Sahibi olduğum ən dəyərli əşyanı, evdən 7000 km uzaqda itirmək

Eloise Dicker with her mother's bracelet

Qırğızıstanda səyahətdə olarkən Eloise Dicker, dünyasını dəyişmiş anasının bilərziyini itirir. Sonra, bir Facebook mesajı ilə hər şey dəyişir.

Beş günlük gəzintimizin ikinci günündə onu itirdiyimi anladım.

Biz çadırları yığışdırıb, atlara yüklədik. Mən ata oturmağa çalışarkən qolbağın biləyimdə olmadığını gördüm.

"Anamın bilərziyi yoxdur! İtib," fikirləşdim və ağlamağa başladım.

Öz anasından qalma üzükləri əridərək bilərziyə çevirtdirmiş anam, ağlım kəsəni onu taxırdı.

Image caption Eloise Dicker-in biləyi qolbağla və qolbağsız

Həyatının sonuna yaxın stereoidlər onu nə qədər şişirtsə də, anamın biləyi incə idi. Lakin, elə bir məqam gəldi ki, anam artıq bilərziyi taxa bilmədi.

O, bilərziyi qolundan çıxarıb, çarpayısının yanındakı lampa masasının üzərinə qoydu. Fincan və salfetlər, həb və dərmanları yığışdırarkən mən, bilərziyi götürüb qoluma taxdım.

O gülümsədi və əlini biləyimə qoyaraq dedi ki, çox gözəl görünür və bir gün mən də onu övladlarıma bağışlayaram.

Anam, bir neçə ay sonra dünyasını dəyişdi və bundan sonra qolbağı biləyimdən çıxarmadım.

Image caption Rosemary Dicker, ölümündən 6 ay öncə, 2015-ci ilin Analar Günü və bilərzik qolunda

İndi isə boğazım düyünləndi və qarnıma sancı girdi. Bu, ucu-bucağı görünməyən torpağın - Mərkəzi Asiya, Qırğızıstandakı Tyan-şan dağları - harasına düşmüşdü bilərzik?!

Anlayırdıq ki, onu axtarmağa cəhd etməyin belə mənası yoxdur. Araya sükut çökmüşdü. Dağlarda ikinci günümüz idi və ətrafımız otla örtülmüşdü.

Mən düşərgə qurduğumuz yerə son dəfə göz gəzdirdim. Amma nə fayda. Mən gəldiyim yol ilə qayıda bilməzdim, biz izsiz bir yerdəydik. Qayıdıb ata oturdum.

Mən hamıdan arxada, ağlayaraq və düşünərək gedirdim. Anamın ölümü ilə bağlı xatirələrim bir-bir gözümün önündə canlanırdı.

Image caption Rosemary qucağında Eloise-in qardaşı Barnaby ilə, 1980-ci illərin əvvəlləri

Boş qalan biləyimə baxdıqca özümü yarımçıq hiss edirdim. Onu özümlə buraya gətirəcəyimə qərar verdiyim ana qayıtmaq istəyirdim. Niyə bilərziyi evdə qoymadım ki?!

Amma, bəlkə də buraya gəlməli imiş, öz-özümə dedim. Anam Honkonqda doğulub, Britaniyada böyümüşdü və bura da orta məsafə idi.

Vəhşi atlarla dolu ucsuz-bucaqsız torpaq, qarlı təpələr, yırtıcı quşlar və çay səsi. Bəlkə də elə burada itməli idi.

Həmin gecə çadırları bir də axtardım, ümid edirdim ki, haradasa ilişib qalar. Heç nə.

Mən dərin kədər içində yerimə uzandım və ümidlərimi itirsəm də, bunu xeyirə calamağa çalışırdım.

Gəzintimiz bitdikdən sonra, Qaragöl şəhərində rus pravoslav kilsəsinə baş çəkdim.

Anamın xatirəsinə şam yandırıb çıxmağa hazırlaşarkən, bir rus rahibəsi qolumdan tutub məni Müqəddəs Məryəmin rəsminə tərəf apardı.

O, şəkilin şüşə çərçivəsini öpdü və mənə də öpməyi işarə etdi. Mən dindar deyiləm və dindar böyüdülməmişəm, amma onun dediyini etdim.

Şüşəni öpərkən şəklə baxdım və ağlamağa başladım. Şəkil, qızıl boyunbağı və üzüklərlə bəzədilmişdi.

Cavahiratın insanlar üçün necə böyük önəm kəsb etdiyini görmək, məni qəhərə boğmuşdu. Antropologiya tələbəsi kimi, insanların əşyalara olan bağlılığı mənə hər zaman maraqlı gəlib.

