Pişiklər niyə tək yaşamağı sevir?

Pişik Fotonun müəllifi Chris J Ratcliffe/ Getty

Ev pişikləri hesab edir ki, qrup halında yaşamağın mənası yoxdur, lakin gələcəkdə bu, dəyişə bilər.

Təsəvvür edin, pişik sürüsünü güdürsünüz. Bu, mümkündür?

Lincoln Universitetinin baytarlıq üzrə professoru Daniel Mills-dən soruşun. Son araşdırmasında Mills və həmkarı Alice Potter nümayiş etdiriblər ki, pişiklər itlərə nisbətən daha tənha və müstəqildirlər.

Layihə üçün araşdırma pişiklərin özü qədər çətin olub.

"Onların nəyisə etmələrini istəyəndə bunu çox çətin həyata keçirirlər", Mills deyir. "Onlar öz bildiklərini edirlər".

Bəs pişiklər niyə əməkdaşlıqdan yayınırlar? Həm bir-birləri ilə, həm də insanlarla.

Ya da sualı başqa cür qoysaq, niyə bir çox başqa heyvanlar - vəhşi, ya da ev heyvanı - qrup halında yaşayır?

Fotonun müəllifi Thinkstock
Image caption Zebra sürüsü çayı keçir

Təbiətdə qrup halında yaşamaq geniş yayılıb. Quşlar dəstə-dəstə, antilop və balıqlar sürü halında. Yırtıcı heyvanlar tez-tez birgə ov da edirlər.

Hətta pişiklərin qohumu olan şir da sürü halında yaşayır.

Yırtıcılara yem olan bəzi növ heyvanlar təhlükəsizlik üçün qrup şəklində yaşayırlar, Minnesota Universitetinin bioloqu Craig Packer deyir.

"Yırtıcı yalnız birini götürə bilər və əgər onların sayı yüzlərlədirsə, yem olmaq şansı bir faizə qədər azalır. Tək olanda isə 100 faiz yem olacaqsan".

Qrup halında yaşayan heyvanlar həmçinin, "çoxlu göz" effektindən yararlanırlar: qrup nə qədər böyük olarsa, yırtıcını görmək şansı da daha böyük olur.

"Yırtıcını daha tez görsən, qaçmaq üçün də vaxt qalar", Berlindəki Humboldt Universitetindən Jens Krause deyir.

Kollektiv həyatın başqa üstünlükləri də var. Tək heyvanlar yem tapmaq üçün daha çox vaxt və enerji sərf etməli olurlar.

Məsələ təkcə yırtıcılardan yaxa qurtarmaq da deyil. Qrup halında yaşayan heyvanlar cütləşmək üçün başqa yerə getməli deyillər.

Tək yaşayan heyvanlar üçün bu, əsl problemdir. Sürüdə görüşməyə nə var ki.

Balalar dünyaya gələndə də yaşlı heyvanlar onları qorumaq və yedizdirmək üçün birgə çalışırlar.

Bir çox quş növlərində gənc quşlar cütləşənədək ailədə qalırlar. Onlar birgə rəqs edir, birgə çimişir və hətta, bir-birlərinə hədiyyə verirlər.

Qrup halında yaşamaq enerjiyə də qənaət deməkdir. Dəstə kimi yaşayan quşlar və ya balıq sürüsü daha effektiv hərəkət edir, nəyinki tək uçanlar və üzənlər.

Eyni prinsipdən Tour de France velosipedçiləri də istifadə edir.

Sonda, yarasalar və pinqvinlər təsdiqləyər, birgə qucaqlaşıb isti qalmaq da daha rahatdır.

Fotonun müəllifi Thinkstock
Image caption Pinqvinlər qucaqlaşıb

Bu qədər üstünlüyünü nəzərə alsaq, qəribədir ki, bəzi heyvanlar birgə yaşamaqdan boyun qaçırır.

Lakin ev pişiklərindən aydın olur ki, bütün heyvanlar qrup halında yaşaya bilməzlər.

Bəzi heyvanlar üçün qrupun üstünlüklərinə görə yeməyini bölüşdürməyə dəyməz.

"Bir yerdə yeyəndə, sənə daha az çatma ehtimalı var", Kanadadakı Guelph Universitetindən bioloq John Fryxell deyir.

Burada əsas faktor hər bir heyvana yetərincə qidanın çatmasıdır. Bu, hər bir heyvanın nə qədər yeməyə ehtiyacı olmasından asılıdır.

Pişiklərin isə iştahası yaman güclüdür. Misal üçün, bəbir hər bir neçə gün ərzində 23 kq ət yeyir.

Rəqabət güclü olduğu üçün bəbir tək yaşayır və ova çıxır.

Pişiklər ailəsi üçün bir istisna var: şirlər. Şirlər üçün məsələ ərazi məsələsidir, Packer deyir. O, Afrika şirlərinin öyrənilməsinə təxminən, beş il sərf edib.

Savana otlaqlarının bəzi yerlərində ov etmək üçün əla pusqu imkanları var. Ora nəzarət etmək böyük üstünlük deməkdir.

"Ərazinə nəzarət etmək üçün komandan olmalıdır. Ən böyük komanda qalib gəlir", Packer deyir.

Bu birliyi xoşbəxt edən isə tək şirin bir neçə dişi şirə bəs edəcək qədər böyük ov edə bilməsidir.

"Ovun böyüklüyü onların birgə yaşamasına imkan verir, lakin onların qrup halında yaşamasının əsas səbəbi coğarfiyadır", Packer deyir.

Ev pişiklərinin isə, kiçik heyvanları ovladığı üçün, vəziyyəti fərqlidir.

"Siçan tutanda yanında başqalarının olmasını istəmirsən, çünki onu diri udacaqlar", Packer izah edir.

