iPhone təhlükədə: onu bir linklə hək etmək mümkündür

Apple şirkətinin iOS əməliyyat sistemində yeni qüsurlar aşkarlanıb. Bu, hədəfə alınan şəxsin telefonunda və digər cihazda güdükçü proqram yükləməyi çox asan edir.

Fotonun müəllifi AP
Image caption Mesajlar insan haqları üzrə vəkil Əhməd Mansura göndərilib.

Həmin şəxsə bir link göndərmək kifayətdir ki, güdükçü proqram onun cihazına yerləşsin.

Bu qüsur insan haqları üzrə hüquqşünas təhlükəsizlik işçilərini gözlənilməz mesajlar alması barədə xəbərdar edəndən sonra aşkarlanıb.

Onlar Apple kodu içərisində əvvəllər məlum olmayan üç qüsur aşkar ediblər.

Apple ondan sonra iOS proqramını yeniləyib.

İki təhlükəsizlik şirkəti - Citizen Lab və Lookout deyir ki, onların qüsur barədə ətraflı məlumat verməmələrinin səbəbi onun tamamilə aradan qaldırılmasını gözləmək olub.

Hüquqşünas Əhməd Mansur deyir ki, mətn mesajlarını 10 və 11 avqustda alıb.

Mesajlarda Birləşmiş Ərəb Əmirliklərindəki həbsxanalarda insanlara işgəncə verilməsi barədə "məxfi" məlumatların mövcud olduğu və bunları görməsi üçün cənab Mansurun göndərilən linkin üzərinə basması lazım gəldiyi yazılıbmış.

Citizen Lab şirkəti deyir ki, cənab Mansur həmin linkə daxil olsaydı, onun iPhone 6 telefonuna casus proqram yüklənəcəkdi.

"Əgər yüklənsə idi, Mansurun telefonu, cibində gəzdirdiyi rəqəmsal casusa çevriləcəkdi, bu casus telefonun kamerasından və mikrofondan istifadə edərək onun hərəkətlərini güdəcəkdi və WhatsApp və Viber zənglərini, mobil çat tətbiqlərilə göndərdiyi mesajlarını qeydə alacaqdı və onun addımlarını izləyəcəkdi", Citizen Lab deyir.

Onlar həmçinin bildiriblər ki, bundan əvvəl iPhone-dan istifadə edilərək güdülmək halı barədə məlumat almayıblar və bu, indiyədək "nadir" haldır.

Citizen Lab deyir ki, onlar casus proqramının İsrailin "kiber-müharibə" şirkəti NSO qrup tərəfindən yaradıldığına inanırlar.

NSO bəyanat verərək etiraf edib ki, onlar "terror və cinayətlə mübarizə" məqsədilə texnologiya hazırlayırlar. Ancaq təşkilat hər hansı xüsusi insident barədə xəbəri olmadığını bildirib.

Əlaqəli mövzular