Trump: "Hazır ol Rusiya, sürətli raketlərimiz gələcək"

Donald Trump Fotonun müəllifi Reuters
Image caption ABŞ və Rusiya arasında münasibətlər Suriyaya görə gərginləşib.

ABŞ prezidenti Donald Trump öz Twitter hesabında yazıb ki, Rusiya Suriyaya, həftəsonu keçirildiyi iddia edilən kimyəvi hücuma cavab olaraq, atılacaq raketlərə "hazır olmalıdır".

Bundan əvvəl yüksəkvəzifəli rusiyalı rəsmilər istənilən ABŞ zərbəsinə cavab veriləcəyi hədəsini səsləndirmişdilər.

ABŞ prezidenti iddia edilən kimyəbi hücuma "güclü" cavabın veriləcəyini vəd etmişdi.

Rusiya tərəfindən hərbi dəstək alan Suriya prezidenti Bəşər Əsədin höküməti sözüdən kimyəvi hücumda əli olduğunu inkar edir.

Öz tvitində Trump Əsədi "qazla öldürən heyvan" adlandırıb.

"Rusiya Suriyaya atılacaq bütün raketləri vuracağına söz verib. Rusiya, hazır ol, çünki onlar gələcək və əla, sürətli və "ağıllı" olacaqlar. Siz öz xalqını qazla öldürən və bundan həzz alan heyvanla tərəfdaş olmamalısınız", - ABŞ prezidenti yazıb.

Təxminən 30 dəqiqədən sonra Donald Trump Twitter səhifəsində daha bir status yerləşdirib: "Soyuq Müharibə də daxil, əvvəlki dövrlərlə müqayisədə Rusiya ilə münasibətlərimiz indi ən pis vəziyyətdədir. Bunun belə olması üçün bir səbəb yoxdur. Rusiyanın bizə ehtiyacı var ki, onun iqtisadiyyatına kömək edək, bunu etmək çox asandır, biz isə bütün dövlətlərlə birgə işləmək istəyirik. Silahlanma yarışını dayandıraqmı?"

Şənbə günü suriyalı müxalifət fəalları, xilasedici işçilər və həkimlər üsyançıların əlində olan və Şərqi Quta bölgəsində yerləşən Duma şəhərinin kimyəvi bombalardan istifadə edən hökümət qüvvələrinin hücumuna məruz qaldığını bildiriblər.

Suriya-Amerika Tibbi Cəmiyyəti 500-dən çox insanın "zəhərli kimyəvi maddənin təsirinə məruz qaldığını" bildirib.

Çərşənbə günü Dünya Səhiyyə Təşkilatı vəziyyəti qiymətləndirmək və 70 adamın həlak olduğu barədə yayılmış xəbərləri yoxlamaq üçün sözügedən əraziyə buraxılışın təmin olunmasını tələb edib.

Hücum xəbərindən sonra prezident Trump və ABŞ Müdafiə naziri James Mattis səfər planlarını təxirə salıblar.

ABŞ və onun Qərb müttəfiqləri birgə hərəkət edəcəklərini razılaşdırıblar.

Rusiyanın bir neçə yüksəkvəzifəli nümayəndəsi ABŞınzərbələrinə cavab veriləcəyi barədə xəbərdarlıq edib.

Moskvanın Livandakı səfiri Aleksandr Zasurkin çərşənbə axşamı təkrar edib ki, raketlər və həmin raketlərin buraxıldığı nöqtələr vurulacaq.

Bu barədə daha geniş