Mənal əl-Şərif: Səudiyyə Ərəbistanında avtomobil sürmək qadağasına meydan oxuyan qadın

Manal al-Sharif Fotonun müəllifi Getty Images

Səudiyyə Ərəbistanından olan Mənal əl-Şərif adlı bir qadının ölkədə avtomobil idarə etmək üçün başlatdığı mübarizə təcavüzlər, həbs həyatı və sonda ölkəsindən uzaqlaşmasıyla nəticələnən bir hekayəyə çevrilib.

Hələ də Avstraliyada yaşayan 38 yaşlı əl-Şərif 6 il əvvəlki "üsyanını" və ötən 6 ildə yaşadıqlarını Böyük Britaniyanın "Times" qəzetinə danışıb.

Mənal hər şeyin həkim müayinəsindən çıxdıqdan sonra evə qayıtmaq üçün taksi tapa bilməməsi ilə başladığını söyləyir.

Geri qayıdan zaman yaşadığı narahatlıqları danışan Mənal "Mən niyə belə təhqir edilməliyəm? Sürücülük vəsiqəm və maşınım olduğu halda niyə avtomobil sürə bilmirəm?" deyir.

Mənal əl-Şərif Ərəb Baharının hələ yayılmağa başladığı o dövrdə özünü sükan arxasında görüntülədiyi bir "etiraz videosunu" YouTube vasitəsilə paylaşıb.

Video həmin gün 700 dəfə izlənib, ancaq onun yaratdığı reaksiya Mənal və ətrafının həyatını kökündən dəyişdirib.

Mənalın qardaşı təcavüzə məruz qaldığına görə qonşu Küveytə köçmək məcburiyyətində qalıb.

Atası isə məsciddə qızına lənət oxunduğu bir söhbəti eşidib.

Mənal əl-Şərif üç həftə "hamam həşəratları ilə dolu" bir kamerada "qadın olmasına baxmayaraq avtomobil idarə etmək istəməsi" ittihamı ilə həbs cəzası çəkib.

Fotonun müəllifi Getty Images

"Qadınlar avtomobil sürən zaman bütün bəd əməllər məhv olacaq"

Səudiyyə Ərəbistanında qadın haqlarıyla bağlı onlarla problem olduğu halda Mənal-ı niyə ən çox avtomobil sürməmək narahat edirdi?

"Bizim şəhərlərimizdə küçələr piyadalara uyğun deyil. Sərnişindaşıma da yaxşı deyil. Səudiyyə Ərəbistanında avtomobil sürmək azadlıq deməkdir. Bir kişinin himayədarlığı olmadan gəzə bilmək deməkdir. Kişi himayədarlığı burada qadınlara məhdudiyyətlər qoymaq üçün istifadə olunan bütün bəd əməllərin qaynağıdır. Bir gün qadınlar avtomobil idarə etməyə başladıqları zaman bu bəd əməllər məhv ediləcək."

Səudiyyə Ərəbistanında qadınların yalnız 11 faizi işləyir. Belə bir ölkədə kompüter mühəndisi kimi işləyən Mənal apardığı mübarizə zamanı texniki olaraq qadınların avtomobil idarə etməsinin ölkədə qadağan olunmadığını da kəşf edib.

Mənal Səudiyyə Ərəbistanı kral ailəsinin "Ölkə, qadınların avtomobil idarə etməsi üçün həddən artıq mühafizəkardır" açıqlamasını isə "gülünc" adlandırıb.

Fotonun müəllifi Getty Images

Kitab yazdı

Birinci həyat yoldaşından ailə daxili şiddət görən Mənal əl-Şərif Səudiyyə Ərəbistanının Aramco neft-qaz şirkətində tanış olduğu braziliyalı bir insanla evlənmək istəməsi hökumət tərəfindən rədd edilib.

Bunun nəticəsində Mənal ölkədən ayrılmaq məcburiyyətində qalıb.

Mənal əl-Şərif birinci ərindən olan uşağını ildə 2 və ya 3 dəfə görə bilər.

Braziliyalı həyat yoldaşından olan uşağın qardaşı ilə tanış olması üçün ölkəyə girişinə icazə verilmir.

Mənal əl-Şərif sosial media üzərindən başlatdığı mübarizəni bu gün yazdığı kitabla (Daring to Drive) davam etdirir.

Mənal yaşadığı müddət ərzində ölkəsində bərabərliyin mümkün olacağını düşünməsə də, bunun ancaq bir gün qadınların mübarizəyə qərar verməsiylə reallaşacağını söyləyir.

"Haqlarına inanmayanlar bu haqları başqasından tələb edə bilməzlər. Qadınlar onlara bərabər bir şəkildə davranılmasına inanmaq məcburiyyətindədirlər. Ancaq bu yolla yaşadıqları ölkənin bütün haqlarına sahib bir vətəndaşı ola bilərlər."

Əlaqəli mövzular