Türkiyəyə evlərinə qayıda bilməyən zabitlər

Maria Psara speaks to two Turkish officers
Image caption Maria Psara kimliyini gizli saxlayan iki türk zabiti ilə görüşüb

Keçən ilin iyul ayında Türkiyədə baş vermiş çevriliş cəhdi Ankara və İstanbulun küçələrində döyüşə səbəb olmuşdu. Çox keçmədən sülh bərpa edildi, günahkarlar həbs olundu və hakimlərdən tutmuş müəllimlərə qədər minlərlə insanın təmizlənməsinə başlandı. Onlar üsyançılarla əlaqədə ittiham olunurdular. Brüsseldən Maria Psara-nın söylədiyi kimi, təmizlənmə Belçikaya qədər çatıb və təsiri hələ də hiss olunur.

Brüsseldə yerləşən kiçik bir kafedə oturan iki kişi ətrafa baxıb izlənib-izlənmədiklərindən əmin olmağa çalışırdılar. Onlarla gələn iki qadın isə sakit oturmuş, danışmaq üçün işarə gözləyirdilər.

İbrahim mənə həyatları ilə bağlı narahatçılıq keçirdiklərini əvvəlcədən söyləmişdi.

"Türkiyə mediası bizi "terrorist" adlandırır və bildirir ki, bizi ya Türkiyənin, ya da Rusiyanın gizli polisi öldürəcək," o demişdi.

"Türkiyəli rəsmilər bizi satqın kimi qələmə verir və insanlara bizə hücum etməyi məsləhət bilirlər."

Bir ilə öncə İbrahim və Abdulla (əsl adları deyil) Türkiyənin Natodakı nümayəndə heyətinin yüksək rütbəli üzvləri idi. İndi isə hər ikisi işsiz və de-fakto olaraq dövlətsizdirlər. Onlar bir il əvvəl Türkiyədə çevriliş cəhdindən sonra, baş tutan təmizlənmənin saysız itkilərindən olan iki nəfəridir.

Aişə və Dəniz (yenə də ləqəb adlar) isə bu iki zabitin həyat yoldaşlarıdır. Onların həyatı tamamilə dəyişib. Onlar evlərini, gəlir yerlərini itirməklə yanaşı, bir də vətənlərinə qayıtmamaq təhlükəsi yaşayırlar.

2016-cı il iyulun 15-i gecə saatlarında çevriliş üçün edilən uğursuz cəhddən sonra, minlərlə dövlət qulluqçuları, hakimlər, müəllimlər, jurnalistlər Türkiyə prezidenti Recep Tayyip Erdoğan-nın devrilməsi cəhdinin təşkilində günahkar bilinən - özü isə ittihamı rədd edir - sürgündə olan din xadimi Fetullah Gülenin tərəfdarı bilinərək həbs olunublar.

Onların arasında xaricdə xidmət edən yüzlərlə ordu zabitləri özünü təhlükədən uzaq hiss edirdi. Ən azından, onların çevrilişdə aktiv rolu olmamışdı.

"Türkiyə ordusunun 600,000-dən çox heyəti var," İbrahim deyir. "Əgər bu böyüklükdə bir ordu çevrilişə qərar verərsə, xaricdəki zabitlərə ehtiyacı olmaz. Türkiyədəkilərin sayı bunu bacarmağa kifayət edir."

Image caption Zabitlərdən biri ləğv edilmiş pasportunu göstərir

Fəqət, avqustda Brüsselə hər cümə günü iş saatlarından sonra, adlardan ibarət siyahılar gəlməyə başlayır. Siyahılarda işindən kənarlaşdırılan və ya vəzifəsindən azad edilən zabitlərin adları qeyd olunurdu və atılan addımlar ilə bağlı heç bir izah verilmirdi.

Sentyabrın sonunda Brüssel və yaxınlıqdakı Monsda yerləşən Nato baş qərargahına xaricdəki Türkiyə missiyasına 221 bir nəfərin adı qeyd olunan uzun bir siyahı gəlir. Məktubda Türkiyə Baş Qərargahı, zabitlərin Türkiyəyə qayıtmasını əmr edirdi. Yenə də heç bir izah və ya səbəb göstərilməmişdi.

