Britaniya mətbuatı: Qısqanclığın öhdəsindən gəlmək üçün alim məsləhəti

Fotonun müəllifi Getty Images

"The Guardian" İranla ABŞ arasındakı münasibətlərdən, bu münasibətlərdə Avropanın tutduğu mövqeyə İranın yanaşmasından yazıb. "The Independent" isə professor Robert L Leahy-nin "Qısqanclıqdan müalicə" kitabına diqqət ayırıb. Professor kitabında yazır ki, "qısqanclıq təkcə yana baxan göz deyildir və çox vaxt qısqanan şəxsin öz daxili keyfiyyətlərindən qidalanır", qəzetin hazırladığı məqalədə deyilir..

Fotonun müəllifi Getty Images
Image caption İran Avropanı "Trump-ın nazı ilə oynamaqda" ittiham edir

İran Avropanı "Trump-ın nazı ilə oynamaqda" ittiham edir

"The Guardian" yazır ki, İranın xarici işlər naziri Avropanı "Donald Trump-ın nazı ilə oynamaqda" və qılığına girməyə çalışmaqda ittiham edib.

Məhəmməd Cavad Zərif bu fikirlərini Tehranda fransalı həmkarı Jean-Yves Le Drian ilə görüşməzdən əvvəl bir qəzetə verdiyi müsahibədə ifadə edib.

Zərif bu müsahibədə Avropa ölkələrini Washington-un təzyiqlərinə boyun əyməkdə ittiham edib və deyib ki, İranın raket proqramı və ya Yaxın Şərqdəki rolu barədə ifadə edilən narahatlıqlar "riyakar və təhklükəlidir".

"ABŞ-ı İran nüvə sazişində saxlamaq naminə Avropa ölkələri ifrata varırlar. Biz bu məsələyə biganə qala bilmərik -İran xarıcı işlər naziri "Etemaad" qəzetinə deyib, - Avropa bunun peşmançılığını çəkəcək".

Trump ötən il İranın nüvə sazişinə əməl etdiyinə dair şəhadətnaməni imzalamaqdan imtina etsə də, hələlik ABŞ-ı bu razılaşmadan çıxarmayıb.

Ötən yanvarda o, İrana qarşı sanksiyaları donmuş vəziyyətdə saxlayıb, amma bildirib ki, bu, Tehrana verilən "son şansdır". Prezident mövcud qaydalara görə ABŞ Konqresinin tələbi ilə irəli sürülmüş sanksiyaları hər 120 gündən bir dondura bilər.

ABŞ prezidenti habelə Avropa müttəfiqlərini İranla nüvə sazişindəki "əhəmiyyətli qüsurları" aradan qaldırmağa çağırıb.

O deyib ki, Avropa müttəfiqləri onun bu tələbini yerinə yetirməsə, o, bundan sonra Tehrana qarşı sanksiyaların qarşısını kəsməyəcək.

Öz növbəsində İran özünün raket proqramının bu sazişə heç bir aidiyyəti olmadığını və nüvə sazişinə düzəliş edilməsi ilə razılaşmayacağını bildirib.

"Hazırda iki qrup nüvə sazişini pozub. Bunlardan biri Birləşmiş Ştatlar, digəri isə Avropadır. Amerikalılar bunu Washington-nun, Avropalılar isə ABŞ-ın siyasətinə görə edirlər," -Məhəmməd Cavad Zərif deyib.

Nüvə proqramı ilə bağlı bütün sanksiyalar İranın üzərindən qaldırılsa da, Tehran bundan mənfəət görə bilmir. Çünki ABŞ-dan çəkinən böyük Avropa bankları İranla iş görməkdən ehtiyat edirlər.

Bankların belə çəkingən siyasəti İrana xarici investisiyaların gəlməsinin qarşısını alır. Məsələn, İranın Londondakı səfirliyi Britaniyada bank hesabı açmaqda çətinliklərlə üzləşib.

Münhen hava limanında Zərifin təyyarəsinə yanacaq doldurmaqdan imtina olunub. Halbuki o, ötən ay bu şəhərə mühüm təhlükəsizlik konfransında iştirak üçün gəlmişdi.

Örtən bazar ertəsi Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukia Amano bildirib ki, İran nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməkdə davam edir.

O əlavə edib ki, nüvə sazişinin iflası böyük qlobal itki olardı.

Zərifin bu müsahibəsindən bir gün əvvəl fransız mediasına müsahibə verən Le Drian xəbərdarlıq etmişdi ki, İran raket proqramının müzakirəsindən imtina edərsə, özünü yeni snksiyalara məruz qoya bilər.

Buna görə də bir qrup sərt xətt-hərəkət tərəfdarı Tehran hava limanına gələrək fransalı nazirə etirazlarını bildirmişdi.

"Fransız xarici işlər naziri Tehrana səfərindən əvvəl İran xalqını təhqir etməkdən çəkinməyib" - mühafizəkar "Keyhan" qəzeti yazıb. "Cavan" qəzetindəki sərlövhələrdən biri isə belə idi: "Trump-ın parisli nökəri Tehrana gəlib".

IranPoll analitik mərkəzinin Maryland Universiteti ilə birlikdə apardığı rəy sorğusunun nəticələrinə görə, iranlıların 92 faizi ABŞ-ın münasibətlərin normallaşmasına mane olduğunu düşünür. Rəyi soruşulanların 58 faizi isə bildirib ki, İran belə münasibətə cavab olaraq özünün nüvə proqramının bəzi aspektlərinin işini bərpa etməlidir.

