London tualetləri: cənnət həzli tazların önündə qəhvə

Qədimi Viktoriyadan qalma tazın yanında bir fincan qəhvə... Gözəllik! Fotonun müəllifi Getty Images
Image caption Qədimi Viktoriyadan qalma tazın yanında bir fincan qəhvə... Gözəllik!

Tikinti bumu və London daşınmaz əmlakının dayanmadan artan qiyməti, Britaniya paytaxtının hər bir kvadrat metrini qızıl qiyməti ilə eyniləşdirib.

Bu, ictimai ayaqyollarına da aiddir. BBC Travel müxbiri də bundan təəccüblənib.

BBC jurnalistləri kifayət qədər tez-tez bu keçmiş tualetə baş çəkirlər. Eləcə də, Londonun düz mərkəzində yerləşən Fitzrovia-dakı digər ofislərin işçiləri.

Onla buraya qəhvə içməyə gəlirlər, amma, bəzən yer olmur. Tualet birdən bu qədər insan tutacaq qədər geniş deyil. Buna baxmayaraq, The Attendant qəhvəxanası çox məşhurdur.

Qəhvəxana, Fitzrovia ərazisində yerləşən Foley küçəsində, 2013-cü ilin fevralında açılıb. Bina Viktoriya dövründə, ictimai ayaqyolu kimi istifadə edilərmiş.

Təmir (və təmizlənmə!) təxminən iki il davam edib. İş ortaqları Pete Tomlinson və Ben Russel qərara alırlar ki, 1880-ci illərdə yaxınlıqdakı Titchfield küçəsində yerləşən tacir bazarı üçün inşa edilmiş bu ictimai ayaqyolunun, ilkin daxili quruluşuna toxunmasınlar.

Fotonun müəllifi The Attendant
Image caption The Attendant kafesi Viktoriya dövründən qalma qədim ictimai tualet binasında yerləşir

Dizaynerlər, taxta piştaxta ilə üzbəüz, altı taz yerləşdirərək qonaqlar üçün masa qurublar. Onlar divar plitələri, bürünc borular və əl qurudanları olduğu kimi saxlayıblar.

Məsələnin istehzalı tərəfi isə, keçmiş ictimai tualetin yerində ucalan bu qəhvəxananın öz tualetinin olmamasıdır.

"Burada tarix yatır"

Londonluların tualet sevdası çox qədim və bir az da təsirli bir hekayədir.

Bir neçə il əvvəl Londonun cənubunda yerləşən Kennington-da - eynilə Viktoriya dövründən qalmış ictimai ayaq yolunda - Artslav adlı incəsənət qalereyası açılıb.

Bu layihənin yaradıcıları yerli sakinlərdir. Onlar, qalereyada konsertlər, bədii gecələr və s. keçirirlər. Proqrama teatr səhnələri və kinolar da daxildir.

"Biz qədimi mərmər tazları saxlamışıq, onlar gözəl görünürlər," təsisçilərdən biri John Davies fəxrlə deyir. "Burada tarix yatır."

Fotonun müəllifi The Attendant
Image caption The Attendant kafesinin dizaynerləri taxta piştaxta ilə üzbəüz altı klassik taz (şəkildə solda) yerləşdiriblər

John Davies-in sözlərinə görə, bu yer altında yerləşən tualetə tez-tez baş çəkənlərdən biri, 1960-ci illərin tanınmış londonlu dramaturq və intellektual siması Joe Orton olub.

Orton yazırdı ki, homoseksuallar yeraltı tualetlərdən seks üçün istifadə edirlər. Eləcə də, ictimai ayaqyolları geylər üçün görüş yeri idi.

Londonun cənubunda Crystal Palace rayonunda yerləşən başqa bir ictimai ayaqyolu da ikinci həyat yaşayır.

Memar Laura Clark buranı ikiotaqlı mənzilə çevirmək qərarına gəldikdə, özü də buna inanmırdı.

Tam bərpa və yenidənqurma 2012-ci ilin yayında başa çatır və bu, Clark-a cəmi 65 min funt sterlinqə başa gəlir.

Müasir Notting Hill-də yerləşən Western Grove küçəsindəki XIX əsrdən qalma daha bir ictimai tualet, yerli sakinlərin o qədər xoşuna gəlir ki, onlar ona ləqəb veriblər - "Lacivərd Ada".

Mərkəzi dairədə yerləşən binanın ətrafında sonradan tualet inşa edilir və bura 1993-cü ildə kiçik ticarət mərkəzinə çevrilir. Bu romantik ləqəbin səbəbi isə keçmiş tualetin divarlarının rəngi olub.

Turistlər üçün ayaqyolu turu

Müasir Londonda qeyri-adi dizaynlı tualetlərin inşası artıq ənənə halını alıb. Tualetlər həvəskarı Rachel Erickson da zamanla ayaqlaşır.

Rachel Britaniyanın paytaxtına California-dan 2011-ci ildə köçüb. O, teatr incəsənəti üzrə təhsil almağa gəlsə də, tezliklə bələdçi kimi işləməyə başlayır.

Onun tematik ekskursiyalarının göz muncuğu "Ayaqyolu turudur". Rachel təsdiq edir ki, bu turun dünyada analoqu yoxdur.

"Londona az büdcəli turist kimi səyahətlərim zamanı mən, pulsuz ictimai tualetlərin azarkeşinə çevrildim," o etiraf edir.

Fotonun müəllifi Becky Lucas
Image caption Ah bu London tualetləri... Onlara vurulmamaq əldə deyil

"Mən əvvəl Shakespeare ilə bağlı yerlərə tur təşkil etməyi düşünsəm də, sonradan fikrimdən daşındım. Fikirləşdim ki, London tualetlərində daha çox maraqlı şeylər gizlənir."

Rachel Erickson həftədə iki dəfə 24 nəfərdən ibarət turist toplayır və London tualetlərinə bir saat yarımlıq tur təşkil edir.

Heç kim qrupdan ayrı düşməsin deyə o, əlində boru tıxacı açan alət saxlayır və tez-tez havada yellədir.

"Ən maraqlısı isə odur ki, ekskursantlarımın demək olar ki, hamısının tualet ilə bağlı öz hekayəsi var," Erickson deyir.

Turistlərdən biri danışırmış ki, bir dəfə o, tualetdə olarkən tavan üzərinə aşır və son anda ölümdən qurtulur. Hadisə onda sivilizasiyanın bu kəşfinə qarşı həvəs oyadır.

Yerdən ucalan tazlar və tualet poeziyası

Rachel Erickson-un ayaqyolu turuna Londonun qeyri-adi tualetləri daxildir. Tarixi və yenidən bərpa olunan tualetlərlə yanaşı, hələ də istifadədə olanlar var.

Bizim turumuz West End-də yerləşən Jubiloo tualetində başladı. Bu tualet kraliçanın 2012-ci ildəki yubileyi münasibəti ilə tikilib (ingilis dilində "yubiley" "jubilee" deməkdir və "loo" isə "tualet" mənasına gəlir). Unitazların oturacağı və əl qurudanlar Britaniya bayrağı formasında rənglənib.

Fotonun müəllifi Becky Lucas
Image caption Açarı çevirin və taz yerdən çıxacaq

Sonra Rachel Erickson, Embankment metro stansiyası yaxınlığında yerdəki yumru dəmir lövhənin ortasında dayandı. "Açarı çevirin və taz yerdən çıxacaq," bələdçimiz şəhərin sirlərini bizimlə bölüşür.

Bu teleskopik tazlar, gecələr pivəxanaların qarşısında yerdən çıxırlar və içkili kişilər, yenicə içdikləri pivəni böyrəklərindən asanlıqla boşalda bilirlər.

Hollandlar tərəfindən layihələşdirilən bu qurğular, axşam saat 7-dən səhər saat 6-dək işləyirlər və şəhəri gündəlik 40 min litr sidikdən qoruyurlar.

Bizim növbəti dayanacağımız Aldwych küçəsində yerləşən Cellar Door barının yanıdır. Bu bar da Viktoriya dövründən qalma tualetdə yerləşir.

Deyilənlərə görə buraya Oscar Wilde da baş çəkərmiş.

Rachel Erickson insanlara geniş informasiya verir: harada pulsuz ictimai tualet tapmaq olar (məsələn, Royal Festival Hall konsert zalının ayaqyolularında tualet növbəsində dayanmaq əvəzinə ən aşağı mərtəbədəki ayaqyolundan istifadə etmək olar), ictimai tualetlər sənayesi necə yaranıb (Rachel Britaniya Tualetlər Assosiasiyasının üzvüdür), Rachel Londonun hansı nəfis tualetində toy edəcəyi haqqında da məlumat verir (Chancery Lane-də yerləşən Knight's Templar Pub adlı barın tualetində - orada kilsədəki kimi sıralar arasından keçmək də mümkündür).

Ayaqyolu turu əsnasında bələdçimiz şeirlər də oxuyur - tanınmış Kristal Sarayında tikilən ilk ictimai ayaqyolu şərəfinə yazılmış Viktoriya dövrünə xas sonet.

Həmin tualetin istifadə haqqı cəmi bir penni (qəpik) olub. İngilislərin "penni xərcləmək" (tualetdən istifadə etmək) ifadəsi burdan qaynaqlanır.

"Cəmi bir qəpik insana cənnət həzzi bəxş edir... insanın bütün narahatlıqlarına son qoyur."

Fotonun müəllifi Doingsomething.co.uk
Image caption Amerikalı Rachel Erikson - Londonun ictimai ayaqyollarının tarixi ilə yanaşı, müasir qurğuların da həvəskarıdır
  • Bu məqalənin orijinalını ingilis dilində BBC saytında oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burdan oxuyun.

Əlaqəli mövzular

Bu barədə daha geniş