AirAsia QZ8501: təyyarənin "qara qutuları aşkar olunub"

Fotonun müəllifi Getty

İndoneziya dalğıcları ola bilsin ki, qəzaya uğramış AirAsia təyyarəsinin “qara qutu”larını aşkar ediblər, axtarış qrupunun rəhbəri bildirib.

Bambang Sulistoyonun sözlərinə görə dənizin dibindəki təyyarə qırıntıları altında qalmış cihazların sudan çıxarılması üzrə əməliyyat bazar ertəsi başlaya bilər.

Bazar günü AirAsia hava şirkətinin rəhbəri Tony Fernandes QZ8501 reysinə məxsus “qara qutuların” tapılmasına dəlalət edən “əsaslı məlumatın” olduğunu bildirib.

“Qara qutu”lar qəza səbəbinin müəyyənləşdirilməsində mühüm məqamlara aydınlıq gətirə bilər.

Bazar günü Yava dənizindəki ərazi skan edilərkən 30 metr dərinliyində 10 х 4 х 2,5 ölçülü obyekt aşkar olunub. Onun təyyarə füzelyajının əsas hissəsi olduğu güman edilir.

Bundan əvvəl sudan təyyarənin quyruq hissəsi çıxarılıb.

Axtarış əməliyyatı pis hava şəraitinə görə bir neçə dəfə təxirə salınıb.

Göyərtəsində 162 adam olan Airbus A320-200 təyyarəsi dekabrın 28-də İndoneziyadan Sinqapura yollanarkən yoxa çıxıb.

AirAsia şirkətinin yaydığı məlumata əsasən, yoxa çıxmaqdan əvvəl QZ8501 reysilə uçuş həyata keçirən təyyarə pis hava şəraitilə bağlı marşrutun dəyişdirilməsi üçün dispetçer xidmətinə müraciət etmişdi.

Bu barədə daha geniş