Telefonlar uçuş üçün nə dərəcə təhlükəlidir?

Əgər təyyarəyə minirsinizsə, çox güman ki, telefonunuz da sizinlədir. Lakin, son dövrlərdə telefonların bu qədər ağıllı dizayn olunması aviaşirkətlər və dövlətlərdə narahatçılığa səbəb olub.

Xüsusilə də Samsung şirkətinin yeni telefon modeli ilə yaşanan problemlərdən sonra.

Şənbə günü ABŞ-ın Nəqliyyat Nazirliyi Samsung şirkətinin Galaxy Note 7 model telefonlarının Birləşmiş Ştatlara aid təyyarələrdə daşınmasına rəsmi qadağa qoyub.

"Qadağaya baxmayaraq, telefonu yükün içinə yerləşdirərək baqaja təhvil verən vətəndaşlar, fəlakətli bir hadisə şansını artırmış olurlar," nazirliyin yeni əmrində göstərilir.

Artıq xəbərlərdən çox şey bəllidir: avqust ayında Koreyanın bu nəhəng elektronika şirkəti, yeni model telefonu satışa çıxarır.

Bunun üzərindən keçən bir neçə həftə ərzində, dünyanın hər tərəfindən şirkətə, litium batareyaların enerji qəbulu zamanı və ya sonrası alışması faktları axışmağa başlayır.

Dünyada 2,5 milyon telefon satılmasına rəğmən, Samsung sonda hamısını geri çağırmalı olub. Bu ayın əvvəlində isə şirkət bu telefonun istehsalını bir dəfəlik dayandırdığını bəyan edib.

Bu isə telefonların aviaşirkətlər və dövlət təşkilatları üçün yaratdığı problemlərdən biridir. Elektronika vasitələrinin alışması ümumi bir hal olsa da, digər problemlərin nə olması və nəyin təhlükəli və təhlükəsiz olması bir çoxumuza bəlli deyil.

Fotonun müəllifi George Frey

Telefonlar terrorçu silahları kimi

11 sentyabr hadisələrindən sonrakı dünyada terrorizmə qarşı mübarizə və şəxsi elektronika cihazlarının - ŞEC (ingiliscə PED) kosmik sürətlə artması, təyyarə və mobil telefonlar arasında münasibəti qəlizləşdirib.

2014-cü ildə ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (TSA) - 2001-ci il 11 sentyabr terrorist hücumundan sonra yaradılan dövlət agentliyi - ŞEC-ləri təyyarəyə aparmaq üçün yeni qayda təqdim edib.

Başqa bir ölkədən Amerikaya səyahət edərkən telefonunuzda enerji həcmi ən az təhlükəsizlik agenti tərəfindən tələb olunan zaman telefonu yandıracaq qədər olmalıdır.

Səbəb? Terrorçular telefon kimi daşına bilən elektron cihazların batareyasını xırda bombalarla əvəz edə bilərlər. Bombalar, hətta rentgen və metal detektorlara görünməyə və ya onlar tərəfindən aşkar olunmaya bilər, agentlik bildirib.

Bu, ABŞ və Britaniya arasındakı birbaşa uçuşlar da daxil olmaqla, müəyyən aeroportlarda tətbiq olunan "gücləndirilmiş təhlükəsizlik tədbirlərinin" bir hissəsidir.

Bəs təhlükə nə dərəcədə realdır?

Bu, TSA prosedurlarının ABŞ Daxili Təhlükəsizlik Departamentinin tapşırığı ilə işləməsi qədər realdır. "Aviasiya təhlükəsizliyinə, görünən və görünməyən bir sıra tədbirlər daxildir," Daxili Təhlükəsizlik Departamentinin katibi Jeh Johnson 2014-cü ildəki bəyanatında deyib.

O, məzmun barədə hər hansı izah verməyib. TSA səyahətçilərə, enerji ötürücüsünü daim üzdə saxlamağı məsləhət görür.

