi ərəb serialları yaratmaq" fürsəti təqdim edə biləcəyini vurğulayıb.

MBC Group 1991-ci ildə Londonda peykdən ərəb dilində yayımlanan ilk özəl televiziya kanalı olaraq yaradılıb. Əsas mərkəzini 2002-ci ildə Dubaya köçürən MBC-nin nəzdində 11 kanal fəaliyyət göstərir.

Şirkətin səhmdarlarının kim olduğu məlum deyil, ancaq aralarında Səudiyyə Ərəbistanının kral ailəsi üzvlərinin olduğu da ifadə edilib.

Sürətlə populyarlaşan türk serialları Ərəb dünyasına 2008-ci ildə Gümüş serialı ilə daxil olub. Serialın son bölümünü Mərakeşdən tutmuş Ərəb Körfəzinədək ərazilərdə yaşayan 80 milyon insan izləyib.

2011-ci ildə isə Ezel serialı ərəblərin o qədər marağına səbəb olub ki, aktyorlar serialın ilk buraxılışı üçün Dubaya getməli olub.

Daha sonra populyarlığı Ərəb dünyasında Kara Sevda və Rüya serialları qoruyub saxlayıb.

Bu barədə daha geniş