Özünü yalandan işgüzar göstərib canfəşanlıq etmək yaxşıdırmı?

Telefonla Fotonun müəllifi Chung Sung-Jun/ Getty

Həmkarlarınız və müştərilərlə səmimi olmaq alınmır? Alina Dizik müəyyənləşdirib ki, saxta davranış karyeranız üçün müəyyən qədər əlverişli ola bilər.

Həkim Rebekah Bernard xəstə qəbul edərkən, onların sağlamlıqları haqqında şikayətləri ilə bağlı həmişə səmimi ola bilmir. Xüsusilə də, xəstəliyin əlacı onların öz əlindədirsə. Məsələn, həyat tərzi ilə bağlı olan köklük və onun fəsadları kimi.

Lakin, həqiqi hisslərinə baxmayaraq, o, niyyətini peşəkar və incə bir tərzdə gizlədir və xəstənin daha mühüm olduğunu unutmur. Hər zaman onlara əlindən gələn köməyi göstərir.

Bir sözlə, o, işində qeyri-səmimidir. Amma deyir ki, bu, işinin, həmkarlarının və xəstələrinin xeyrinədir.

Bernard heç də bunu edən tək insan deyil. Bir çoxumuz işimiz keçsin deyə lazım olanı edirik və ya deyirik.

Bəs bu bizi saxta və yalançı kökünə salmırmı?

Yox, əslində.

İşdə əksəriyyətimiz digərlərini utandırmamaq və ya özümüzü canıyanan göstərmək üçün yalançı davranışlara əl atmışıq. Bu davranışı yaxşı ifa etmək isə qiymətsiz bir bacarıqdan xəbər verə bilər.

İstər bitməz-tükənməz bir şikayətə qulaq asmaq olsun, istərsə də inanmadığınız bir şey üçün şahidlik etmək, bunu səmimi-qəlblə etmədiyinizi bilsəniz də, əslində, haqqınızda yaxşı imic formalaşdırırsınız.

Fotonun müəllifi Getty Images
Image caption İşdə əksəriyyətimiz digərlərini utandırmamaq və ya özümüzü canıyanan göstərmək üçün yalançı davranışlara əl atmışıq

Misal üçün Bernard, həmkarları və xəstələrinin onun üçün bir ayna olduğunun tez-tez şahidi olur. Belə ki, adətən göstərdiyi münasibətin eynisini o, qarşıdakı insandan görür.

Qayğıkeş münasibət xəstələrə təsir göstərir və belə olduqda müalicələr effektiv nəticə verir.

"Bəzən olur ki, buna özünü həqiqətən də məcbur etməli olursan və bacardıqdan sonra, daha yaxşı nəticələr əldə edirsən," o deyir.

"Mən bunu 'saxtakarlıq' adlandırmazdım. Aktyorluq daha münasib sözdür bu məqamda."

Bəs, əgər vəziyyətin sizi saxtakar kimi hiss etdirəcəyindən narahatsınızsa, səmimiliyinizi necə nümayiş etdirəcəksiniz?

Bunun üçün Bernard bədən dilindən istifadə edir.

Arada əlaqə yarada bilmək üçün o, aktiv dinləmə üsuluna əl atır - xəstə danışarkən ona tərəf əyilir, oturacağında elə bir formada əyləşir ki, xəstə ilə göz-gözə qala bilsin və xəstənin dediklərini öz sözləri ilə təkrarlayır ki, xəstə, həkimin hər şeyə qulaq asıb anladığından əmin olsun.

O, stressli günlərdə bunun üçün daha çox enerji sərf etməli olsa da, deyir ki, nəticə buna dəyər.

Pozitiv davranış

Tədqiqat göstərir ki, özünü pozitiv göstərə bilmək insanı daha xoşbəxt edir.

2014-cü ildə ABŞ-ın Washington Dövlət Universitetində beş ölkədən olan tələbələr arasında aparılan bir araşdırma göstərib ki, xoşbəxt ekstrovert kimi görünənlər, təcrübənin sonunda həqiqətən də xoşbəxt olublar.

Bəs həmkarlarınızı bəyənmədiyiniz və ya mövzuya inanmadığınızda necə olsun?

Özünü qayğıkeş göstərməyin çatışmazlığı varmı?

Bu, doğru şeyi etdiyinizə inamınız və ya sadəcə olaraq, manipulyasiya edirmiş kimi davranmanızdan asılıdır.

"İnsanlar sizin düşündüyünüzdən daha çox qeyri-səmimi olduğunuzu anlaya bilərlər," California-da yerləşən Stanford Universitetinin Şəfqət və Fədakarlıq Araşdırma Mərkəzindən Monica Worline deyir.

Fotonun müəllifi Getty Images
Image caption Bir çoxları qeyri-səmimi olduğunuzu görməyi bacarır

Həmkarlar barəsində hiss etdiyiniz qayğıkeşliyin səbəbləri, qarışıq olar bilər, Worline izah edir.

