Samsung Note 7 telefonlarını geri çağırır

Samsung Note 7 Fotonun müəllifi AFP

Samsung Electronics Galaxy Note 7 smartfonunu batareya problemlərinə görə geri çağırır.

Bu qərar ABŞ və Cənubi Koreyada telefonun batareya yüklənməsi zamanı və ya bunun ardınca alışması hallarının qeydə alınmasından sonra verilib.

Cənubi Koreya şirkəti bildirib ki, müştərilər telefonunu yenisi ilə dəyişdirə bilər.

Samsung satılmış 2.5 milyon telefondan hansında bu problemin olduğunu müəyyənləşdirməyin asan olmadığını qeyd edib.

"İstehsal prosesində kiçik bir problem olub və buna görə telefonlardan hansında bu problemin olduğunu müəyyənləşdirmək çətindir", Samsung-un mobil biznes üzrə prezidenti Koh Dong-jin jurnalistlərə deyib.

"Bu bizə elə baha başa gələcəkdir ki, ürək ağrıdır. Eybi yox, müştərilərin təhlükəsizliyi əhəmiyyətli olduğu üçün belə qərar verdik."

Şirkət yeni telefonların iki həftəyə hazır olacağını qeyd edib.

Bir həftə sonra Samsung-un əsas rəqibi Apple yeni telefonunun təqdimatını keçirə bilər.

Fotonun müəllifi Ariel Gonzalez
Image caption Telefonun batareya yükləməsi və ya sonra alışmasına dair hallar qeydə alınıb

Avqustun 19-da təqdim edilən bu telefon Samsung-un sonuncu fablet (iri ekranlı smartfon) modelidir

Bu telefonun əsas özəlliyi budur ki, onu gözlə açıb-bağlamaq mümkündür.