Terrorla mübarizədə yeni koalisiya, yoxsa növbəti uğursuz cəhd?

Fotonun müəllifi AFP
Image caption 30 yaşlı müdafiə naziri Məhəmməd ibn Salman və atası Kral Salman özlərini bölgənin “super gücü” olaraq görür

“Bizim məqsədimiz yalnız İslam Dövlətini (İŞİD) məhv etmək yox, bütün dünyanın bəlasına çevrilmiş terrorizmin kökünü kəsməkdir”.

Nə qədər pafoslu səslənsə də bu sözləri mətbuata açıqlamasında Səudiyyə Ərəbistanı Krallığının müdafiə naziri, şahzadə Məhəmməd ibn Salman bildirib.

Bir neçə gün bundan əvvəl Səudiyyə rəsmiləri 34 müsəlman ölkəsinin daxil olduğu “İslam koalisiyasının” qurulması barədə rəsmi məlumat yaydılar. Yeni koalisiyanın baş qərargahı Ər-Riyadda yerləşəcək.

Son bir neçə ayda xarici ölkələrin kəşfiyyat orqanlarının rəhbərləri, habelə dövlət rəsmiləri Sudiyyə Krallığını “beynəlxalq İslam ekstremizmi”nə maliyyə və hərbi dəstəyi verməkdə ittiham edirdilər. Zədələnən siyasi imici bərpa etməyin yeganə çıxış yolu isə dini radikallığa və beynəlxalq terrorizmə müharibə elan etmək idi.

Ərəbistan yarımadasında vəziyyətin getdikcə mürəkkəbləşməsi dünya ictimaiyyətindən daha çox Səudi Krallığını ciddi narahat edir. Şahzadə Məhəmməd və atası Kral Salmanın Yəməndə apardığı müharibə bütün gözləntilərə baxmayaraq hələ də həlli yolunu tapmayıb.

Müharibədən öncə də dünyanın ən kasıb ölkəsi olan Yəməndə, artıq 10.000 çox insanın həlak olduğuna dair məlumatlar var. Yəməndəki siyasi xaosun və humanitar fəlakətin dərinləşməsi bu ölkədə də İŞİD yönümlü radikal terrorçu dəstələrin güclənməsinə zəmin yaradıb.

İŞİD bəlasından savayı, cənubdakı Abyan əyalətinin Mükəlla şəhərindəki bütün dövlət orqanlarının fəaliyyətinə son verən Əl-Qaidə terror dəstəsinin üzvləri bu bölgədə yeni “Xilafət” elan ediblər.

Vəziyyəti daha da gərginləşdirən amil isə bu şəhər vasitəsilə terroçuların mühüm körfəz şəhəri olan Ədəni asanlıqla idarə etməkləridir. Ədən şəhərinin əldən çıxması və körfəzə nəzarətin olmaması Ər-Riyadı narahat edən bir neçə mühüm məsələdən sadəcə biridir.

Səudi krallığının qeyri-peşəkar hərbi strategiyası sadəcə Körfəz ölkələrini deyil, onların qərbdəki həmkarlarını da kifayət qədər dərindən narahat edir.

Münaqişənin ilk günlərindən Yəmənə hər cür silah tədarükü görən rəsmi Washington belə artıq saysız insan tələfatına səbəb olan bu münaqişədə iştirak etməkdən boyun qaçırır. Məhz bu səbəbdən də Washington-un müdaxiləsi ilə dekabrın 15-də İsveçrədə, münaqişə edən tərəflər arasında qısamüddətli də olsa atəşkəs razılığı əldə edildi.

Rəsmi Washington-u Körfəz ölkələrinin Yəməndəki passiv mövqeyindən əlavə, bu ölkələrin Suriya və İraqda beynəlxalq koalisiyanın hava hücumlarında iştirak etməməsi təəccübləndirir. Bu gün İŞİD-ə qarşı təşkil edilən hava hücumlarının 90 faizi ABŞ, Fransa və İngiltərənin payına düşür.