Fotonun müəllifi JEFF J MİTCHELL/GETTY IMAGES
Image caption "The Independent" qısqanclığa həsr edilmiş məqaləsində yazır ki, "bu yaşıl gözlü cin" baş qaldıranda sevgi münasibətlərini tamamilə alt-üst edə bilər.

Qısqanclıq hissi ilə necə bacarmalı?

"The Independent" qısqanclığa həsr edilmiş məqaləsində yazır ki, "bu yaşıl gözlü cin" baş qaldıranda sevgi münasibətlərini tamamilə alt-üst edə bilər.

Amma psixoloqlar bu qənaətdədirlər ki, romantik münasibətlərdə qısqanclıq həm sui-qəsdçi, həm də xilaskar rolunu oynaya bilər. Hər şey bu hissin necə, harda və nəyə görə baş qaldırmasından asılıdır.

Professor Robert L Leahy özünün "Qısqanclıqdan müalicə" kitabında yazır ki, qısqanclıq təkcə yana baxan göz deyildir və çox vaxt qısqanan şəxsin öz daxili keyfiyyətlərindən qidalanır.

"Qısqanclıqda söhbət həmişə üç nəfərdən gedir, - professor deyir, - Ya münasibətdə olanlardan biri üçüncü tərəflə maraqlanır, ya da bu üçüncü tərəf, artıq münasibətdə olan birisinə maraq göstərir. Amma bəzən bunun hər ikisi birdən olur".

Leahy romantik qısqanclığı "seksual qısqanclıq" və "emosional qısqanclıq" olaraq iki kateqoriyaya ayırır.

Professor qeyd edir ki, kişilər daha çox ikinci, qadınlar isə birinci kateqoriyadan təsirlənirlər.

Cənab Leahy "The Independent" qəzetinə deyib ki, hansı kateqoriyadan olmasına baxmayaraq, qısqanclıq münasibətlərin möhkəm olmamasından xəbər verir.

Münasibətlərin kövrəkliyinə səbəb isə gözləntilərin qeyri-müəyyənliyi, əvvəllər atılmaq və ya xəyanətə məruz qalmaq kimi təcrübələrin mövcudluğudur.

Amma ən təəccüblüsü budur ki, romantik qısqanclığın mənbəyi xarici faktorlar yox, insanın özünün daxili aləmidir.

Professor deyir ki, bəzən insanın qısqanclığı onun özünə həddən çox qiymət verməsindən və bu səbəbdən də özünə qarşı hər hansı xətanın yolverilməz olduğunu düşünməsindən irəli gələ bilər.

Amma heç də bütün qısqanclıqlar göz yaşlarına səbəb olmur.

Professor deyir ki, az və ya mötədil dozada qısqanclıq iki nəfər arasında bağlantının, sədaqətin və hətta sevginin göstəricisi ola bilər.

"Bəzən belə də olur ki, adamlar sevdikləri şəxsi yoxlamaq üçün qəsdən qısqandırmağa çalışırlar. Bu, aşağı dozalarda normal bir haldır" -psixoloq deyir.

"Təsəvvür edin ki, partnyorunuz sizə deyir: sən başqaları ilə yatsan da vecimə olmaz". Əlbəttə, belə bəyanatı verənin sizi sevdiyini necə düşünə bilərsiniz?"

Lakin Leahy deyir ki, qısqanclığın əsas səbəbi "partnyoru başqa birisi ilə seks zamanı təsəvvürə gətriməkdir.

Bu həm kişilər, həm də qadınlar üçün dəhşətli təsəvvürdür.

Elə isə qısqanclığın öhdəsindən necə gəlmək olar? Professor Leahy bunun üçün beş bənddən ibarət məsləhət verir:

Birincisi, qısqanclığı müəyyən edin və normallaşdırın. Etiraf edin ki, bu, çox ağır hissdir, amma eyni zamanda bəşəri duyğudur. Yəni bu dünyada qısqanan təkcə siz deyilsiniz.

İkincisi, çalışın ki, qısqanclığın idarə etdiyi davranışlardan xilas olasınız. İstintaqa, dindirməyə, axtarış və yoxlamaya son qoyun. Çünki bu işlərlə çox məşğul olduqca, daha çox qısqanacaqsınız.

Üşüncüsü, qısqanc duyğularınız üçün müəyyən vaxt ayırın. Mən buna qısqanmaq vaxtı deyərdim. Beyninizə gələn fikriləri bir vərəğə yazın. Bu fikirlərə hər gün 20 dəqiqə vaxt ayırın.

Dördüncüsü, çalışın ki, bu barədə partnyorunuzla ortaq məxrəcə gələ biləsiniz. Yəni nəyi etmək olar, nəyi isə olmaz. Məsələn, arvadınızın keçmiş əri ilə şam yeməyinə getməsi çox dəhşətli qısqanclıq yarada bilər. Yəni ikinizin arasında belə qarşılıqlı qaydalar yaradın.

Beşincisi, nəhayət beyninizdə həmişə belə bir fikri də saxlayın ki, dünya bu münasibətlərin üstündə qurulmayıb və bu münasibətlər davam etməyə də bilər. Çünki ən yaxşı münasibətlərdən əvvəl də, sonra da münasibətlər olub və var.

Bu barədə daha geniş