Sual-cavab: "İslam Dövləti" nədir?

Fotonun müəllifi BBC World Service

İslam Dövləti (İD) cihadçı qrupu beynəlxalq səhnəyə 2014-cü ildə Suriya və İraqda geniş əraziləri qəsb etməklə çıxıb. Qrup kütləvi qətllər, adam oğurluqları və baş kəsilməsi də daxil öz qəddarlığı ilə ad çıxarıb. İD müsəlman aləminin bəzi yerlərində özünə dəstək qazanıb və ABŞ koalisiyası onu məhv edəcəyini elan edib.

İD nə istəyir?

Fotonun müəllifi BBC World Service
Image caption Əbu Bəkr əl-Bağdadini dəstəkləyənlər onu Xəlifə İbrahim adlandırır

2014-cü ilin iyununda qrup rəsmi olaraq “xilafətin” qurulduğunu elan edib. Onların fikrincə bu, İslam qanunlarına və şəriətə uyğun olaraq Allahın yerdəki naibi və ya xəlifə tərəfindən idarə olunan bir dövlətdir.

Qrup tələb edib ki, bütün dünya müsəlmanları bu dövlətin lideri olan İbrahim Avad İbrahim əl-Bədri əl-Samarray və ya Əbu Bəkr əl-Bağdadi kimi daha yaxşı tanınan şəxsə sədaqət izhar etsinlər və bu dövlətin nəzarətində olan ərazilərə köçsünlər.

İD həmçinin dünya miqyasında bütün başqa cihadçı qruplara bildirib ki, onlar “xilafətin” ali hakimiyyətini tanımalıdırlar. Bu qruplardan bir neçəsi artıq bu çağırışa qoşulub. Bunların arasında əl-Qaedaya bağlı bir neçə qrup var.

İD bəyan edib ki, Yer üzündə Allahın hakimiyyətinin bərpa edilməsi qarşısındakı bütün maneələri ləğv etmək istəyir. Təşkilat həmçinin bidlririr ki, müsəlman ümmətini kafirlərdən və müşriklərdən müdafiə edəcək.

Qrup ABŞ-ın rəhbərliyi altında koalsiya ilə birbaşa qarşıdurmanı salamlayıb və bildirib ki, bu, İslamın axirət peyğəmbərliyinin müşdəçisi olacaq.

Təşkilatın mənşəyi nədir?

İD öz kökləri ilə 2002-ci ildə Tovhid vəl-Cihad təşkilatını yaratmış mərhum Əbu Musab əl Zərqaviyə gedib çıxır. Bundan bir il sonra İraqa ABŞ-ın rəhbərliyi ilə müdaxilə ediləndə Zərqavi Osama Bin Ladenlə birləşib və əsas qiyamçı qüvvə sayılan İraq əl-Qaedasını yaradıb.

Fotonun müəllifi BBC World Service
Image caption Əl-Qaeda liderləri Əbu Musab əl-Zərqavinin taktikasını ifrat qəddar hesab edirdilər

2006-cı ildə, Zərqavinin ölümündən sonra, İraq əl-Qaedası başqa təşkilatları da öz bayrağı altına gətirmək üçün İraqın İslam Dövləti təşkilatını yaratdı. İİD Amerika qoşunlarının və təşkilatı qəddarlığına görə rədd edən sünni ərəb tayfalarının “Oyanış Şurası”nın hücumları ilə xeyli zəiflədilmişdi. Lakin 2010-cu ildə liderliyə gələn Bağdadi İİD-in döyüş qabiliyyətini bərpa edə bildi. Artıq 2013-cü ildə təşkilat İraqda hər ay onlarca basqın törədə bilirdi. İİD həmçinin Suriyada Bəşər əl-Əsədə qarşı üsyana qoşularaq ən-Nüsra Cəbhəsini yaratdı.

2013-cü ilin aprelində Bağdadi elan etdi ki, İraq və Suriyadakı qüvvələrini İraqın və Şamın vahid İslam Dövləti təşkilatında birləşdirir. Ən-Nüsra və əl-Qaeda bu təşəbbüsə qarşı çıxdılar, lakin Bağdadiyə sadiq döyüşçülər ən-Nüsrədən qopub İŞİD-in Suriyada qala bilməsini təmin etdilər.