Səudiyyə Ərəbistanın “anti-terror strategiyası” haqqında geniş hesabat hazırlayan Federal kəşfiyyat xidməti (BND) bu ölkənin Fars körfəzində baş verən siyasi xaoslara birmənalı yanaşmasını qəti şəkildə tənqid edib. 30 yaşlı müdafiə naziri Məhəmməd ibn Salman və atası Kral Salman özlərini bölgənin “super gücü” olaraq görsələr də, cərəyan edən hadisələr, humanitar fəlakət isə bunun tam əksini göstərir. Buna müvafiq cavab olaraq İslam koalisiyasının əsasını qoyan rəsmi Riyad bununla İslam dünyasının keşiyində durmağı planlaşdırır. Maraqlı cəhət odur ki, koalisiyada İran, İraq, və Suriya kimi ölkələrə yer ayrılmayıb.

İslam koalisiyası təşəbbüsü mahiyyət etibari ilə bu ilin mart ayında Şarm-əl-Şeyxdə təşkil edilən ərəb işadamlarının qurultayında müzakirəyə çıxarılan – Pan-ərəb ordusu layihəsi ilə demək olar ki eynidir. Məqsəd ərəb ölkələrinin daxil olduğu vahid bir ordunun yaradılması idi, lakin avtoritar ərəb rejimlərinin bütün digər ideyaları kimi bu layihə də sadəcə müzakirə səviyyəsində qaldı.

Səudiyyə Ərəbistanın yaratdığı bu koalisiya yalnız sünni ölkələri özündə birləşdirir və bir daha regionda şiə və sünni icmaları arasında parçalanmanın nə qədər dərin olduğunu sübut edir. İranın Rusiya və Hizbullah ilə birgə bölgədə hərbi fəallığını artırması təkcə Səudiləri yox, bütün sünni ərəb monarxları narahat edir. Buna baxmayaraq, rus sərnişin təyyarəsinin Sinayda qəzaya uğraması, Parisdə terror aktları, Avropada immiqrant axını və başqa problemlər İŞİD-lə mübarizənin təxirəsalınmaz bir məsələ olduğunu açıq-aşkar bəyan edir.

Koalisiyanın taleyinə gəlincə isə, onun yaxın gələcəyi olduqca şübhəlidir. Adətən bu tip iri hərbi koalisiyaların yaradılması müxtəlif ölkələrin dövlət başçılarının sammitində qərara alınır, lakin 34 ölkədən ibarət hərbi koalisiyanın yaradılması haqqında bəyanatı ölkənin müdafiə nazirinin verməsi təbii olaraq ağıllarda müəyyən şübhələr doğurur.

Koalisiyada ziddiyət təşkil edən məqamlardan biri də, Liviyanın üzvlüyüdür. Liviyada uzun sürən daxili çəkişmələrdən sonra ölkədə iki hakimiyyətlilik yaranıb, bunlardan biri Türkiyə və Qətərin dəstəyi ilə, digəri Səudiyyə Ərəbistanı və Misirin dəstəyi ilə fəaliyyət göstərirlər. Bütün bu sadalanan ölkələrin də eyni koalisiyada yer alması birliyin işini olduqca qəlizləşdirəcək.

Digər məqam koalisiyada Sierra-Lione və Benin kimi ölkələrin üzvlüyüdür. İslam aləmində heç bir effektiv siyasi və ya hərbi rol oynamayan bu iki ölkədən gözləntilər də çox cüzi olmalıdır. Lakin sayca çox böyük orduya malik üç əsas ölkə - Türkiyə, Pakistan və Misirin koalisiyada üzvlükləri İŞİD-ə qarşı quru əməliyyatının nə dərəcədə əhəmiyyətli olduğuna dair bir işarədir.

İŞİD-ə qarşı aparılan mübarizədə beynəlxalq koalisiya, İran – Rusiya koalisiyası və İslam koalisiyasının birgə iştirakı vəziyyəti yaxşıya doğru aparmayacaq, əksinə müharibənin miqyasının daha da artmasına və sünni – şiə qarşıdurmasının daha da dərinləşməsinə gətirib çıxara bilər.

Fuad Şahbazov İtaliyanın Bolonya universitetində siyasi elmlər üzrə təhsil alır.