Kürdlərin "Angelina Jolie"si medianın diqqət mərkəzində

Asia Ramazan Antar Fotonun müəllifi @albertohrojas
Image caption Asia Ramazan Antar İD silahlılarına qarşı döyüşdə həlak olub

Qərb mediasına görə bu qız xalqı tərəfindən təkcə hərbi şücaətinə görə deyil, həm də gözəlliyinə görə də heyranlıqla qarşılanıb.

Lakin onun döyüşçü yoldaşları üçün Asia Ramazan Antarın mətbuatda və sosial mediadakı təsviri həm təəccüb, həm də məyusluq doğurub.

Suriyanın kürdlər məskunlaşmış Qamışlı şəhərindən olan 19 yaşlı qız keçən ay özünü İslam Dövləti (İD) adlandıran qruplaşma tərəfindən öldürülüb.

Diqqəti onun görünüşünə yönəltmiş Qərb mediası bildirdiyinə görə, o, tanınmış Hollywood aktrisasına bənzədiyi üçün "Kürdüstanın Angelina Jolie"si kimi tanınıb.

Bəzi soydaşları isə bu cür bənzətmənin cinsi ayrıseçkilik olduğunu bildirərək pisləyiblər.

Asia Ramazan Antarın da aid olduğu Kürd Qadınları Müdafiə Bölmələri (YPJ) bildirib ki, onların fəlsəfəsi sadəlik və təvazökarlıqdır.

"Heç kimə görünüşünə, bədən quruluşuna və ölçülərinə görə qiymət verilmir. Fərdlər kollektiv iş üçün şəxsi fədakarlıq nümayiş etdirirlər," onlar deyir.

Keçən il mühafizəkar dini qrupların müqavimətinə baxmayaraq, qadın döyüşçülər Suriya Kürdüstanını qadınlara qarşı zorakılıq, məcburi evlilik və çoxarvadlılığı qadağan edən qabaqcıl qanunların qəbuluna vadar ediblər.

Növbəti bir döyüşçü

Suriya Kürdüstanındakı kürd mediasına görə Asia Ramazan Antar sadəcə olaraq İD-yə qarşı vuruşaraq həlak olmuş növbəti bir döyüşçüdür.

Asia Ramazan Antar YPG-yə 2015-ci ildə qoşulub.

Fotonun müəllifi @albertohrojas
Image caption Asia Ramazan Antarın döyüşçü yoldaşları deyir ki, onun təsviri alçaldıcıdır

Hərbi təlimini başa vurduqdan sonra o, İD ilə döyüşmək üçün cəbhə bölgəsinə üz tutub.

Asia Ramazan Antar avqustun 30-da, Türkiyə sərhədinə yaxın Mənbic şəhəri ətrfanında qətlə yetirilmədən öncə beş döyüşdə iştirak edib.

O, komanda başçısı və pulemyotçu olub. Son iki il ərzində onun altıya yaxın qohumu da İD-yə qarşı döyüşdə qətlə yetirilib.

Asia Ramazan Antar kimi yüzlərlə digər kürd döyüşçüləri də həlak olub. Əksəriyyəti isə gənc yaşlarında. Lakin onlardan heç biri bu qədər məşhurluq qazanmayıb.

"Seksist təsvir"

Çoman Kanaani Qərb mediasının Asia Ramazan Antara qarşı münasibətindən dəhşətə gəlmiş kürd döyüşçülərindən biridir.

O, Kobani şəhərinin yenidən qurulmasına nəzarət edir. Kürdlərin məskunlaşdığı şəhər 2014-2015-ci illərdə İD işğalında olarkən məhv edilib, daha sonra isə kürd qüvvələri onları şəhərdən çıxarmağa nail olub.

Cənab Kaani aralarında qadın və kişilərin olduğu bir çox döyüşçü yoldaşlarını itirib.

Fotonun müəllifi YPG
Image caption Asia Ramazan Antar həlak olmuş digər qadın döyüşçülərlə bir yerdə dəfn edilib

"YPJ-in fəlsəfəsi seksizmə qarşı mübarizə və qadınların cinsi obyekt kimi istifadəsinə qarşı çıxmaqdır," o deyir.

"Biz qadınlara cəmiyyətdə onların haqqı olduğu yeri vermək istəyirik. Viyan (Asia Ramazan Antara verilmiş ləqəb) bu ideyalar uğrunda həlak olub. Mediada heç kim onun həyatından keçdiyi ideallardan və son dörd il ərzində əldə etdiyi nailiyyətlərdən bəhs etmir".

Aqrin Senna Mənbic uğrunda döyüşlərdə ayağını itirmiş YPJ komandiridir. O həmçinin bir çox dostunu itirib.

O, İD idarəçiliyində yaşamaqdan imtina edərək həlak olmuş döyüşçü yoldaşlarının şəkillərinə baxmağa çağırır.

"Onların şəkillərinə baxın, hər biri mələkdir, hamısı gözəldir, yalnız birini Angelina Jolie və ya Julia Roberts kimi Hollywood aktrisasına bənzədiyi üçün seçmək doğru deyil.

"Onları heç nə birləşdirmir. Onlar dünyada qadınlara qarşı olan ən böyük qruplardan birinin hakimiyyəti altında yaşamaqdansa ölməyə üstünlük verirlər".

BBC müxbiri Güney Yıldız məqalənin hazırlanmasında iştirak edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş