Şimali Koreya lideri may ayında Trump-la görüşəcək?

Günlərlə davam edən spekulyasiyadan sonra Çin və Şimali Koreya rəsmiləri Şimali Koreya liderinin Çinə səfər etdiyini təsdiqləyib.
Bu, Kim Jong-un-un 2011-ci ildə vəzifəsinə başlamasından bəri ilk xarici səfəridir.
Cənab Kim Pekində Çin lideri Xi Jinping ilə "uğurlu danışıqlar" aparıb, Çinin Xinhua xəbər agentliyi məlumat verib.
Cənab Kim aprel ayında Cənubi Koreya prezidenti Moon Jae-in ilə, mayda isə ABŞ prezidenti Donald Trump ilə görüşəcəyini söyləyib.
- KXDR ətrafında böhran: Kim Jong-un əslində nə istəyir?
- Trump: Şimali Koreya liderilə görüşməkdən qürur duyardım
- Trump Kim-ə: Mənim düyməm səninkindən daha böyükdür
Çin Şimali Koreyanın əsas iqtisadi müttəfiqidir. Şimali Koreyanın Cənubi Koreya və ABŞ ilə planlaşdırılan sammitdən əvvəl Pekinlə məsləhətləşmək istəməsi ehtimalı yüksəkdir.
Pekin səfəri Şimali Koreyanın təklif olunan danışıqlara hazırlaşmasında əhəmiyyətli addım hesab olunur.
Səfər zamanı cənab Kim çinli həmkarına deyib ki, öz nüvə silahlarından imtina etməyi qərara alsa da, şərtləri var. Çinin Xinhua xəbər agentliyi xəbər verib.
"Cənubi Koreya və ABŞ-ın səylərimizə yaxşı niyyətlə cavab verdiyi, sülh və stabillik mühiti yaratdıqları, sülhün həyata keçirilməsi üçün mütərəqqi və sinxron tədbirlər görüldüyü təqdirdə, Koreya yarımadasının nüvəsizləşdirilmə məsələsini həll edilə bilər", o deyib.
Şimali Koreyanın KCNA xəbər agentliyi səfəri Çin ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində "önəmli mərhələ" adlandırıb.
Agentlik onu da deyib ki, Çin lideri Şimali Koreyaya səfər etməyə razılaşıb.
Cənab Kim Pekinə bazar günü həyat yoldaşı Ri Sol Ju ilə gəlib və çərşənbə axşamı günortadan sonra geri qayıdıb.
- Trump və Kim arasında söz atışması: ABŞ prezidenti Şimali Koreya liderini "gombul" adlandırıb
- Şimali Koreya: ABŞ təyyarələri nüvə müharibəsi təhlükəsini artırıb
Şimali Koreya ilə Cənubi Koreya arasındakı əlaqələr ilin əvvəlində Cənubi Koreyada təşkil edilən Qış Olimpiadasında birgə yarışmaq qərarından sonra yaxşılaşmağa başlayıb.
Çərşənbə axşamı Çin Trump rəhbərliyini səfər barədə məlumatlandırıb, Vaşinqton təsdiqləyib.
"Biz bu inkişafı maksimum təzyiq kampanyamızın Şimali Koreya ilə dialoq üçün uyğun atmosfer yaratdığına dair daha bir sübut olaraq görürük", Ağ Evin mətbuat katibi Sarah Huckabee Sanders deyib.
Ötən ay cənab Trump aylarla davam edən ədavət və Şimali Koreyanın raket sınaqlarından sonra cənab Kim ilə görüşmək üçün gözlənilməz dəvət alıb.
Sammit baş tutsa, cənab Trump Şimali Koreya lideri ilə görüşən ilk ABŞ prezidenti olacaq.