#100qadın: Niyə hər bir qadına menstrual məzuniyyət təklif edilməlidir?

Churan Zheng Fotonun müəllifi Churan Zheng

Çinin bəzi vilayətlərində, qadınlara menstrual ağrılar səbəbindən ayda bir və ya iki gün məzuniyyət verilməsi qanunu tətbiq olunur. Tədbir təşkilatçısı işləyən Churan Zheng, adətən menstrual məzuniyyət götürür və bunun hər bir qadın üçün vacib seçim olduğunu düşünür:

Mən, möhkəm menstrual ağrıdan əziyyət çəkirəm və hər ay sosial media hesablarımda gözəgörünməz çarmıxa bağlanmış və qarnına oxlar batan qadın şəkli paylaşıram. Şəkil həmişə çoxlu "bəyənmə" yığır. Çünki, bu, bir çox qadının aybaşı zamanı nələr yaşadığını təsvir edir.

Həmişə aybaşıdan bir gün öncə özümü narahat hiss edir və qarın sancıları yaşayıram. Səhər durarkən ağrı ilə yanaşı gələn menstruasiya o qədər dözülməz olur ki, bağırsaqlarımdan yapışıb qoparmaq və ya onları qayçı illə kəsmək istəyirəm. Ürəkbulanmam da son dərəcə güclü olur.

Universiteti bitirər-bitirməz işləməyə başlamışam və demək olar ki, hər ay ağrıkəsici qəbul edirdim. Dərmanlar isə məni yorğun və yuxulu edirdi. Ağrı ilə mübarizə aparmaq üçün isidicilərdən də istifadə etməli olurdum.

Təbii ki, bu halda işləmək də çətin olurdu.

Fotonun müəllifi Churan Zheng
Image caption Aybaşı ağrısını göstərmək üçün Churan, hər ay sosial mediada şəkil paylaşır

Xoşbəxtlikdən işlədiyim şirkət - Pride Planning, qadın haqları kampaniyalari üzrə işləyir - qadın işçilərinə ayda bir gün ödənişli məzuniyyət təklif edir. İşçilər, həkimdən arayış əldə etmək məcburiyyətində deyillər və işləmədiyi günə görə maaşları da azalmır. Əgər biznes xarakterli səfərim və ya tamamlamalı olduğum vacib bir iş yoxdursa, mən adətən yarım və ya bir gün olaraq məzuniyyət haqqımdan istifadə edirəm. Bu zaman evdə qalıram və ya ağrıkəsici qəbul edib yatıram, ya da yataqdan işləyirəm.

Bəzi adamlar qadınların menstrual məzuniyyət götürməsinin bizneslər üçün pul itkisi hesab edirlər. Şirkətlərin qadın işçilər barəsində həvəsinin aşağı düşməsi, bu səbəbdən, hazırda müzakirə mövzusudur. Lakin, mənim bildiyim qədəri ilə, bizim şirkətimiz - qadın işçilər üstünlük təşkil edir - maliyyə itkisi yaşamır. Baxmayaraq ki, hər bir qadın, hər ay və ya bir aydan bir menstrual məzuniyyət götürür.

Aybaşı ağrısı nədir?

Fotonun müəllifi iStock

Qadınların bir çoxu, aylıq menstrual siklində ağrı yaşayırlar.

Bu, adətən bel və ombaya da yayıla bilən qarın sancıları ilə müşayiət olunur.

Aybaşı ağrısı, küt ağrı və ya sancılı spazma kimi də olur.

Aybaşı ağrısının elmi adı dysmenorrhoeadır. Uşaqlıq divarı hüceyrələrinin yaratdığı hormon prostaglandin səviyyəsi ağrıya səbəb olur.

Səviyyə yuxarı olduqca ağrı da çox hiss olunur.

Bəzi qadınlar bu səbəbdən, aybaşı olmasalar belə, çanaq ağrısı yaşayırlar.

Biz məzuniyyəti qabaqcadan planlamağa çalışırıq və sonra, ən tez zamanda yarımçıq qalan işləri tamamlayırıq. Kişi iş yoldaşlarımız, bunu özlərinə qarşı haqsızlıq kimi qəbul etmirlər. Əksinə, bu qayda tətbiq olunduqdan sonra, iş yerimiz daha pozitiv və mehriban olub.

Bəzi adamlar bu növ qaydaların qadınlara qarşı son dərəcə himayəedici olduğunu düşünür və nəticədə qadın işçiləri zəif və ya tənbəl görünə bilərlər.

Halbuki, mən bildiyim qədər, aybaşı ağrısı hiss etməyən qadınlar bu məzuniyyəti götürmürlər. Hər şeydən əlavə, güclü rəqabət mədəniyyətinə malik şirkətlərdə işləyənlər "aciz" və ya "qərarsız" görünmək istəmirlər. Dediyim kimi, mənim işlədiyim şirkətdə məzuniyyət götürən qadınlar işə qayıtdıqdan dərhal sonra, işləri qaydasına salmalıdırlar və bu da əlavə təzyiq gətirir.

Fotonun müəllifi Reuters
Image caption Churan, cinsi təcavüzə qarşı keçən il təşkil olunan planlı etirazda saxlanılan beş feministdən biri olub

Qəribədir ki, bu gün qadınların ödənişli məzuniyyətlə təmin olunması bu cür müzakirə və tənqidə səbəb olur. Mənfəət və effektivlik hər şeydən yuxarı qiymətləndirilir.

Aybaşı ağrısı təbii bir şeydir və bundan qurtulmaq mümkün deyil, amma, cəmiyyətimiz buna görə qadınlar üçün nə isə edə bilməzmi? Mənə elə gəlir ki, əgər kişilərin aybaşı ağrıları olsaydı, yəqin ki, menstrual məzuniyyət qədimdən milli konstitusiyalara daxil edilərdi.

Əlaqəli mövzular