Niyə çox pul xərcləmək istəyirik?

Fotonun müəllifi Getty Images

İnsanları daha ucuz əldə oluna bilən məhsul və təcrübəyə ətək-ətək pul tökməyə vadar edən nədir? Tiffanie Wen bu məsələni araşdırıb.

Bir cüt qulaqcığa $10,000 xərcləyərdiniz?

Sennheiser's Orpheus və ya Onkyo Diamond kimi qulacıqların qiyməti məhz bu səviyyədədir.

Amma görəsən onların keyfiyyəti, qiyməti $1,000 olandan 10 dəfə bahadırmı?

Baha əşyalar bir qayda olaraq daha keyfiyyətli və seçmə sayılır.

Lakin bahalı nəsə həmişə daha yaxşı deməkdirmi?

Fotonun müəllifi Getty Images
Image caption DJ-lər qulaqcıqları seçərkən səsin keyfiyyətinə fikir verir.

Keçirilmiş tədqiqatlar göstərib ki, əşyanın qiymətinə insan o dərəcədə böyük əhəmiyyət verir ki, bəzən baha qiymət yüksək keyfiyyət kimi başa düşülür, hətta eyni funksiyaya malik daha ucuz əşya eyni keyfiyyətdə olsa belə.

California Texnologiya İnstitutu (Caltech) və Stanford Universiteti tərəfindən keçirilmiş tədqiqatda insanlara eyni növ şərab verilib. Lakin şərabın baha olduğu deyiləndə, təcrübə iştirakçıları həmin şərabın daha keyfiyyətli olduğunu bildiriblər.

Digər bir təcrübədə isə iştirakçılara plasebo həbləri (heç bir təsiri olmayan həb) verilib və həmin həblərin ağrıkəsici təsirə malik olduğu və iki cür - 2,5 dollar və ya 10 sent qiymətində olduğu deyilib.

Qiyməti 2,5 dollar deyilən həbi qəbul edənlər, 10 sent qiyməti olan həbi qəbul edənlərlə müqayisədə, dərmanı qəbul etdikdən sonra, özlərini daha yaxşı hiss etdiklərini bildiriblər.

Fotonun müəllifi Getty Images
Image caption Londondakı dayanacaqlardan birində sifarişlə hazırlanmış avtomobillər.

Mükəmməllik hissi

Əgər qiymət bahadırsa, görəsən, bu, ikiqat yaxşı olmaq deməkdirmi?

Harvard Biznes Məktəbinin professor psixoloqu Michael Norton deyir ki, insanların çox pul xərcləmək istəyi daha yüksək keyfiyyət əldə etmək və həmin keyfiyyəti daha dərindən hiss etmək arzusu ilə bağlıdır.

Bəzi adamlar isə təkrarsız təcrübə və ya hiss yaşamaq üçün ətək-ətək pul tökə bilər.

"Yadda qalan təcrübə və situasiyalar yaşamaqla, həmin hissləri yaddaşda toplamaqla insan özündə mükəmməllik və tərəqqi hissi yaradır, öz gözündə bir şəxsiyyət kimi böyüyür", - Anat Keinan və Ran Kivetz qeyd edirlər.

Fotonun müəllifi Instagram @jcartu
Image caption "Ferrari avtomobilini alanda, mənə yaxın olan və eyni zamanda maraqlı insanlar qrupuna mənsub olduğumu düşündüm".

Joshua Cartu sürətli yarış avtomobillərinin həvəskarıdır, Ferrari markalı avtomobillər kolleksiyasının sahibidir.

O deyir ki, bahalı avtomobillərə pul xərcləməsinin səbəbi təkcə bu tipli maşınları sevməsi ilə bağlı deyil.

Belə maşınların sahibi olmaq eyni zamanda ona xususi tədbirlərdə iştirak etmək və həmin maşınlara uyğun sosial təbəqə ilə ünsiyyətdə olmaq imkanı yaradır.

Cartu deyir ki, ən yadda qalan bədxərcliyi Rusiyada MiG təyyarəsində uçmaq təcrübəsini qazanmaq üçün edib.

"Sərnişin təyyarəsindən ikiqat artıq yüksəkliyə qalxdıq. Bu, həyatımın unudulmaz anlarından biri idi", - o deyir.

Bədxərclik

Bəzi insanlar pul xərcləməklə ətrafa nə dərəcədə müvəfəqqiyyətli olduqlarını bildirmək istəyir.

"Bəzən elə hiss yaranır kı, hamıya bəxtinin necə gətirdiyini bildirmək istəyirsən," - Cartu deyir.

"Əvvəllər imkansız olmuşam. Odur ki, indi imkanlılara göstərmək istəyirəm ki, mən də onların səviyyəsinə çatmışam. Lakin bir müddətdən sonra bu istək zəifləyir", - o, davam edir.

İqtisadiyyat elminə görə, məhsulun qiyməti düşəndə, ona tələbat artır, lakin pulu sola-sağa xəcləyən təbəqə üçün bunun əksi olur - məhsul bahalaşdıqca, ona tələbat da artır.

Fotonun müəllifi China Photos/Getty Images
Image caption Şanxay: Platinum və ağ qızıldan hazırlanmış və brilyantlarla bəzədilmiş bu qələmin qiyməti $1.4 milyondur.

Xoşbəxtlik hissi amili

Çox pul xərcləmək həvəsinin daha bir sadə səbəbi: insanlar pulu özlərini daha xoşbəxt və həyatdan razı hiss etmək üçün xərcləyir.

Bu mövzuya dair yazılmış "Pul xərcləmək elmi" adlı kitabın həmmüəllifi, Michael Norton deyir ki, pul xərclənməsi nəticəsində insanda əmələ gələn razılıq və həzz hissi, nə qədər pulun xərcləndiyindənsə, onun necə xərclənməsindən daha çox asılı olur.

Norton-un təbirincə, pulu özünə xərcləməyin həddi var və pulu bu yolla xərcləmək insanda müəyyən vaxt keçdikdən sonra xoşbəxtlik, razılıq hissini artırmır.

Bunun əvəzində, o, pulu əşyalara yox, hisslərin yaşanmasına xərcləməyi təklif edir: "Bəzi insanlar xoşbəxtliyi yalnız əşyalarda, mallarda axtarır, lakin xoşbəxtlik hissini yaradan digər yollar da var."

Keçirdiyi tədqiqatlara əsaslanaraq, Norton deyir ki, başqaları ilə bölüşmək, onlara nəsə bəxş etmək, həmin insana, özünü daha xoşbəxt hiss etməyə imkan verir.

"Bu o demək deyil ki, özün üçün nəsə alanda, həmin anda özünü xöşbəxt hiss etmirsən. Əlbəttə ki, hiss edirsən. Məhz buna görə də pulu xərcləyirsən. Amma, vaxt keçdikcə həmin hiss güclənmir, - professor hesab edir. - Lakin başqalarına nəsə edəndə, onlara pul xərcləyib, nəsə alıb verəndə, bundan əmələ gələn razılıq hissi vaxt keçdikcə güclənməkdə davam edir".

Əlaqəli mövzular

Bu barədə daha geniş