Britaniya mətbuatı: "Türklər və kürdlər bir ola bilsəydilər…"

Zeytun budağı əməliyyatında iştirak edən Türkiyə hərbçiləri Fotonun müəllifi Getty Images
Image caption Zeytun budağı əməliyyatında iştirak edən Türkiyə hərbçiləri

Tanınmış jurnalist David Gardner "Financial Times" qəzetində yazır ki, BMT Təhlükəsizlik Şurasının Suriyada atəşkəsə dair qəbul etdiyi qətnamə bundan əvvəlki qətnamədən heç də kəsərli olmayıb.

Buna səbəb heç də təkcə prezident Əsədin Dəməşq yaxınlığındakı Qutada qiyamçıları bombardman etməsi deyil. Türkiyənin Suriyanın şimal-qərbindəki kürd qüvvələrinə qarşı hücumu 7 illik münaqişədə yeni cəbhənin açılmasına səbəb olub.

Gardner yazır ki, "sürrealistcəsinə "Zeytun budağı" adlandırılmış bu əməliyyat Türkiyənin daxilində çox populyardır. Bu, prezident Recep Tayyip Erdoğana millətçiliyi şahə qaldırmaq və bəzi şayiələrə görə erkən keçiriləcək seçkidə özünün "bir kişinin hakimiyyəti" sistemini möhkəmləndirmək üçün lazımdır".

Birinci dəfə deyil ki, Türkiyənin Suriya kürdlərinin YPG - xalq müdafiə birliklərinə qarşı hücumu Ankara ilə onun NATO müttəfiqləri arasında ixtilafa səbəb olur. Bu, xüsusilə də özünü İslam Dövləti adlandıran qruplaşmanın cihadçılığına qarşı mübarizədə YPG-ni müttəfiq sayan ABŞ-a aiddir.

Türkiyənin istər ölkənin daxilindəki və istərsə də Suriya, İraq və İrandakı dövlətsiz kürdlərlə tarixən "zəhərli münasibətləri" olub və bu, Ankaraya Avropa İttifaqı ilə münasibətlərdə də çətinliklər yaradır.

Gardner yazır ki, Türkiyənin Suriyada əsas məqsədi özünüidarəsi olan və kürdlərin Rojava adlandırdıqları ərazini zəif salmaqdır. Burada YPG və onun siyasi qanadı olan PYD özünüidarəyə malikdirlər. Ankara YPG və PYD-ni 30 ildir ki, mübarizədə olduğu PKK-nın bir qolu hesab edir.

Gardner yazır ki, 5 il əvvəl indiki ilə müqayisədə daha praqmatik olan Erdoğan Türkiyədəki və onun sərhədləri ətrafındakı kürdlərlə ünsiyyətdə idi. O vaxt üçüncü müddətə baş nazir seçilmiş Erdoğan hələ özünü rusiyalı müttəfiqi Vladimir Putin kimi aparmırdı.

Fotonun müəllifi DELIL SOULEIMAN/AFP/GETTY IMAGES
Image caption Şimali Suriyada YPG ilə birgə əməliyyatda iştirak edən ABŞ xüsusi qüvvələri (25 may 2016)

O vaxt onun siyasi İslamdan pöhrələnmiş partiyasını, müsəlman dünyasında, Avropada xristian-demokratların nüfuzu kimi bir nüfuza malik təşkilat hesab edirdilər. Belə görünürdü ki, Erdoğanın kürd siyasəti əsası Mustafa Kemal Atatürk tərəfindən qoyulmuş Yakobin mərkəzçiliyindən tamamilə fərqlidir. PKK qiyamçıları ilə Erdoğan qədər yaxından danışıqlara gedən ikinci bir Türkiyə lideri olmamışdı. Bütün bunlar İraqın və Suriyanın şimalındakı kürdləri Türkiyənin nüfuz dairəsinə çəkib gətirmişdi.

Bu çox riskli, lakin cəsarətli ideya idi: sərhədin iki tərəfindəki Böyük Kürdüstanı - firavan sünni "türkosferinə" bağlamaq və bununla da iki milləti Tehranın Bağdaddan Beyrutadək qurduğu şiə oxuna qarşı duran bir dövlətdə birləşdirmək. İndi İranın qurduğu qurşaq daha qüdrətli görünür.

Bundan sonra Ankara İraqın şimalındakı kürdlərin özünüidarədən müstəqilliyə keçməsinə qarşı çıxıb. Lakin İraq kürdlərini qətiyyətli şəkildə ikiyə bölən İranın intriqaları olub. Bunun ardınca Tehrana müttəfiq şiə qüvvələr Kərkük kimi neftlə zəngin, amma mübahisəli əraziyə nəzarəti ələ alıblar.

Gardner yazır ki, İran tərəfindən dəstəklənən Əsəd rejimi Türkiyənin Afrində kürdlərə qarşı hücumundan da faydalar çıxarır. Bu ona Suriyanın şimal-qərbində itirdiyi torpaqları yenidən ələ keçirmək imkanı yaradır. Fransız politoloq Fabrice Balanche deyib ki, ötən payızda YPG İD-i Raqqadan çıxarandan sonra bu əraziyə Bağdad və Dəməşqlə yanaşı Tehran da qayıdıb.

