Şən musiqi niyə bizi pis işlər görməyə vadar edir?

Qulağa xoş gələn və əhvalı yüksəldən musiqilərin qaranlıq yanları da var imiş.

"Whooah" səsi ilə başladığı andan son sətrinədək James Brown-un hit mahnısı Sən Varsan (Xoşbəxtəm) (I Got You - I Feel Good) sanki xoşbəxtlik reseptidir.

Bu musiqi, sözsüz ki, yaradılmış ən gözəl mahnılardan biridir. Eşitdikdə ürək döyüntüləriniz artır, qeyri-ixtiyari başınızı yelləməyə başlayır və hətta ola bilsin ki, musiqinin sədaları altında yumruq atırsınız.

Qəlbin Xaç Atasının (onun avtobioqrafik kitabı Godfather of Soul) bu musiqisinə qulaq asıb özünü şux hiss etməmək mümkün deyil.

Fəqət, cəlbedici musiqi sözlərinin və enerji dolu ifanın arxasında gizlənən bir şey var - mahnıya qulaq asmaq sizi pis işlər görməyə vadar edə bilər.

"Real həyatda musiqidən, insanları müxtəlif yollarla manipulyasiya etmək üçün istifadə olunur," İsrailin Rişon LeZion şəhərində yerləşən Akademik İdarəetmə Araşdırmalar Kollecindən psixoloq Naomi Ziv izah edir.

"Bunun əksəriyyəti neqativ ola blər," o deyir. "Musiqi insanları daha mehriban, daha aqressiv və hətta irqçi edə bilər."

Fotonun müəllifi Rockstar Photography / Alamy Stock Photo
Image caption Marilyn Manson-un musiqilərinin gənclərə şiddəti aşıladığı deyilsə də, bu, hələ ki, psixoloji araşdırmalarla üst-üstə düşmür (Mənbə: Alamy)

Son zamanlar əldə olunan nəticələr uzunmüddətli gümanlarla təzad təşkil edir. Buraya rep və metal ifaçıları Eminem və Marilyn Manson-un musiqilərinin gənclərə şiddəti aşılaması ilə bağlı fikirlər də daxildir.

Məsələn, Kolumbiyadakı orta məktəblərdən birində baş verən hadisələrdə hər iki qatilin Manson-un mahnılarını bəyəndiyi xəbəri yayılsa da, sonralar, bunun yanlış olduğu aşkara çıxıb.

Avstraliyada yerləşən Queensland Universitetinin psixoloqları məhz bu musiqinin əsəblərimizi sakitləşdirdiyini deyirlər.

Genevieve Dingle və həmkarları, insanlardan ağır metal musiqisinə qulaq asmağı istəyiblər. Amma, əvvəl onlardan, dostları və ya həmkarları tərəfindən əsəbiləşdirildiyi bir hadisəni xatırlamaq tələb olunur.

Musiqiyə qulaq asdıqdan sonra, iştirakçılar qulaq asmayanlara nisbətən daha pozitiv emosiyalar yaşadıqlarını etiraf ediblər.

"Ekstremal musiqi dinləmək, dinləyicilərin sinirlərini sakitləşdirməyin ən sağlam yolu ola bilər," Dingle deyib.

Ziv-in tədqiqatı isə, "yüngül musiqilərin" daha çox təhlükəli olmasını təklif edir. Misal üçün o, 2011-ci ildə aşkar edib ki, musiqi insanın mənəvi mühakimələrini dəyişmək gücündədir.

O, bir qrup könüllüdən uydurma bir radioda gedən reklama qulaq asmağı istəyir. Reklamda insanların daha yüksək təqaüd alması üçün saxta sənədlər hazırlayan internet səhifədən danışılır.

Dinləyicilərin yarısı, reklamı Mozart-ın Kiçik Gecə Musiqisindən Allegro-un müşayiətində eşidirlər və digər yarı isə reklama, musiqisiz qulaq asır.

Eynilə də başqa bir qrupdan, internet səhifənin köməyi ilə, kollecdə yalançı seminar kağızlardan istifadə edilə biləcək bir reklama qulaq asmaq xahiş olunur.

Yenə də, qrupun yarısı reklama musiqi müşayiətində, digər yarısı isə musiqisiz qulaq asır. Bu dəfə isə musiqi, James Brown-un Sən Varsan (Xoşbəxtəm) (I Got You - I Feel Good) mahnısı olur.

Hər iki halda reklamı musiqi altında dinləyənlər, bu qeyri-etik və kələkbaz münasibəti qəbul etməyə meylli olurlar. Bəziləri isə, bunda pozitivlik də görə bilirilər.

Nəzakətli laqeydlik

Psychology of Music (Musiqinin Psixologiyası) jurnalında dərc olunan digər araşdırmalarda, iştirakçılardan bir az kobud münasibət tələb olunub - belə ki, onlar başqalarına qarşı laqeyd davranmaq məcburiyyətində qalıblar.

Bu dəfə isə Ziv və komandası, qrammatika testindən sonra, iştirakçılardan kömək istəyirlər. Bu isə musiqi müşayiətində baş verəcəkdi.

İştirakçıların bəziləri James Brown-un məşhur mahnısına, qalanları isə müğənni Elvis Crespo-nun ifasında Suavemente adlı ispan rəqsinə qulaq asırlar. İdarəedici qrup isə heç bir musiqi eşitmir.

İfa gedərkən tədqiqatçılar, bəzi iştirakçılardan bir qız tələbəyə müraciət etmələrini istəyirlər. Həmin qız, kursu bitirmək üçün lazım olan kreditləri araşdırma vasitəsilə əldə edə bilər, lakin iştirakçılar ona, araşdırmada iştirak edə bilməyəcəyini deməlidirlər.

