Trump özü özünə sağlamlıq kartı yazıb, onun keçmiş həkimi Harold Bornstein bildirib

Donald Trump's former doctor, Harold Bornstein, 15 December 2015 Fotonun müəllifi Getty Images
Image caption Harold Bornstein deyib ki, Trump öz tibbi kartına "heyrətamiz dərəcədə" sağlam olduğu barədə qeyd yazdırıb.

Donald Trump-ın keçmiş həkimi deyib ki, 2015-ci ildə, o zaman Respublikaçılardan prezidentliyə namizəd olan Donald Trump üçün onun tibbi kartında "heyrətamiz dərəcədə əla" sağlamlıq durmuna malik olması barədə qeydin müəllifi ABŞ prezidentinin özüdür, ABŞ mediası xəbər verir.

Ağ Ev həkim Harold Bornstein-in iddialarına dair hələlik heç bir şərh verməyib.

Bornstein eləcə də deyib ki, Trump-ın cangüdəni 2017-ci ilin fevralında onun iş otağına "reyd" keçirərək Trump-ın sağlamlıq durumuna dair tibbi sənədləri aparıb.

CNN-ə müsahibəsində Bornstein deyib ki, 2015-ci ilin həkim kartında yazılmış "Trump prezident seçiləcəyi halda bu vəzifədə tarixin ən sağlam şəxsi olacaq" qeydi onun bir həkim kimi peşəkar dəst-xəttinə uyğun deyil.

"Həmin tibbi kart [Cənab Trump-ın] diktəsi ilə doldurulub", - həkim deyib.

Harold Bornstein tərəfindən bu iddiaların nəyə görə məhz indi səsləndirildiyi aydın deyil.

Sözügedən həkim kartında qeyd olunub ki, Trump-ın fiziki sağlamlıq durumu və orqanizminin dözümlülüyü "qeyri-adi dərəcədə yüksəkdir".

Trump-ın qan təzyiqi və analizləri həkim kartında "heyrətamiz dərəcədə əla" kəlməsi ilə təsvir olunub.

Həkim kartında eləcə də qeyd olunub ki, Donald Trump xərçəng və ya oynaqlarla bağlı xəstəliklərə görə heç bir cərrahi əməliyyata məruz qalmayıb.

"Mənim bəxtim gətirib ki, belə əla genlərim var", - Donald Trump o zaman Facebook səhifəsində yazmışdı.

2016-cı ilin noyabrında Donald Trump ABŞ tarixində prezident vəzifəsinə seçilmiş ən yaşlı şəxs olub.

Bu barədə daha geniş