İtaliya: Yeni il gecəsi polis işçilərinin "83 faizi işə gəlməyib"

Fotonun müəllifi BBC World Service

İtaliya paytaxtı Romada yerli polis işçilərininin dörddə üç hissəsindən çoxu Yeni İl gecəsi xəstə olduğunu deyərək işə gəlməyib, məlumatlarda deyilir.

La Repubblica saytı məlumat verir ki, işə gəlməli olan təxminən 1000 polis işçisindən 83,5 faizi işdə olmayıb.

Yeni ili qarşılamaq üçün 600 000-dək adam küçələrə çıxıb. Meriyaya əsasən polis nəfərlərinin azsaylı olmasına baxmayaraq bayram gecəsi insidentsiz keçib.

Lakin İtaliya rəsmiləri işburaxma rəqəmlərini sərt tənqid edib. Nazir Marianna Madia Twitterdə yazıb ki, sözügedən şəxslərə qarşı intizam tədbirləri görülə bilər.

Roma polis komandiri həmçinin bunu pisləyərək işə gəlməməyi "tamamilə əsassız" adlandırıb, iş buraxan işçilərin "adamların həyatlarını risk altına qoyduğunu" deyib.

Son aylar ərzində iş qaydaları və maaş barədə yeni qaydalara görə polislə şəhər hakimiyyəti razılığa gələ bilməyib, Il Fatto Quotidiano yazır.

İtaliya mediasına əsasən hazırda tətil planlaşdırılır: həmkarlar ittifaqlarından biri deyib ki, paytaxtda "etirazlar dalğası" olacaq.

Yeni il gecəsi Roma metrosunda da problemlər olub: 24 nəfər əvəzinə cəmi yeddi sürücünün işə gəlməsinə görə sərnişinlər gecikmələrə məruz qalıb.

Xəbəri BBC Monitoring hazırlayıb.

Bu barədə daha geniş