2013-cü ilin dekabrında İŞİD yenidən öz diqqətini İraqa yönəltdi və burada şiə hökuməti ilə sünni ərəb icması arasındakı ixtilaflardan faydalandı. Tayfa ərəblərinin dəstəyinə söykənən qrup Fəllucanı ələ keçirdi.

2014-cü ilin iyununda İŞİD şimaldakı Mosul şəhərini zəbt etdi və cənuba – Bağdada doğru irəliləməyə başladı. Həmin ayın axırında ələ keçirdiyi onlarca şəhər və qəsəbədən istifadə edərək İŞİD xilafət yaratdığını və öz adını dəyişərək İslam Dövləti etdiyini bildirdi.

Fotonun müəllifi BBC World Service
Image caption İslam Dövləti dini azlıqları, xüsusən İraqdakı Yezidiləri hədəfə alıb

İD nə qədər əraziyə nəzarət edir?

Fotonun müəllifi BBC World Service
Image caption İslam Dövləti Mosula gələndən sonra bəzi sünni ərəblər onlara dəstək göstərib

2014-cü ilin sentyabrında ABŞ Milli Antiterror Mərkəzinin (US National Counterterrorism Center) ovaxtkı direktoru Matthew Olsen demişdi ki, İD Dəclə-Fərat çayları hövzəsinin əksər yerlərinə, yəni təxminən Britianiya boyda əraziyə və yaxud 210 min kvadrat kilometrlik sahəyə nəzarət edir.

Bundan bir il sonra ABŞ Müdafiə Nazirliyi İD-lə cəbhə xəttinin ABŞ koalisiyasının hava zərbələri və quru əməliyyatları nəticəsində şimali və mərkəzi İraqda, habelə şimali Suriyada geri oturdulduğunu elan etdi. Bu məlumatda deyilir ki, İD indi əhalisi olan ərazilərin 20-25 fazinə sərbəst nəzarət edə bilmir.

Müdafiə Nazirliyi iddia edirdi ki, İD İraqda 2014-cü ilin avqustunda onun nəzarətində olan ərazilərin 15-20 min kvadrat kilometrini və ya 30-37 faizini itirib. İD-in Suriyada nəzarətində olan ərazilərin 5-10 faizini itirdiyi bildirilirdi.

Buna baxmayaraq, İD elə həmin müddətdə strateji əhəmiyyəti olan yeni əraziləri – İraqın Anbar əyalətindəki Ramadi şəhərini və Suriyada, Homs vilayətinin Palmira şəhərini zəbt edib.

Təhlilçilər həmçinin deyirlər ki, ABŞ-ın rəqəmləri yer üstündə olan faktiki vəziyyəti heç də tam əks etdirmir. Onların fikrincə, İD döyüşçüləri onlara aid edilən ərazinin çox az hissəsinə, yəni əsas yollara, şəhər və qəsəbələrə, neft mədənlərinə və hərbi obyektlərə nəzarət edirlər.

İD döyüşçüləri Müharibə Tədqiqatları İnstitutunun “nəzarət zonası” adlandırdığı ərazilərin xaricində sərbəst hərəkət edə bilirlər. Bu yerlər insanlar tərəfindən məskunlaşmayıb, lakin İD bu əraziləri əlində saxlamaq üçün döyüşməli olacaq.

Bu səbəbdən Suriya və İraqda İD-in tam və ya qismən nəzarəti altında nə qədər insanın yaşadığı da bəlli deyil. 2015-ci ilin mayında Beynəlxalq Qırmızı Xaç Komitəsi 10 milyon nəfər rəqəmini açıqlamışdı.

İD-in şəriət qanunlarını tətbiq etdiyi yerlərdə qadınlar tam hicablanmağa məcbur ediliblər, ictimaiyyət qarşısında boyunların vurulması ilə edamlar təşkil olunur və qeyri-müsəlmanlar ya cizyə ödəməli, ya İslamı qəbul etməli, ya da ölümü seçməli olurlar.

İD-in nə qədər döyüşçüsü var?

