Separatçılar Donetsk aeroportunu nəzarət altına alıblar

Fotonun müəllifi Reuters
Image caption Donetsk aeroportu uğrunda döyüşlər ötən həftə ərzində yenidən şiddətlənib.

Ukrayna hərbçiləri bir neçə aydır ki, uğrunda döyüşlər gedən Donetsk aeroportunu tərk ediblər, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəsmi nümayəndəsi bildirib.

"Ötən gün (çərşənbə) yeni mövqelərə keçmək üçün terminalı tərk etmək barədə qərar qəbul olunub", - Vladislav Seleznyov deyib.

Onun sözlərinə görə son sutka ərzində aeroport ətrafındakı döyüşlərdə 10 hərbçi öldürülüb, 16 nəfər isə xəsarət alıb.

Donetsk hava limanı hər iki tərəf üçün rəmzi səciyyə daşıyan məsələdir.

Terminalın əldən verilməsi Ukrayna hərbiyyəsi üçün ciddi zərbə olub və rəsmi Kiyevə təsirsiz ötüşməyəcək, Ukrayna paytaxtından BBC müxbiri David Stern bildirir.

Aeroport bir neçə aydır ki, separatçıların mühasərəsində qalıb. Onun ərazisində döyüşlər ötən həftə ərzində yenidən şiddətlənib.

Tanınmamış "DXR" artıq bir neçə dəfə aeroport ərazisini tam nəzarətə aldığını bəyan edib. Hərçənd ki, bu kimi bəyanatlar Ukrayna hərbiyyəsi tərəfindən təkzib olunub.

Cümə axşamına keçən gecə Ukrayna hərbçilərinin aeroportdan çıxması barədə məlumat ukraynalı könüllülərin Facebook səhifəsində yerləşdirilib.

"Qəhramanlıq epopeyası 242 gün davam edib. Bu Böyük Vətən Müharibəsi illərində Stalinqrad və Moskva müdafiəsindən çoxdur”, - “Azov” batalyonunun məlumatında deyilir.

Ukrayna Müdafiə Nazirliyindən birdirirlər ki, aeroportdakı əsgərlər mövqelərin separatçı atəşinə açıq olduğu üçün onlardan geri çəkilməyə məcbur olublar.

Bu barədə daha geniş