Öz təbiətinə uyğun olaraq, cavahirat sanki bizi səsləyir: Mənə bax, gör mən nəyə qadirəm, mənim bacarığımı anla, əhəmiyyətimə heyran qal.

Sevdiklərindən qalma bəzək əşyaları, insanları birləşdirir, bir qohumluq və ya heyranlıq, bağlılıq və mövcudluq hissi yaradır.

Bilərzik, fiziki olaraq həyatda olmayan anamdan fiziki bir yadigar idi. O, mənim bir hissəmə çevrilmişdi və indi yox idi.

Mən artıq bilərziyin itkisi ilə barışmışdım. Avropaya qayıtdıqdan bir neçə həftə sonra, mən, Qaragöldə yerləşən CBT - Community Based Tourism (Cəmiyyət Əsaslı Turizm) ofisində bələdçi işləyən Elaman Asanbaev adlı Facebook istifadəçisindən mesaj aldım.

Image caption Salam Eloise! Necəsən? Ümid edirəm ki yaxşısan. Mən bunu düşərgədə tapdım. Şəkilini yollayıram. Odur ya yox, bilmirəm.

Şəkil mesaja əlavə edilmişdi. "Odur ya yox, bilmirəm," o soruşurdu.

O idi. Həmin bilərzik.

Bilərzik, birdən dünyaya qayıtmışdı, amma nə edəcəyimi bilmirdim. Elamandan onu mənə göndərməsini istəyim? Yoxsa qalsın orada? Bəlkə ondan xahiş edim ki, bilərziyi çaya atsın?

Etibarlı kuryer xidmətləri haqqında maraqlandım, amma onlar qiymətli daş və metalların göndərilməsinin əleyhinə idilər. Poçt sisteminə də etibar etmədim, çünki məsafə çox uzaq idi.

Oraya gedən bir nəfər tapıb xahiş etmək ağlıma gəlsə də, noyabrda ucuz uçuşları diqqətimi çəkdi və özüm getməyi qərara aldım.

London-Moskva-Bişkek. Sonra isə paytaxt Bişkekdən Qaragölə, CBT meneceri Azamat Asanov ilə altı saatlıq maşın yolu. Səhər saat 5 idi və paytaxtda -11 dərəcə şaxta var idi. Yollar qalın buzlu qarla örtülmüşdü.

İrəlilədikcə, şəhərin oyandığına baxırdım. Məktəbə tələsən qış geyimli uşaqlar, beli qarla örtülən atlar, başında kalpak adlı dik milli qırğız papaqlı kişilər.

Növbəti gün səhər biz, Elamanla görüşdük. "Bu, sənin üçündür," o maşına minər-minməz dedi.

Evimizdən 7000 km uzaq, Qırğızıstanın buzlu dağlarında içində oturduğumuz maşın və anamdan bir parça.

Elaman Azamata, onu harada tapdığını izah edirdi. Mən "tualet" kimi səslənən sözdən başqa heç nə başa düşmürdüm.

Azamat tərcümə etdi - o, üzü tualetə (və ya dəqiq desək, yerdə qazılmış deşik) doğru olan və yurt adlanan ilk düşərgə saldığımız yerdə düşüb.

Biz güldük. Heç də romantik bir yer deyildi.

Mən bilərziyin çəkisi və formasını hiss etdim. Anam da bir zamanlar, beləcə əlində tutub. Taxar-taxmaz özümü tam hiss etdim. Gözümü biləyimdən çəkə, ayıra bilmirdim.

Bilərziyi tapdığı və qaytardığı üçün Elamana dizayner kolbası və bir az pul hədiyyə verdim.

Geriyə 21 saatlıq uzun səfərdən öncə, qarlı havada at belində daha bir gün keçirdim.

Biz atları, mənası "rəngli mövqe olan" Boş Uçuq adlı vadiyə sürdük. Düşərgəmizi yay gəzintimizin sonuncu günü burada qurmuşduq. Dağların şəkli və çaydan tanıdım.

Şəhərə geri qayıdarkən anamın evi ilə doğulduğu Honkonq arasında itib tapılan bilərziyi üçün təşəkkür əlaməti olaraq, onun külündən bir az çaya tökdüm.

Bu an mən etdiyim xatirə ayinlərinin həddən artıq olduğu qənaətinə gəldim.

Evdə isə anamın şəkillərinə baxdıqca, bütün fotolarda qolbağı gördüm. Yəqin ki, uzaq eldə bilərziyi gözləyən itmək və yenidən tapılmaq taleyi, anama qəribə səslənərdi.

Hələ də sahibi olduğu ən qiymətli əşya odurmu? Hə. Yenidən onu sərgüzəştə götürərəmmi? Yəqin ki.

Bu məqaləninorijinalını.

Dərgidəki digər məqalələriburda oxuyun.