Şahzadə Andrew seks qalmaqalında adı çəkildikdən sonra ilk ictimai çıxışa hazırlaşır

prince Andrew Fotonun müəllifi Reuters
Image caption Şahzadə Andrew Davos forumunda iştirak edir.

Şahzadə Andrew seks qalmaqalında adı çəkildikdən sonra ilk ictimai tədbiri olan Davos iqtisadi forumunda ictimaiyyət qarşısına çıxmağa hazırlaşır.

Onunla 17 yaşı olarkən cinsi əlaqəyə girməyə məcbur edildiyini ABŞ vətəndaşı olan qadın iddia etdikdən sonra ilk dəfə olaraq York qrafı beynəlxalq tədbirdə iştirak edəcək.

Cümə axşamı günü Şahzadə Andrew Davosda keçirilən Dünya İqtisadi Forumunda biznes nümayəndələrinin iştirakı ilə keçirilən iclasa sədrlik etməlidir.

Amerikalı Virginia Roberts-in vəkilləri Florida ştatının məhkəməsinə təqdim etdikləri sənədlərdə müdafiə etdikləri qadının qanunsuz cinsi əlaqəyə girməyə məcbur edilməsi iddiasını təkrar ediblər.

Şahzadə Andrew bu iddianı qətiyyətlə rədd edir.

Virginia Roberts 17 yaşında olarkən mühasib işləmiş bir qadın ortaq vasitəsilə şahzadə Andrew ilə görüşdüyünü və onunla cinsi əlaqəyə girməyə məcbur edildiyini iddia edir.

Onun vəkilləri şahzadə Andrew-ə məktub göndərdiklərini və həmin məktubda ondan ittihamlara and altında cavab verməsini xahiş etdiklərini bildiriblər.

Onların sözlərinə görə, məktub qəbul olunmadığından geri qayıdıb.

Şahzadə Andrew-ə qarşı iddialar ABŞ məhkəməsində azyaşlılarla qanunsuz seksual əlaqələrə görə 2008-2009-cu illərdə həbsdə yatmış Epstein soyadlı şəxsə qarşı məhkəmə ifadələri verildiyi zaman irəli sürülüb.

Britaniya taxt-tacına növbədə 5-ci olan 54 yaşlı şahzadə Andrew 2011-ci ilin iyulunda Epsteinlə ziddiyyətli tanışlığına görə ölkəni xaricdə təmsil edən ticarət elçisi vəzifəsindən istefa vermişdi.