Fotonun müəllifi BBC World Service
Image caption Suriya və İraq ərazilərində İD sıralarında minlərlə əcnəbi döyüşür

2015-ci ilin fevralında ABŞ Milli Kəşfiyyatının (US National Intelligence) direktoru James Clapper demişdi ki, “İD İraq və Suriyada, hardasa, 20-32 min döyüşçünü silahlandırmaq qabiliyyətinə malikdir”.

Lakin o həm də qeyd etmişdi ki, 2014-cü il avqustunda ABŞ-ın rəhbərliyi altında koalisiyanın hava zərbələri başlanandan bəri İD sıralarında “nəzərəçarpacaq aşınma” baş verib. 2015-ci ilin iyununda ABŞ dövlət katibinin müavini Antony Blinken İD döyüşçülərindən 10 min nəfərinin öldürüldüyünü bildirmişdi.

Canlı itkisinin yerini doldurmaq məqsədilə İD bir sıra ərazilərdə səfərbərliyə başlayıb. İraq eksperti Hişam əl-Haşiminin fikrincə döyüşçülərin yalnız 30 faizi “ideyalılar”dır, qalanlar isə qrupa ya qorxudan, ya da məcburiyyət ucbatından qoşulub.

İD döyüşçülərinin əhəmiyyətli hissəsi nə iraqlı, nə də suriyalıdır. 2015-ci ilin oktyabrında Milli Antiterror Mərkəzinin direktoru Nicholas Rasmussen Konqresə bildirmişdi ki, qrup sıralarına 28 min əcnəbi döyüşçü cəlb edə bilib. Bunlardan 5 mini qərbli, təxminən 250 nəfəri amerikalılardır, demişdi Rasmussen.

Londonda mənzillənmiş Radikallaşma və Siyasi Zorakılıq Beynəlxalq Araşdırma Mərkəzinin (International Centre for the Study of Radicalisation and Political Violence ) və Nyu Yorkda mənzillənmiş Soufan Qrupunun məlumatlarına görə, əcnəbi döyüşçülər İD qüvvələrinin 25 faizini təşkil edirlər və əksəriyyəti Tunis, Səudiyyə Ərəbistanı, İordaniya və Mərakeş kimi ölkələrdən gəlmiş ərəblərdir.

İD-in nə kimi silahları var?

Fotonun müəllifi BBC World Service
Image caption İslam Dövləti dünyanın ən güclü cihadçı qruplarından birinə çevrilib

İD döyüşçüləri ən müxtəlif yüngül və ağır silahlardan, habelə zirehli maşınlara yüklənmiş pulemyotlardan, raketatanlardan, təyyarələrə qarşı silahlardan və yer-göy raket sistemlərindən istifadə edə bilirlər. Onlar həmçinin İraq və Suriya ordularından xeyli sayda tank və zirehli maşın ələ keçiriblər. İnanılır ki, qrup öz döyüşçüləri üçün hərəki təchizat sisteminə malikdir. Onların malik olduqları silahlar İD-ə avqust ayında İraqın şimalındakı kürd peşmərgə birləşmələrinə üstün gəlib, hamını təəccübləndirmək imkanı verdi.

İD-in İraq və Suriyadan kənarda hədəfləri nədir?

2015-ci ilin sonlarından başqlayaraq İD onun nəzarətində olan ərazidən kənarda baş vermis hücumlara görə məsuliyyəti öz üzərinə götürməyə başlayıb. Qrupun Misir bölümü olan – Sinay Vilayəti təşkilatı Rusiyanın sərnişin təyyarəsini partlatdığını iddia edib. Bu qəzada 228 nəfər həlak olub. Qrup aksiyanın təfərrüatları barədə məlumat verməsə də, ABŞ və Britaniya kəşfiyyatları mümkün səbəb kimi təyyarəyə bomba qoyulduğu barədə ehtimal irəli sürüblər.

Fotonun müəllifi Reuters
Image caption Şəkil: Fransa prezidenti İD-in boynuna götürdüyü Paris hücumlarını öz ölkəsinə qarşı “müharibə aktı” adlandırıb.

İD həmçinin Livan paytaxtı Beyrutda 41 nəfərin ölümünə səbəb olmuş qoşa partlayış üçün məsuliyyəti öz üzərinə götürüb. Livanın Hizbullah hərəkatı qonşu Suriyada İD-ə qarşı, prezident Əsədin tərəfində döyüşür.