"TSA, kəşfiyyatçı müttəfiqləri ilə sıx əməkdaşlıq edir və səyahətçilər üçün gərəksiz ləngimələrin qarşısı alınsın deyə, aviasiya təhlükəsizliyinə son dərəcə ciddi şəkildə nəzarət edir," TSA BBC-ə e-maillə göndərdiyi bəyanatında yazıb.

"Biz, təhlükəsizlik ilə bağlı xüsusi hissələrə aid məlumatı ictimai şəkildə müzakirə edə bilmərik. Biz davamlı olaraq, artan mümkün təhlükəyə qarşı protokollarda gərəkli düzəlişləri edəcəyik."

Xoşbəxtlikdən təyyarədə içində bomba olan telefonlarla bağlı bilinən insident yoxdur.

Telefonlar təyyarənin rabitəsi ilə qarışır

Bütün dünyada sərnişinlər təyyarədəki yerini alan kimi, heyət üzvləri hamıya yaxşı tanış olan xahişi səsləndirirlər: "Xanımlar və cənablar, mobil cihazlarınızı uçuş rejiminə keçirməyiniz xahiş olunur." Bəs sərnişin bunu etməzsə necə? Nə pis şey baş verə bilər?

Mobil telefonlar radio dalğalar buraxdığı üçün, bu, təyyarənin rabitə qabiliyyəti ilə qarışa bilər. Hətta deyilənə görə, qarışım pilotun qulaqlıqlarında hiss olunur. Bu səbəbdən də uçuş və ya təyyarə rejimi mövcuddur.

Həqiqətən bir çoxlarımız təsadüfən uçuş zamanı telefonumuzu açıq saxlamışıq və bunun heç bir pis təsiri olmayıb.

2013-cü ildə ABŞ sərnişinləri arasında aparılan sorğu nəticəsində, təxminən hər 10 nəfərdən dördü cihazları uçuş zamanı söndürmədiyini etiraf edib.

NASA uçuşlar zamanı ŞEC ilə əlaqəli hadisələrin siyahısını hazırlayıb. Ən son yanvar ayında yenilənən bu siyahıda ən azı beş insident mobil telefonlardan ayrılan siqnallar nəticəsində yaranıb.

Misal üçün birində yazılıb: "Kapitan düşünür ki, uçuşboyu yaşanan elektronika anomaliyasının səbəbi təyyarədəki mobil telefonlardan çıxan dalğalardır."

Lakin, telefonun uçuş rejiminə keçirilməməsi ucbatından yerə enmə və ya qəza ilə nəticələnən hər hansı dəqiq bir hadisə olmayıb. Hər bir halda, rəsmilər ehtiyatlı davranmağın faydalı olduğunu deyirlər.

Hər şeydən öncə: cihazların özləri də təhlükəsiz olmalıdır

Qaydalar, nizamlanmalar və təhlükəsizlik yoxlanışları daha asanlaşdırılıbmı? Bəlkə də. Əvvəlkinə nisbətən.

Misal üçün, 2013-cü ilə qədər mobil telefon və elektronik cihazların, uçuş boyu siqnalları kəsən rejimdə deyil, tamamilə sönmüş olması şərt idi. Başqa dövlətlərin agentlikləri kimi ABŞ Federal Aviasiya Administrasiyası da bu tələbi ləğv edib.

Təhlükəsizlik və siqnal ilə bağlı narahatlıq bir yana, Samsung telefonlarınakı qorxu bunu diktə edir: Elektron cihazlar, xüsusilə də, litium-ion batareyalarla çalışan cihazlar, istehlakçının istifadəsi üçün tamamilə təhlükəsiz olmalıdır.

Bu tip batareyalar aşırı dərəcədə qızma və yanmaya meyllidir. Elektronik mallar istehsalçıları bunu mütləq nəzərə almalıdır.

Problemli cihazın təyyarədə olması isə artıq narahatçılıq üçün səbəbdir. Telefonla bağlı digər potensial təhlükələrə görə yorucu yoxlanışlardan keçməyi və ya bir neçə saat ismarışsız qalmağı nəzərə almısansa, unutma: sonrakı peşmançılıq fayda vermir.

Əlaqəli mövzular

Bu barədə daha geniş