Britaniyanın "ən eybəcər" binasının adı açıqlanıb

Lincoln Plaza Fotonun müəllifi IKE IJEH
Image caption Lincoln Plaza "sarsıdıcı, narahatedici və qarmaqarışıq" hesab olunub.

Londonun Docklands ərazisində yerləşən Lincoln Plaza bu ilin Carbuncle Cup - Çiban Kuboku mükafatına layiq görülüb. Bu o deməkdir ki, bu bina hazırda Britaniyada ən eybəcər tikili hesab olunur.

Münsiflər heyətinin fikrincə, bu bina "sarsıdıcı, narahatedici və qarmaqarışıq" bir tikilidir.

Lincoln Plazanı tikənlər isə belə düşünmür və onu yaşayış üçün mükəmməl bina hesab edir.

Mükafatı Building Design jurnalı təqdim edib. Ötən il bu mükafata Walkie Talkie ("Ratsiya telefonu") ləqəbi verilmiş City of London göydələni layiq görülüb.

Building Design jurnalı bu mükafatı 2006-cı ildə "ciddi problemə - ölkənin şəhər və kəndlərini eybəcərləşdirən arxitekturaya diqqət cəlb etməyin yüngül yolu" olaraq təsis edib.

Lincoln Plazanı tikib idarə edənlər isə bu mükafatdan narahat deyil - evlərin qiyməti yarım milyon funt sterlinqdən başlayır və binada demək olar ki, bütün mənzillər satılıb.

Azərbaycanın ən eybəcər binası?

BBC Azərbaycancanın sosial şəbəkələrdə verdiyi "bu mükafatı Azərbaycanda hansı binaya verərdiniz?" sualına, oxucuların cavabları belə olub:

Sucaet Ahmedzade: "En cirkin bina Parlamentin binasidir,ondan sonra ise tikilmekde olan Baku Tower misal gosterile biler".

Famil Əliyevin fikrincə ən çirkin bina Prezident İqamətgahı, sonra isə Milli Məclisin binasıdır. "Başa düşmək olmur bu binalar nəyə görə tikilib".

Elman Aliyev adlı istifadəçi Çiban Kubokunu Prezident Administrasiyasının binasına vermək istədiyini deyib.

Арзу Халилова Ахмедова isə yazıb ki, bu mükafatı alan bina "Bakida en gozel bina sayilardi !!!!"

Əlaqəli mövzular