"Mənim adım da siyahıda idi. Bizə qarşı ittihamları aydınlaşdırmaq üçün Türkiyə ilə əlaqə saxladıq," Abdulla deyir.

"İlk uçuş ilə ölkəyə qayıdın," aldığımız yeganə cavab olmuşdu.

Əmrə tabe olmayanlar, noyabrın 22-i verilən fərmanla Gülençi hərəkatına istinad edilərək "terrorçu təşkilatla" əlaqədə günahlandırıldılar.

Onların Türkiyədəki mülkləri donduruldu və pasportları ləğv edildi.

Bu vaxta qədər artıq aydın idi ki, Türkiyənin çağırışlarına tabe olanlar təhlükə ilə üzləşmişdilər.

Bir qrup zabit tələsik əşyalarını və maşınlarını satıb, elektrik və qaz müqavilələrini ləğv edib oktyabrın əvvəli Türkiyəyə qayıtmış və demək olar ki, hamısı həbs olunmuşdu - bəziləri elə aeroportdaca, bəziləri isə baş qərargaha gedərkən.

Elə təxminən eyni vaxtda Brüsseldəki bir donanma zabiti, əsas heyətin "standartlaşdırması" üzrə Ankarada baş tutan təcili görüşə çağırılır.

"Silahlı qüvvələrdə olan istənilən şəxs bilir ki, standartlaşdırma təcili adlandırıla bilən bir mövzu deyil. Görüşün yalançı olduğunu bilsə də, həmin zabit getməyə qərar verir, çünki, qorxmaq üçün heç bir səbəbi yox idi," İbrahim deyir.

Bu isə qurama bir oyun olub. O, həbs olunub və hələ də məhkəməni gözləyir.

"İndiyə qədər ona qarşı heç bir dəlil göstərilməyib," Abdulla söyləyir.

Həyat yoldaşı və uşaqlarına onun həbsi haqqında rəsmi məlumat verilməmişdi. Onlar Belçikada qalıblar və çətinliklə yaşayırlar.

Bu ailələrin və öz başlarına gələnləri təsvir etdikcə zabitlər və onların həyat yoldaşları çox qəmgin görünürdülər. Ancaq bir hadisə onları gülümsədə bilir. Çevriliş cəhdindən bir neçə gün əvvəl onların həmkarlarından biri ciddi yol qəzası keçiribmiş. Çevriliş günü isə Belçikada reanimasiyada olub.

"O huşsuz idi," İbrahim deyir.

Fəqət, o da çevrilişdə günahkar bilinənlərdən biridir.

Ümumi olaraq dünya üzrə Natoda və Türkiyənin diplomatik missiyalarında xidmət göstərən 950 zabitdən təxminən 700-ü işindən kənarlaşdırılıb. Onların əksəriyyəti ev sahibi ölkələrə- məsələn, Almaniya və Norveç - sığınacaq üçün müraciət edib və bəzilərinin müraciəti qəbul olunub.

Belçikadakı Türkiyəli zabitlərin əksəriyyəti ailələri ilə birgə hərbi sığınacaqda qalırmışlar. Onların bir çoxuna sentyabrın sonuna qədər köçmələri üçün vaxt verildiyi halda, Monsda yaşayanların uşaqlarının məktəbinə görə tədris ilinin sonunadək qalmağa icazə verilib. Bəziləri yeni həyata alışmaq üçün daha tez köçüblər. Bəziləri isə gizli heç bir şeyləri olmadığı və qorxmadıqlarını iddia edərək qalmağa üstünlük veriblər.

"Türkiyə hərbçiləri bizi bazadan çıxarmağa və həyatımızı çətinləşdirməyə çalışsalar da, Nato onların məntiqsiz iddialarına qarşı çıxdı," Abdulla deyir.