Məsələn, marafon qaçışına hazırlaşan müdiriniz üçün pul ianəsi etmək, iş münasibətinizə yaxşı təsir göstərə bilər.

"Adətən, bu, belə yozulur: 'Sən mənə nə isə verdiyinə görə, mən də sənə nə isə verirəm'. Bunu ört-basdır etmək - daha səmimi göstərmək isə çətindir," o deyir.

Qeyri-səmimilik işə yaradıqda

Başqa bir yol isə hisslərinizi təqlid etmək əvəzinə, marağınızı hərəkətə keçirib ortaq nöqtə axtarmaqdır, Atlanta-da iş mədəniyyəti üzrə mütəxəssisləşmiş psixoloq Brandon Smith deyir.

Sizə maraqlı olan mövzular haqqında suallar vermək və başqa bir vaxt bunu yenidən davam etdirmək həmkarınız ilə səmimi münasibətdə olduğunuzu göstərir, o deyir.

Misal üçün əgər həmkarınızın tətili haqqında eşitmək sizə maraqlı deyilsə, diqqətinizdə olan iş layihəsi haqqında danışın.

Sizi həqiqətən də maraqlandıran bir şey haqqında danışmaq, maraqsız saydığınız bir şey haqqında tələsik söhbətdən daha faydalıdır. Bu halda qeyri-səmimi damğasından qurtulmuş olarsınız.

"Qarşınızdakı insan barəsində həqiqətən maraqlanırsınızsa, onlar bu səmimiliyi hiss edirlər," o davam edir.

Təşəkkür notu, kiçik hədiyyələr yaxud araşdırma və ya cari sənaye xəbərləri ilə bağlı keçidlər göndərmək kimi jestlər də, həmkarınıza qarşı isti münasibətin carçısı ola bilər, Smith əlavə edir.

O, müştərilərinə şəfqətli olmaqdansa, səmimi olmağı məsləhət bilir. Şəfqət hissi yazığı gəlirmiş kimi yozula bilər.

"Şəfqət, simpatiya hissi bəxş edə bilər," o deyir.

Bu da həmkarlarınızda başa düşülmüş yox, mühakimə olunmuş hissi yaradar.

"Bir kəs üçün nə isə etmək daha yaxşıdır."

Səmimiyyət iddiası

Tez-tez saxtakarlıq etmək də bir işə yaramır. Bunu araşdırarkən Worline müəyyənləşdirib ki, həmkarlar real və saxta emosiyalar və hərəkətləri ayıra bilirlər.

"Münasibəti qeyri-səmimi tərzdə ifadə etmək insanlar tərəfindən asanlıqla nəzərə çarpır," o deyir.

"Bunu ört-basdır etmək, düşündüyümzdən çətindir."

Nəticədə, həmkarlarınızın sizə qarşı inamı azala bilər, o əlavə edir.

İndividual səviyyədə də saxta münasibət insana baha başa gələ bilər.

"İşdə saxta davranış göstərən insanlar, daha tez yorulurlar," Worline deyir.

İşdə gün ərzində hisslərini saxtalaşdıran insanlar, daha tez depressiyaya düşür, daha tez stress yaşayır və işlərindən şikayət edirlər, o əlavə edir.

Tədqiqatçılar bildirirlər ki, iş yerində digərləri ilə səmimi münasibət qura bilmək, karyeranız üçün ən yaxşısıdır.

Və bəzi şirkətlər işçilərinə bu yolları öyrənmək üçün dəstək olurlar.

Fotonun müəllifi Getty Images
Image caption İşdə saxta davranış göstərən insanlar, daha tez yorulurlar

Kanadanın Ontario şəhərində Kitchener-də yerləşən Plastiklik Laboratoriyası, şirkətlərə onlayn platforma təklif edir.

Onlar bu yolla işçilərinə hər gün bir neçə dəqiqə rəğbət, möhkəmlik və şəfqət kimi xislətləri tətbiq etməyi öyrədə bilirlər, Plastiklik Laboratoriyasının xoşbəxtlik üzrə elmi işçisi Dave Whiteside deyir.

Təqribən 35 şirkət, laboratoriyanın emosional zəka platformasından yararlanaraq, işdə rahat atmosfer yaratmağa çalışır.

İşçilər, işdəki problemlərə qarşı müxtəlif münasibətləri anlamaq üçün, onlayn tapşırıqlar yerinə yetirirlər.

İlk addım isə həmkarların problemlərinin qayğısına qalmaq üçün qulaq asmağı öyrənməkdir, o deyir.

"Məsələdən agah olmasanız, əlinizdən bir şey gəlməz," Whiteside deyir.

"Məqsəd, başqasının nöqteyi-nəzərindən düşünmək bacarığını formalaşdırmaqdır".

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Capital saytında oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burdan oxuyun.

Əlaqəli mövzular