Evlilik insanları necə dəyişir?

Evlilik Fotonun müəllifi Brent Stirton/ Getty

Bir çox subaylar evli dostlarının getdikcə dözülməz və darıxdırıcı olduğunu deyirlər. Bu, nə dərəcədə doğrudur?

"Niyə günümüzdə 30 yaşlarında subay olan bu qədər qadın var, Bridget?" Bridget Jones-un Gündəliyi filmindəki şam ziyafətindən bu səhnə, evli dostlar ətrafında yeganə subay olan hər kəsə yəqin ki tanışdır.

Psixoloqlar evliliyin, Bridgte-in ailəli dostları kimi insanlarda özünə güvən yaradıb-yaratmadığını tam aşkarlaya bilməsələr də, bir tədqiqat göstərib ki, başqa bir şəxsə bağlanıb onunla yaşamağa qərar vermək şəxsiyyətimizi həm yaxşı, həm də pis mənada dəyişə bilər.

Bir başqası ilə həyatını birləşdirmək sadiqlik və açıqfikirlilik kimi anlaşıla bilər. Həyat tərzindəki radikal dəyişikliyi heç vurğulamağa dəyməz. Eləcə də, eyni insanla həyatını paylaşmaq üçün müəyyən dərəcədə səbrə və diplomatik düşüncəyə sahib olmaq lazımdır.

Fotonun müəllifi Cultura Creative (RF) / Alamy Stock Photo
Image caption Evlənməyə hazırlaşan cütlüklər unutmayın: həyəcan bir müddət davam etsə də, adətən bir ildən sonra, hər şey əvvəlki vəziyyətinə qayıdır

Evliliyin şəxsiyyətimizi nə dərəcədə dəyişməsi tədqiqat mövzusu kimi səslənsə də, hər il milyonlarla insan ailə qurur.

Mövzu ilə bağlı məlumatlar isə son dərəcə səthidir. Bu yaxınlarda almanlar bir araşdırma aparıblar. Onlar təxminən 15 min evli insanın dörd il boyunca keçirdiyi xarakter dəyişikliyinə nəzər salıblar.

Fotonun müəllifi United Archives GmbH / Alamy Stock Photo
Image caption Sən demə Bridget Jones kimi subaylıq sultanlıqdır yolunu seçmək, həqiqətən də daha maraqlı imiş

Araşdırma əsnasında iştirakçılardan 664-ü evlənib və buda Münster Universitetindən Jule Specht və həmkarları üçün onlardakı dəyişiklikləri tam görmək imkanı yaradıb.

Araşdırmaçılar müəyyənləşdiriblər ki, evli iştirakçılar digərlərinə nisbətən, getdikcə daha az ekstrovert və yeni təcrübələrə daha az açıq olmağa başlayıblar.

Fərq bir elə də nəzərə çarpan olmasa da, subayların evli dostlardan fərqli olaraq daha nəşə dolu olduğu aydındır.

Fotonun müəllifi Chaloner Woods/ Getty
Image caption Məşhur əfsanəyə baxmayaraq, evli cütlüklər zaman keçdikcə bir-birlərinin xasiyyətlərini mənimsəmirlər

ABŞ-da 2000-ci ildə nəşr olunan bir tədqiqat deyilənlərə əsas verə bilər. Tədqiqatda iki mindən çox orta yaşlı insan iştirak edib. Onlar, altı və doqquz il ərzində iki dəfə sınaqdan keçiblər.

Bu zaman ərzində qadınlardan 20-si evlənib və 29-u boşanıb. Ailə quranlarla müqayisədə, boşanan qadınlarda ekstrovertlik və sərbəstlik daha da artıb. Yeni evlənən kişilər isə yenicə boşanan həmcinslərinə nisbətən, daha üstün nəticələr göstəriblər: daha çox diqqətli və daha az nevrotik.

Evli kişilərdə diqqətin artması intuitiv görünür. Evli olan (və ya uzun müddət münasibətdə olan) hər kəsə bəllidir ki, evlilik gəmisinin təlatümlü dalğalarda üzə bilməsi üçün müəyyən bacarıqlar gərəkdir. Bu halda heç şübhəsiz ki, evlilik daha da möhkəm olur. Yenicə dərc olunan araşdırmada da elə bundan söhbət gedir.