"Vəssalam, bölüşməyə başqa heç nə yoxdur".

Fotonun müəllifi JULIAN STRATENSCHULTE/ Getty
Image caption Pişik siçana qarşı

Bu, bir növ iqtisadi səbəblər, pişiklərin davranışına elə hopub ki, hətta əhliləşmənin də təkliyi onların əlindən alması, mümkünsüz olub.

Nəzərə alsaq ki, pişikləri insanlar əhliləşdirməyib. Əvəzində pişiklər, özləri özlərini əhliləşdirib.

Bütün əhliləşmiş pişiklər Orta Şərq vəhşi pişiyi nəslindəndir. Onları meşəlikdən insanlar çıxarmayıb. Pişiklər özləri siçan yaxalamaq üçün bizim evimizə gəliblər.

Siçan ovlamaq sevdası, insanla pişik arasında münasibətlərin başlanğıcını qoyub. Pişiklər siçan dolu anbarlara vurulub, insanlar isə pulsuz təmizləmdən zövq alıblar.

Ev pişikləri tamamilə adamayovuşmaz da deyillər. Lakin, onların bu "ünsiyyəti" özünəməxsusdur.

"Onlar öz müstəqilliklərini qoruyur və ya ancaq özləri istəyəndə bizə yaxınlaşırlar", pişiklər üzrə ekspert Dennis Turner deyir.

"Pişiklərdə özlərini ayrı tutmaq üçün çoxlu mexanizmlər inkişaf edib", Mills deyir.

Onlar bir-birləri ilə görüşməmək üçün ərazi bölgüsü edirlər. Qəfildən bir-birlərini görəndə isə tüklər qalxır, pəncələr işə düşür.

Əgər pişiklər bir-birləri ilə davanı dayandırmasalar, qruplaşmaları da ağlabatan deyil.

Fotonun müəllifi Thinkstock
Image caption Ev pişikləri davaya meyillidir

Bəzi hallarda və bəzi yerlərdə ev pişiklərinin qrup halında yaşadığını da görürük, lakin aldanmayın, deyir Fryxell.

"Onlar əsil qrup kimliklərinə sahib deyillər", o əlavə edir. "Onlar sadəcə balalarını saxlamaq üçün ümumi bir yer tapıblar".

Hətta heyvanları bir yerə yığan ciddi təhlükə halında belə, pişiklərin əməkdaşlığı gözlənilmir.

"Onlar sadəcə olaraq təhlükə qarşısında da birləşmirlər", Oregon Dövlət Universitetinin bioloqu Monique Udell deyir.

Pişiklər çoxluğun gücünə inanmırlar.

Bütün bunlar, pişiklərin sürü halında yaşamasının mümkün olmadığını deməyə əsas verir.

Lakin, ev pişiklərinin qrup halında yaşamaq nifrətinin zəiflədiyini demək üçün bəzi əsaslar da var.

Journal of Comparative Psychology jurnalında 2014-cü ildə dərd edilmiş araşdırmada, alimlər ev pişiklərinin şəxsi xüsusiyyətlərini sınaqdan keçirirlər.

Tək və yovuşmaz kimi tanındıqarının təsdiqi olaraq pişiklər əsəbi, impulsiv və söz dinləməyəndirlər.

Maraqlısı isə odur ki, onlar öz vəhşi qohumlarından fərqli olaraq daha az yovuşmazdırlar.

Araşdırmalar ev pişiklərini dörd vəhşi pişiklə - Şotland vəhşi pişiyi, xallı bəbir, qara bəbiri və Afrika şiri - müqayisə etdikdə ev pişikləri daha çox qrup halında yaşayan şirlərə bənzəyiblər.

Fotonun müəllifi Thinkstock
Image caption Şirlər birgə yaşayırlar, digər pişiklərdən fərqli olaraq

Onu da demək lazımdır ki, ev pişikləri bir-birlərinə qarşı dözümlülük baxımından əcdadlarından bir xeyli fərqlənirlər.

Romada təxminən 200 pişik Kolizeydə yan-yana yaşayır. Yaponiyanın Aoşima adasında isə pişiklər insanları sayca üstələyir.

Bu koloniyaları qruplar adlandırmaq olmasa da, ev pişiklərinin tənha keçmişindən kənara böyük bir addımdır.

Bu arada isə araşdırmaçılar, təcrübələri zamanı pişiklərin davranışına nəzarət etmək üçün bəzi güzəştlərə getməli olurlar.

Udell pişiklərlə ilk təcrübəsini həyata keçirəndə, onun üçün pişiklərə tapşırıqlar vermək çox çətin idi.

O, əvvəllər itlərlə işləyib. İtlər mükafat üçün istənilən tapşırığı həvəslə yerinə yetirir.

Lakin pişiklər çox qəlizdirlər. Sonradan Udel pişiklərə mükafat üçün seçim imkanı verəndə, vəziyyət dəyişir.

Fotonun müəllifi Thinkstock

"Çətinlik həm də ona görədir ki, biz pişikləri o qədər də yaxşı başa düşmürük", o deyir.

Əgər alimlər pişiklərin ağlına nüfuz edə bilsələr, pişikləri bir yerə toplamaq mümkün ola bilər.

Heyvan davranışları - bura qruplaşmaya qarşı dirənmə də daxildir - əsasən onların sinir sistemindən asılıdır.

Uzun zamanların vərdişlərini nə vaxtsa dəyişmək barədə heç düşünməyə belə dəyməz, Fryxell deyir.

"Ancaq kim bilir? Şirlər bunu bacarıbsa, müvafiq mutasiyanın baş verə biləcəyini də düşünmək olar", o əlavə edir.

"Bəlkə də pişikləri qrup halına gətirmək heç də xəyalpərəstlik deyil".