Fotonun müəllifi GETTY IMAGES
Image caption Türkiyə hərbi qüvvələri Suriyalı qiyamçı qüvvələrlə birlikdə Afrində YPG-yə qarşı vuruşur (Zeytun budağı əməliyyatı)

Gardner hesab edir ki, əgər Türkiyə kürdlərlə münasibətlərini davam etdirsəydi, indi daha möhkəm mövqedə olardı. Bunun əvəzində Türkiyə 2013-cü ildə kütləvi etirazlardan tutmuş 2016-cı ildə çevriliş cəhdinədək neçə çətinliklərlə üzləşib. Belə görünür ki, Erdoğan kürdlərin yaşadığı ucqarların ona seçki səslərini qazanmaqda mane olduğu barədə qənaətə də 2015-ci ildə gəlibmiş. O həmin ilin iyununda keçirilən seçkidə itirdiyi səsləri, yalnız PKK ilə müharibəni bərpa edəndən sonra, noyabrda keçirilmiş səsvermədə qaytara bilmişdi.

PYD-nin lideri Salih Muslim bu yaxınlarda Al-Monitor saytına verdiyi müsahibədə demişdi ki, "əgər Türkiyə kürdlərlə işləsəydi, indi Yaxın Şərqin ən qüdrətli dövləti olardı…"

Gardner yazır: "Görəsən, bu ideyanı yenidən dirçəltmək gec deyil ki? Bəlkə də. Cənab Erdoğanın türk millətçiliyinin canavarlarına qanlı ətlər atdığı bir vaxtda bu ideya ağlabatan görünmür. Bir vaxtlar AKP bütün regionda populyar olarkən onu İslam və demokratiyanı birləşdirə bildiyinə görə təqdir edirdilər. Daha sonra kürdlərin, xüsusilə də onların qadınlarının İD-ə qarşı mərd-mərdanə vuruşmasını beynəlxalq aləm alqışladı. Türklər və kürdlər çox qüdrətli birlik ola bilərdilər. Hələ də ola bilərlər. İranın Türkiyənin hesabına yüksəlişi bunun belə olduğunu bir daha göstərir".

Fotonun müəllifi AFP/Getty
Image caption Adam anasına neçə dəfə "can" deməlidir?

Rəy sorğusu: Adam anasına neçə dəfə "can" deməlidir?

"The Independent" yazır ki, Britaniyada aparılmış yeni rəy sorğusu övladların öz analarına ayda orta hesabla 12 dəfə "səni sevirəm" dediyini göstərib.

2000 valideyn arasında aparılmış rəy sorğusundan məlum olub ki, onlar övladları ilə görüş zamanı üzbəüz "sevirəm" sözünü 5 dəfə eşidiblər, bunun daha beş dəfəsində isə uşaqlar eyni sözləri SMS və WhatsApp-da yazıblar.

Bunlardan əlavə övladlar analarına iki dəfə də sosial mediada və açıqca göndərməklə sevgi bildiriblər.

Rəy sorğiusu göstərib ki, analarına öz hisslərini bildirmək üçün yeni texnologiyalardan daha çox gənclər istifadə edirlər. 18-34 yaş arasında olanların 38 faizi SMS-lərdən, 29 faizi isə sosial mediadan istifadə edib.

Lakin rəyi soruşulanların 15 faizi "üç sözdən ibarət cümləni" heç heç vaxt işlətmədiklərini, 14 faizi isə analarına heç vaxt üzbəüz onları sevdiklərini demədiklərini bildirib.

Bununla belə sorğuda iştirak edən hər on nəfərdən dördü etiraf edib ki, analarına kifayət qədər nəvazişli sözlər demirlər.

Hər 10 nəfərdən 6-sı bildirib ki, əslində hisslərini anaları ilə daha çox paylaşmalıdırlar.

Analarına kifayət qədər sevgi ifadə etmədiklərinə görə qadınların 51 faizinin xəcalət çəkdiyi məlum olub.

Kişilərin yalnız 41 faizi nəvazişli sözlərə xəsislik etdiklərindən narazılıq bildirib.

Rəyi soruşulan yetkin yaşlıların 45 faizi hesab edir ki, analarına "mən səni sevirəm" cümləsini daha tez-tez deməlidirlər. Respondentlərin 35 faizi analarına kifayət qədər təşəkkür etmədiklərini düşünür.

Rəyi soruşulan qadınların 25 faizi bildirib ki, analarını daha çox qucaqlamalı olduqlarını düşünürlər. Bu rəqəm kişilərin arsında yalnız 14 faiz olub.

Bu sorğunu PizzaExpress şirkətinin sifarişi ilə OnePoll.com saytı aparıb.

Sorğu göstərib ki, adamların 58 faizi analarının qədrini lazımınca bilmədiklərini düşünür.

Respondentlərin 25 faizi 13-16 yaşlarında ikən analarına daha az qiymət verdiklərini etiraf edib.

Rəy sorğusu, habelə bizim analarımıza nə deməli olduğumuzu düşündüyümüzü də faizlərə bölüb:

1. Mən səni sevirəm (45 faiz düşünür ki, məhz bu cümləni demək lazımdır)

2. Çox sağ ol (35 faiz)

3. Sən dünyada ən yaxşı anasan (25 faiz)

4. Qoy səni qucaqlayım (19 faiz)

5. Məni bağışla (18 faiz)

Bu barədə daha geniş