Abdulla əlavə edir ki, Natonun Monsdakı müttəfiq komanda qərargahının başçısı Gen Curtis Scaparotti bu zabitlərin çevriliş planlamasında iştirakı ideyasını rədd edib. Xarici həmkarları isə başqa yolla köməklik göstərməyə çalışıblar. Bəziləri maddi yardım edib, bəziləri Türkiyəli ailələri Milad axşam yeməyinə dəvət edib və hətta bəziləri öz evlərini onlar üçün açıblar.

"Yekdilliklə hamı Türkiyəyə qayıtmamağı məsləhət bildi."

Uşaqlar üçün isə Nato məktəbindən Belçika məktəbinə keçmək böyük dəyişiklik olub. İngilis dilli təhsil birdən-birə hamının flamand və ya fransızca danışdığı mühitlə əvəzlənib.

Ailələr hələ ki, əmanətləri ilə dolanırlar. Lakin, az bir zaman sonra, özlərinə iş tapmalı olacaqlar. Lakin, sığınacaq almamış işləyə bilməzlər.

Onlar həmçinin evdən çıxmağa da ürək etmirlər. Erdoğan tərəfdarları tərəfindən tutulmaq qorxusu içindədirlər. Belçikada yaşayan türklərin üçdə birindən çoxu apreldə baş tutan referendumda prezidentin gücünün artmasına səs veriblər. Prezident tərəfdarları ilə qarşı çıxanlar arşında baş tutan qarşıdurmalarda bir neçə nəfər xəstəxanaya yerləşdirilmişdi.

Yeniyetmə yaşlarından hərbi məktəblərdə olan zabitlər, siyasi baxışlarını ifadə etməyə də istəksiz yanaşırlar. Onlar Fetullah Gülen ilə əlaqəni inkar edirlər. Eyni zamanda, prezident Erdoğan-ın ölkəni apardığı istiqamətdən də narahatdırlar - Qərbdən uzaq və müsəlman dünyası və Rusiyaya daha yaxın.


15 iyul çevriliş cəhdi

  • Türkiyə ordusundan bir dəstə, Türkiyə parlamenti binası və prezident sarayına bombalar ataraq, İstanbul və Ankara küçələrinə tanklar yeridərək hakimiyyəti devirməyə cəhd göstərib
  • Prezident Recep Tayyip Erdoğan çevrilişə qarşı insanları küçələrə səsləyib
  • Müxalifət liderləri və yüksək rütbəli hərbi komandirlər də bunu ictimai şəkildə qınayıblar
  • 260 nəfər ölüb və minlərlə insan yaralanıb
  • Erdoğan aparıcı ABŞ generalını çevriliş təşkilatçılarına dəstəkdə ittiham edib və Fetullah Gülenin Amerikadan ekstradisiyasını tələb edib - Amerikalı rəsmilər isə bunun üçün dəlil istəyiblər

Onlar iddia edir ki, Türkiyə Ordusunun müasir dünyəvi respublikanın qəyyumu kimi rolu təhlükə altındadır. Təmizlənmə nəticəsində Qərbyönlü zabitlər ya siyasi İslamı dəstəkləyən, ya da Şərq və Rusiyayönlü zabitlərlə əvəz olunublar.

Nato mənbələri məxfi şəkildə də olsa, yeni zabitlərin əvvəlkilərdən qat-qat zəif olduqlarını təsdiqləyirlər.

Keçmiş zabitlərin vətənpərvərliyini keçirdikləri əsəbdən anlamaq olur.

"Görürsünüz?" Abdulla pasportunu göstərərək soruşur.

"Həyatım boyunca ölkəmə, bayrağıma xidmət etmişəm. İndi isə etmədiyim səhv ucbatında kimliyimi gizlətməyə məcburam."

"Bizim ərlərimiz gündəlik və ailə həyatlarını işlərinə qurban vermişdilər. Onlar, bizimlə deyil, işləri ilə evli idilər," Aişə deyir.

Abdulla deyir ki, onun ən böyük arzusu Türkiyənin yenidən "normal hala" qayıtmasıdır.

"Yenidən bizim qürur duyduğumuz ölkəyə çevrilsin," o əlavə edir.

"Və biz geri qayıtmaq istəyirik."

Maria Psara Etnos qəzetinin Brüsseldəki müxbiridir.

Bu barədə daha geniş