Britaniya mətbuatı: "Erdoğan Afrini kürdlərdən alıb ərəblərə verəcəyini deyir"

Afrin, Tükiyə, hərbi əməliyyatlar, bordo bərəlilər Fotonun müəllifi AFP
Image caption Türkiyə qoşunları və onlara müttəfiq Suriya qiyamçıları 700 minlik əhalisi olan Afrini tezliklə tam blokadaya alacaq

"The Telegraph" yazır ki, Türkiyə prezidenti Suriyanın Afrin anklavındakı mülki əhaliyə çıxış üçün "təhlükəsiz dəhliz" verildiyini bildirib.

Recep Tayyip Erdoğan deyib ki, Türkiyə qoşunları və onlara müttəfiq Suriya qiyamçıları 700 minlik əhalisi olan Afrini tezliklə tam blokadaya alacaq.

"Bütün lazımi tədbirlər görülüb. Hazırda ilk mülki şəxslər maşınlarla xüsusi dəhliz vasitəsilə çıxarılır" - prezident deyib.

Xəbər verilir ki, hazırda Afrindən çıxış üçün yeganə yol bombardman edilir.

Kürdlərin YPG qüvvələrinin nəzarətində olan Afrin şimaldan Türkiyə, cənubdan isə Suriya hökumətinin nəzarət etdiyi ərazilərlə həmsərhəddir.

Bu da xəbər verilir ki, Türkiyə qüvvələrinin zərbələri nəticəsində Afrinin cənub ətrafında onadək Suriya hökumət döyüşçüsü öldürülüb.

Bundan sonra Türkiyə qoşunlarının mövqeləri atəşə tutulub. Məqalədə deyilir ki, tərəflərin son hücum əməliyyatları Türkiyə qoşunları ilə Əsəd qüvvələrini birbaşa üz-üzə qoyur.

"The Telegraph" yazır ki, Türkiyə qoşunları indiyədək Afrinin kənd yerlərini ələ keçiriblər, amma əhalinin sıx yaşadığı əraziyə hücum mülki sakinlər arasında itkiləri xeyli artıra bilər.

Fotonun müəllifi AFP
Image caption Beynəlxalq Qırmızı Xaç bildirir ki, Afrindən dinc əhalinin hər hansı evakuasiyası yalnız humanitar qaydalar əsasında həyata keçirilə bilər

Afrinə hücum ərazidə minlərlə köçkünün yığılmasına, ərzaq və su çatışmazlığına səbəb olub.

Yerli sakin Azad Məhəmməd deyir ki, o, bir-iki çörək almaq üçün 8 saat gözləməli olub və axırda evinə əliboş qayıdıb.

Türkiyə qoşunları əsas su bəndini ələ keçirdikdən sonra Afrinin su təchizatı kəsilib.

Beynəlxalq Qırmızı Xaç bildirir ki, Afrindən dinc əhalinin hər hansı evakuasiyası yalnız humanitar qaydalar əsasında həyata keçirilə bilər.

Türkiyə "Zeytun budağı" kod adlı əməliyyata Afrini kürd YPG qüvvələrindən təmizləmək üçün başlayıb.

Erdoğan bundan əvvəl bildirmişdi ki, hazırda Türkiyə ərazisində olan 3 milyonadək qaçqın Afrində məskunlaşdırıla bilər, çünki "bu, qanuni ərəb torpaqlarıdır".

2011-ci ildə Suriya münaqişəsi başlanandan bəri kürd YPG qüvvələri ölkənin şimalında üç muxtar bölgə yaradıblar. Bunlara müharibədən əvvəl əhalisinin əksəriyyətini kürdlərin təşkil etdiyi Afrin də daxildir.

Buna baxmayaraq, İŞİD-ə qarşı ABŞ-ın dəstəklədiyi kürd qüvvələr nəzarətlərində olan əraziləri genişləndiriblər.

Türkiyənin NATO müttəfiqləri indiyədək kürd qüvvələrinin fəaliyyətinə sakit yanaşıblar.

"Kürd YPG qüvvələri Raqqada İŞİD üzərində qələbə qazandığına görə alqışlanıb, lakin indi Türkiyə Afrinə hücum edərkən dünya susur" - Britaniyada mənzillənmiş Kürdüstan Həmrəyliyi Kampaniyasının rəhbəri Rosa Gilbert deyib.

BMT-nin vəzifəli müşaviri Jan Egeland deyib ki, Suriyada qiyamçıların əlində olan iki anklava görə genişmiqyaslı münaqişə təhlükəsi hələ də qalır.

Image caption Britaniyada aparılmış analizlər bu ölkədə butulkalarda satılan mineral sulardan heç birinin təmiz olmadığını aşkara çıxarıb

Butulka sularının çirkli olmayanı yoxdur

Britaniya mətbuatından "The Guardian" yazır ki, Britaniyada aparılmış analizlər bu ölkədə butulkalarda satılan mineral sulardan heç birinin təmiz olmadığını aşkara çıxarıb.

Analizlər satışda olan bütün butulka sularında az və ya çox dərəcədə ziyanlı zərrəciklərin olduğunu aşkar edib.

Zərərli zərrəciklər dedikdə kosmetika, pal-paltar və sənaye proseslərindın yaranan kiçicik, gözlə görünməyən qırıntılar nəzərdə tutulur.

Analizləri East Anglia Universitetinin alimləri aparıblar.

Onlar bütün dünyadan gətirilmiş 11 çeşid suyun 250 butulkasını araşdırıblar. Bu, miqyasına görə indiyədək aparılmış ən böyük su analizidir.

Araşdırmaya rəhbərlik edən professor Andrew Mayes deyib ki, "biz indiyədək mikroplastik zərrəciklərin ətraf mühitə vurduğu ziyanlar barədə eşitmişik, lakin bu maddələrin konkret olaraq təbiətin bir komponentinə təsiri ilk dəfədir təhlil edilib".

Professor deyib ki, "mikroplastik zərrəciklərlə təkcə krandan axan su yox, həm də pivə və başqa ərzaqlar çirklənib".

Doktor Mayes və onun universitetin nəzdindəki Kimya Məktəbindən olan həmkarları suyun tərkibindəki kiçicik zərrələri aşkarlayan elmi metod kəşf ediblər. Bu zərrəciklər su və ərzaqla insanın orqanizminə daxil olur və orada toplanır.

Alim deyir ki, sözü gedən analizlərin aparılması çox vaxt və vəsait tələb etsə də, icrası son dərəcə mühümdür.

Bu barədə daha geniş