Bundan sonra, noyabrın 13-də azı 129 nəfərin həyatına son qoymuş Paris hücumnları törədilib. Bu dəfə də İD məsuliyyəti öz üzərinə götürüb. Fransa prezidenti Francois Hollande Paris hücumlarını öz ölkəsinə qarşı “müharibə aktı” adlandırıb.

İD pulu haradan alır?

Fotonun müəllifi BBC World Service
Image caption Şəkil: İslam Dövləti nəzarəti altında olan ərazilərdə vergi və rüsumları yığır

Bəzi məlumatlara görə, silahlı qruplaşmanın dünyanın ən varlı təşkilatlarından biri olduğu düşünülür. Başlanğıcda qrup Yaxın Şərqdə prezident Əsədin devrilməsini istəyən İslam xeyriyyələrindən və varlı fərdi donorlardan ianələr alırdı. Hazırda bu yolla alınan pullar yeni əcnəbi səfərbərlərin Suriya və İraqa gəlmələri üçün səfər xərclərinə sərf olunsa da, hazırda qrup öz xərclərini tamamilə özü maliyyələşdirə bilir.

ABŞ Maliyyə Nazirliyinin hesablamalarına görə, İD 2014-cü ildə yerli araçılara xam neft və bəzi neft məhsullarını satmaqla həftəyə bir neçə milyon dollar və ya ümumilikdə 100 milyon dollar qazana bilərdi. Bu qaçaqmalçılar sonradan nefti Türkiyə və İrana keçirir, ya da Suriya hökumətinə satırlar.

Lakin son məlumatlara görə neftlə bağlı infrastruktura endirilən hava zərbələri nəticəsində bu gəlirin kəsildiyi ehtimal olunur.

Adam oğurluğu 2014-cü ildə İD üçün azı 20 milyon dollar qazandırıb. Bundan başqa İD özünün tam və ya qismən nəzarəti altında olan ərazilərin əhalisindən ayda bir neçə milyon dollar qoparır.

Ümumiyyətlə, İD-in quldurluq, talan və qarətçilikdən hər ay bir neçə milyon dollar əldə etdiyi məlumdur. İD bu ərazidən keçən, burda iş görən və ya sadəcə olaraq yaşayan insanlardan “mühafizə haqqı” adı altında milyonlarla dollar qoparır.

Bundan başqa, dini azlıqlar xüsusi vergi növünü ödəməyə məcburdurlar. İD həmçinin banklara basqınlardan, əntiq əşyaların satılmasından, malqara və kən təsərrüfatı məhsullarının oğurluğundan mənfəət götürür. Oğurlanmış qız və qadınlar seks kölələri kimi satılır.

Onların taktikası niyə bu qədər qəddardır?

Fotonun müəllifi BBC World Service
Image caption Başların kəsilməsini göstərən video və fotolar minlərlə əsgəri postlarını tərk etməyə məcbur edib

İD üzvləri Sünni İslamı ekstremist şəkildə təfsir edən cihadçılardır. Onlar yalnız özlərini həqiqi imanlı şəxslər hesab edirlər. Onlar deyirlər ki, qalanları İslamı dağıtmaq barədə düşünürlər və bu inamdan çıxış edərək müsəlman və qeyri-müsəlmanlar üzərinə basqınlara haqq qazandırırlar.

Onlar baş kəsmələrdən, çarmıxa gərmələrdən və kütləvi güllələmələrdən düşmənlərini qorxutmaq üçün istifadə edirlər. İD üzvləri öz hərəkətlərinə Qurandakı “kafirlərin boyunları vurulmalıdır” kimi ayələrlə haqq qazandırırlar. Lakin müsəlmanlar belə yanaşmanı rədd edirlər. Hətta Suriyadakı hərəkətlərinə görə İD-lə əlaqələrini qırdığını elan edən əl-Qaeda lideri Ayman əl-Zəvahiri, 2005-ci ildə Zərqaviyə xəbərdarlıq edib ki, belə qəddarlıqlar nəticəsində “müsəlmanların qəlbləri və düşüncələri” onlardan küsür.

Bu barədə daha geniş