Tədqiqatçılar qızı görmək istəmədiklərini bəhanə edirlər. Digər qrupdan isə, xəstəlik ucbatından ötən semestri dərsə gələ bilməyən bir tələbəyə, söz verilən kurs materialının verilməyəcəyi xəbərini çatdırılması istənilir.

Musiqiyə qulaq asmayanların əksəriyyəti, bundan imtina edir, təhsilini bitirməsin deyə başqasına ziyan vuracaq bir şeyi, xüsusilə də öz işin olmayan bir şeyi etməmək qərarı, əslində heç təəccüblü də deyil.

Amma, Ziv müəyyənləşdirib ki, musiqi müşayiətindəki iştirakçılar arasında ilk testdə tədqiqatçıların istəyini yerinə yetirməyə razılaşanlar 65% təşkil edib. İkinci testdə isə göstərici 82% təşkil edib.

"Əslində çox təəccüblü idi," Ziv deyir. "Onlardan başqasını incitmək tələb olunurdu və bir çoxu bununla razılaşdı."

Fotonun müəllifi Tony Tallec / Alamy Stock Photo
Image caption Paylaşılan musiqi təcrübəsi, bizim qrupa bağlılığımızı artırır (Mənbə: Alamy)

James Brown-un mahnısına qulaq asanlarda nə dəyişir? Ziv düşünür ki, cavabı, özümüzü xoşbəxt hiss edərkən şəxsiyyətimizin necə dəyişməsində axtarmaq lazımdır.

"Keçmişdə aparılan tədqiqatlar göstərir ki, insan özünü xoşbəxt hiss etdikdə hər şeylə daha tez razılaşır və məlumatı ciddi analiz edə bilmir. Məyus insanlar, daha analitik düşünür və razılaşmaya daha az meylli olurlar.

"Milad mahnıları insanları ətrafa qarşı daha üzüyola edən mükəmməl misaldır. Alış-veriş mərkəzlərində düzgün atmosfer yaratmaq üçün musiqilərin səsləndirilməsi və reklamların yerləşdirilməsi üzərində mütəxəssis komandaları işləyir."

Mahnılardakı müəyyən xüsusiyyətlər, beynimizin işləmə formasına də təsir göstərir. Məsələn, ritmik səslər, bir qrup insanın davranış və düşünmə tərzini istiqamətləndirə bilir.

Sinqapur Universitetindən neyroloq Annett Schirmer, beyin dalğalarının nağarada səslənən ritmlərlə eyniləşdiyini aşkar edib.

Bu, qəbilə mərasimlərində nağara və ya dumbulun böyük rolu və ordunun baraban səsi ilə addımlamasının səbəbini izah edə bilər. "Ritm, qrupdakı bütün şəxsləri bərabərləşdirdiyinə görə onların düşüncə və davranışı müvəqqəti olaraq eyniləşir," Schrimer deyir.

Musiqinin laboratoriyadan kənarda davranışa necə təsir edəcəyi aydın olmasa da, Ziv, bunun güclü olacağından əmindir. "Real həyatda məncə, bu, daha ekstremal nəticələrə səbəb ola bilər," o bildirib.

Fotonun müəllifi Getty Images
Image caption Qrupdakı həmrəylik və düşmənçilik duyğularının qarışdığı futbol oyununda, tərəfdarların zarafatları bəzən aqressiv davranışa gətirib çıxarır (Mənbə: Getty Images)

Bu çox narahatedici fikirdir. Ziv, futbol azarkeşlərinin şiddətli davranışı və komanda mahnılarının buradakı rolunu misal çəkir.

"Musiqi, qrupda həmrəylik və razılıq hissi yarada bilər," o deyir. "İnsanlar birlikdə olarkən, daha tez bir-birləri ilə razılaşırlar. Bu, qrup-düşüncəsi deyilən bir şeydir və bu zaman mənəvi mühakimə pisləşir."

Ziv düşünür ki, bu, həmçinin, səsverməyə də təsir edir. "İdeyaların ruh yüksəkliyi yaratması və razılıq əldə etmək üçün, siyasətdə daima musiqidən istifadə olunur."

Texasda yerləşən Dallas Baptist Universitetindən musiqişünas Jason McCoy-a görə, musiqi, əxlaqsız mesajların mənasının normallaşdırılmasına kömək olur.

O, nasistlərin radiolarda yayımladığı sürətli musiqiləri misal gətirir. Onlar bu mahnıların müşayiəti ilə təbliğat mesajları yayaraq daha çox gənci özlərinə cəlb etməyə çalışırdılar.

McCoy-un öz çalışması da buna misaldır. O, 1994-cü il Rvandada baş verən soyqırımla bağlı nifrət mesajlarının yayımlanmasında musiqinin rolunu araşdırıb.

Ziv hazırda vətənpərvər musiqilər və milli himnlərin digərlərinə qarşı irqçi münasibət və antaqonizmi artırması ilə bağlı araşdırması üzərində işləyir.

O, qəhrəmanlığı təqdir edən musiqilərə qulaq asan israilli əsgərlərin, israilli olmayanlara və fələstinlilərə qarşı daha pisniyyətli olduğunu aşkara çıxarıb.

Musiqinin, bizim davranışımıza təsir edən faktorlardan biri olduğu aydındır. Lakin, radioda sevimli musiqinizi dinləyərkən deyilənləri bir də düşünməyə dəyər.

James Brown-un məşhur mahnısındakı anlayışa qarşı: Özünüzü yaxşı hiss etməyiniz, pis işlər görməyəcəyiniz mənasına gəlmir.

  • Bu yazının orijinalını ingilis dilində BBC Future səhfəsində oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burda oxuyun.