Bloklanmış Azadlıq qəzeti: "Fəaliyyətimizi başqa adla davam etdirəcəyik"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bloklanmış Azadlıq qəzeti: "Fəaliyyətimizi başqa adla davam etdirəcəyik"

Bakıda keçirilmiş məhkəmə Azərbaycanda bir sıra xəbər saytlarının bloklanmasına dair hökm çıxarıb.

BBC Azərbaycanca müxbiri Günel Səfərin verdiyi məlumata görə, girişi məhdudlaşdırılan saytlar arasında Azadlıq qəzeti, Azadlıq radiosu, Meydan TV, Turan telekanalı və Azərbaycan saatı proqramının internet səhifələri var.

Onun sözlərinə görə, bu saytlar başqa domein adı ilə açılarsa, bu qərar yeni ünvanlara şamil edilməyəcək.

Məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında qərar verib.

Vəkil Rəhim Səmədlinin bildirdiyinə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiasında iki tələb qoyulsa da, məhkəmə onlardan birini təmin etməyib.

"İkinci tələb ondan ibarət idi ki, bu saytlar başqa adla fəaliyyət göstərsələr, bu qərar həmin saytlara da aid olsun. Bu, ikinci hissəni məhkəmə təmin etmədi", hüquqşünas bildirib.

Onun sözlərinə görə, saytların bloklanması ilə bağlı məhkəmə "ciddi pozuntularla müşayiət olunub".

Azadlıq qəzetinin redaktoru Rövşən Hacıbəyli bildirib ki, başqa adla vəaliyyət göstərməyi düşünürlər.

"Söz azadlığı elə məhfumdur ki, onu məhkəmə qərarı ilə məhdudlaşdırmaq olmaz. Bu və ya başqa şəkildə fəaliyyətimizi davam etdirəcəyik", redaktor deyib.

Nazirlik Baş prokurorluğun ərizəsi əsasında media qurumlarını "Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verməkdə, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar etməkdə" ittiham edib.

Əlaqəli mövzular