Britaniya mətbuatı: "Rusiya siyasətçilərinin Britaniyadakı mülkiyyətinin müsadirəsini tələb edirlər"

Rusiya baş nazirinin müavini İqor Şuvalov və prezident Vladimir Putin Fotonun müəllifi Getty Images
Image caption Liberal-demokratların lideri Vince Cable deyib ki, Rusiya baş nazirinin müavini İqor Şuvalov (solda) daxil olmaqla, Putin rejiminə tanınmış Rusiya fiqurlarının Britaniyadakı mülklərinin ümumi dəyəri 1,1 milyard funt sterlinqdən çoxdur

"The Guardian" yazır ki, Britaniya müxalifət siyasətçilərinin fikrincə rəsmi London Rusiya siyasətçi və oliqarxlarının bu ölkədə bahalı mülkləri necə və hansı pulla aldıqları ilə maraqlanmalıdır.

Britaniya parlamentinin leyborist və liberal-demokrat millət vəkilləri keçmiş casus Skripal və onun qızının zəhərlənməsinə cavab olaraq Moskvaya qarşı sərt tədbirlərin görülməsini tələb edirlər.

Yeni təxminlərə görə Putin rejiminə yaxın tanınmış Rusiya fiqurlarının Britaniyadakı mülklərinin ümumi dəyəri 1,1 milyard funt sterlinqdən çoxdur.

Lakin müxalifət iddia edir ki, bu rəqəm onların Britaniyada mülkiyyətə qoyulmuş pullarının yalnız kiçik bir hissəsini əks etdirir, çünki sözü gedən mülkiyyət konkret fiziki şəxslər tərəfindən deyil, ofşor və anonim şirkətlər tərəfindən alınıb.

Britaniyada ofşor ərazilərdəki şirkətlərin əsl sahiblərinin açıqlanmasına dair qanunda mövcud olan boşluqlar mülk və mülkiyyət sahibliyinin gizlədilməsinə imkan verir.

Baş nazir Theresa May ofşor şirkətlərin sahibliyi üzərindən məxfiliyin qaldırılması məsələsində kifayət qədər həvəs və qətiyyət göstərmir.

Hazırda Britaniya hökumətinin ABŞ-ın Maqnitski qanununun Birləşmiş Krallıq versiyasını müzakirəyə çıxaracağı gözlənilir. Belə bir qanun qəbul edilərsə, "potenisal baxımdan korrupsiyaçı insanların" Britaniyaya buraxılmasına qadağan qoyulacaq.

Lakin müxalifət inanır ki, bu zəif tədbirdir.

Liberal-demokratların lideri Vince Cable deyib "izaholunmaz sərvət haqqında qanunun" qüvvəyə mindirilməsi mühümdür. İzaholunmaz sərvət dedikdə adamların əldə etdikləri var-dövlətin mənşəyini izah edə bilməməsi nəzərədə tutulur. Bu qanun mülk sahibi mülkü hansı pullarla aldığını izah edə bilməsə, onun müsadirə olunmasını nəzərdə tutur.

Britaniya parlamentində keçirilən debatlarda Cable Rusiya baş nazirinin müavini İqor Şuvalovu misal çəkib.

Cable deyib ki, onun Britaniya Müdafiə Nazirliyinin yaxınlığında yerləşən bahalı Whitehall məhəlləsində iki mənzili var. Bu mənzillər 2014-cü ildə 11,4 milyon funt sterliqə (15,9 milyon ABŞ dollarına) alınıb. Eyni zamanda cənab Şuvalovun 2014-cü ildə özünün verdiyi rəsmi bəyannamədə illik gəlirinin 112 min funt sterlinq (156 min dollar) olduğu deyilib.

Cable deyib ki, belə şəxslərdən pulları hardan aldıqları barədə rəsmi izahat tələb olunmalıdır. Əgər onlar belə bir izahat yaza bilməsələr, mülklər əllərindən alınmalı və müsadirə olunmalıdır.

Kölgə maliyyə naziri John McDonnell deyib ki, "Rusiya elitasının pul kisələrini vurmaq lazımdır". O əlavə edib ki, bu oliqarxlar rus xalqını "qırxmaqla" və "oğurladıqları sərvəti bizim zəif maliyyə sistemimizdə gizlətməklə" məşğuldurlar.

Leyboristlər hökumətdən tələb edirlər ki, keçmiş baş nazir David Cameron-un vəd etdiyi qanun qəbul edilsin. Bu qanun Britaniyanın Virgin adalarının və başqa ofşor ərazilərinin anonim şirkətlərinin əsl sahiblərinin adlarının açıqlanmasını nəzərdə tutur.

Britaniyanın hazırkı baş naziri Theresa May bu qanunun qüvvəyə minməsini 2021-ci ilədək təxirə salınmasını təklif edir.

Fotonun müəllifi Getty Images
Image caption Alimlər siyənək kimi yağlı balıqların xeyirli olduğu deyirlər

Yağlı balıq yemək niyə xeyirlidir

"The Daily Mail" qəzeti yazır ki, bolluca yağlı balıq yemək qəfil ölüm riskini 30 faiz azalda bilər.

Məqalədə deyilir ki, 2500 nəfər yaşlı adam arasında aparılmış müşahidə orqanizmində omega-3 yağı olanların növbəti 7 il ərzində ölüm riskinin 34 faiz daha az olduğunu göstərib.

Bu adamlarda infarkt və ya beynə qan sızması riski də 39 faiz azalmış olur.

Məqaladə deyilir ki, qızıl balıq və siyənək balığı kimi yağlı dəniz qidalarında olan yağlı turşular sağlamlığın rəhnidir.

Omega-3 bundan əvvəl əsasən uzunömürlü insanların orqanizmində daha çox aşkar edilib.

Alimlər inanırlar ki, bu yağ beyində, qan-damar sistemində və başqa hüceyrələrdə iltihab proseslərini azaldır.

Bətndə və uşaqlığın erkən illərində yağlar əsas rol oynayır. Yağlar o qədər mühüm hesab edilir ki, onları hətta süni ana südlərinə əlavə edirlər.

Böyüklər isə sağlamlıqlarının möhkəmləndirilməsi üçün sadəcə olaraq həftədə iki dəfə balıq xörəkləri yeməlidirlər. Bu xörəklərdən birində mütləq yağlı balıq olmalıdır.

Bir pors balıq dedikdə 140 qram nəzərdə tutulur.

Bu barədə daha geniş