İsrail qəzeti qadın liderlərin təsvirini səhifəsindən yığışdırıb

Paris fotosu Fotonun müəllifi Getty
Image caption İsrailin mühafizəkar HaMevaser qəzetinin baş səhifəsində dərc edilmiş fotoda qadın siyasətçilərdən əsər əlamət qalmayıb.

Britaniyanın Daily Telegraph qəzetinin yazdığına görə, Parisdə Charile Hebdo hücumundan sonra keçirilmiş Həmrəylik yürüşünün İsrail qəzetində dərc edilmiş fotosundan qadın liderlərin təsviri yoxa çıxıb.

Həmrəylik yürüşündə 40-dək dünya lideri iştirak etmişdi, onların əl-ələ tutub addımladığı anlarını əks etdirən kollektiv fotosu dünya mətbuatı səhifələrində geniş yer almışdı.

Lakin İsraildə nəşr olunan mühafizəkar HaMevaser qəzetinin baş səhifəsində dərc edilmiş fotoda qadın liderlərin təsviri yoxa çıxıb.

Qadın siyasətçilərin təsvirini həmin nəşr Photoshop proqramı vasitəsilə retuşlayıb.

Fotonun müəllifi Getty
Image caption Retuşlanmamış fotoda isə qadınlar yerindədir.

Retuşlanmamış fotoda Fransa və Fələstin muxtariyyəti prezidentləri arasında Almaniya kansleri Angela Merkelin dayandığı əks olunub.

Lakin İsrail qəzetinin işıq üzü görmüş nömrəsində dərc olunmuş fotoda onun və daha bir neçə qadın liderin izi-tozu belə qalmayıb.

Fotodan təsviri silinmiş qadınlar arasında Paris meri Anne Hidalgo, Avropa Şurasının Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə rəsmisi Federica Mogherini və Danimarka Baş naziri Helle Thorning-Schmidt də var.

İsrail qəzetinin bu hərəkəti qalmaqala səbəb olub, nəşr qadınlara qərəzli münasibətdə ittiham olunub.

İttihamlarla bağlı HaMevaser rəhbərliyi baş vermiş hadisədən təəssüf hissi keçirdiyini bildirməklə yanaşı oxucularının "dini hissələrini" qorumağı özünə borc bildiyini də qeyd edib.

Qəzet yazıb ki, qadın siyasətçilərin təsvirini şəkildən oxucuların "abır-həyasını qorumaq məqsədilə" yığışdırıb.