Fotonun müəllifi iStock
Image caption Bəzən çirkli paltarlarını döşəmədə unutsalar da, evli kişilər daha çox diqqətli olurlar

Tilburg Universitetində Tila Pronk-un rəhbərliyi ilə holland psixoloqlarından ibarət bir komanda, evlilik bacarığı və ya xüsusiyyəti kimi iki mühüm şeyi müəyyənləşdiriblər: özünü ələ almaq (evlilik xətrinə bir çox şeyə göz yummaq) və bağışlamaq (partnyorunuzun sizi əsəbiləşdirdiyi şeyləri həzm etmək).

Araşdırmaçılar 199 yeni evlənmiş cütlüyə müraciət ediblər və ilk üç ay ərzində onların partnyorunu nə dərəcə bağışlaya bildiyini (iştirakçılar "Partnyorum məni incitsə, bağışla və unut" prinsipinə əsasən qiymətləndiriliblər) və özünü idarə etmək qabiliyyətini (iştirakçılar "Mən tamahımı boğmaqda məharətliyəm" prinsipinə əsasən qiymətləndiriliblər) ölçməyə çalışıblar.

İştirakçılar ölçüləri qarşıdakı dörd il ərzində ildə bir dəfə təkrarlayıblar.

Nəticə göstərib ki, iştirakçıların bağışlama və özünü idarə etmə qabiliyyəti araşdırma əsnasında artıb. Statistik baxımdan bağışlama özünü idarəyə nisbətən daha çox artsa da, Pronk və komandası xüsusi olaraq özünü idarənin inkişafı üçün hazırlanmış psixoloji proqramlardan keçən insanlarda bunun çoxaldığını müşahidə ediblər.

Fotonun müəllifi iStock
Image caption Psixoloqlar evliliyin insanları xoşagəlimli və ya dözülməz etdiyini hələ tam müəyyənləşdirə bilməyiblər

Bəs evli cütlükləri bəzən ötürdüyü özündən razı enerji necə? Bunun ən münasib isbatı həyat səviyyəsi və ya xoşbəxtliyin evlilikdən sonra nə qədər dəyişməsi ilə bağlı araşdırmalardır.

30 yaşındakı Birdget Jones kimi subaylar yəqin ki, bunu eşitməkdən məmnun qalarlar: həyəcan bir müddət davam etsə də, adətən bir ildən sonra, hər şey əvvəlki vəziyyətinə qayıdır.

Bu ümumi mənzərəni isə hər kəsə şamil etmək doğru olmaz. Tez-tez bəzi insanların yaxşı ər və arvad "nümunəsi" (bəzilərinə isə subaylığın yaraşdığını) desək də, evliliyin insanı xoşbəxt etməsi onun evlilikdən əvvəlki xarakterindən asılı olaraq dəyişir.

Bəziləri üçün evlilik xoşbəxtlik mənbəyidir: xüsusilə də introvert qadınlar və ekstrovert kişilər evləndikdən sonra daha xoşbəxt olurlar. Çünki evli həyat tərzi onların xarakterinə uyğun olur. Amma bu hələ də araşdırılmayıb.

Fotonun müəllifi iStock
Image caption Evli insanlar daha az ekstrovert və yeni təcrübələrə daha az açıq olurlar

Bəs evli cütlüklərin vaxt keçdikcə bir-birlərinin xarakterini mənimsəməsi fikri necə? Yaşlı evli cütlüklərin uyğun köynək və şalvar geyindiyini görəndə fikrin həqiqiliyinə inanırsan.

Amma çox güman ki, bu bir əfsanədir. Əks halda uzun müddət evli insanları partnyorları ilə oxşar olardılar.

Michigan Dövlət Universitetinin araşdırmaçılarının 1200-dən çox evli cütlük üzərində apardığı araşdırma da bunun doğru olmadığını müəyyənləşdirib. Həqiqət budur ki, oxşar xasiyyətə malik insanların bir-birləri ilə evlənmə şansı onsuz da yüksəkdir.

Bütün bunları nəzərə alsaq, araşdırmalar da göstərie ki, evlilik həqiqətən də insanı dəyişir. Amma bu növbəti mərhələ ilə müqayisədə heç nədir. Hansı mərhələ deyə soruşsanız: uşaq.

Dr. Christian Jarrett Britaniya Psixologiya Cəmiyyətinin Araşdırma Xülasəsi bloqunun redaktorudur. Onun növbəti kitabı Personology (Şəxsiyyət) 2019-cu ildə çapdan çıxacaq.

Bu yazının ingiliscəsini buradan, Dərgidəki bütün yazıları isə buradan oxuya bilərsiniz.

Əlaqəli mövzular

Bu barədə daha geniş