Gələcəyin yeməyi: Cırcıramalar, gənələr və qurdlar

Həşəratlar
Image caption Həşəratlar zəngin zülal mənbəyidir, lakin onları yemək hər adamın işi deyil

Coalo Valley Farms şirkəti ferma hesab edilsə də, bura başqa fermalara bənzəmir. Buna baxmayaraq şirkətin yaradıcılarından biri - Elliot Mermel deyir ki, bura əsl "mikromalqara" fermasıdır.

Mikromalqara deyəndə, o cırcıramaları və un böcəyinin sürfələrini nəzərdə tutur.

Lakin Los Angeles ətrafındakı sənaye zonasının Van-Nays qəsəbəsində tikilmiş adi anbar bəşəriyyətin qidalanmasında inqilab etməyə iddialıdır.

İnqilabçılar isə universitetdə tanış olmuş və şəhər aqrar sənayesi ilə məşğul olmağı qət etmiş beş yoldaşdır. Onların yaşı hələ heç otuzu adlamayıb.

Image caption Un böcəyi qurdlarından bişirilmiş yeməyə baxanda çoxlarını ikrah hissi bürüyür

Bu Kaliforniyada insanların yeməsi üçün nəzərdə tutulmuş həşəratları yetişdirən ilk fermadır. Ferma sahiblərinin nəhəng planları var.

"Həşəratlar zülalın sabit mənbəyi sayılır. Bəşəriyyət 7 milyard insanı yedirtmək məsələsində artıq çətinliklərlə üzləşir. Biz gələcək nəsli yedizdirmək istəyirik" - deyir Elliot.

Ekoloji təmiz sürünənlər

Elliot və komandası üçün istehsalatın ekoloji təmizliyi əsas şərtlərdəndir. Kalifiorniyada artıq bir neçə ildir ki, quraqlıq tüğyan edir.

Image caption Elliot Mermel hesab edir ki, həşəratlar bizim sağlam pəhrizimizin bir hissəsinə çevrilməlidir

Elliot öz fermasını qapalı istehsal zənciri adlandırır. Bu isə o deməkdir ki, bu şəhər fermerləri öz bizneslərində istifadə etdikləri hər şeyi elə bu fermada istehsal edirlər. Onlar balıq saxlayırlar və işlənmiş su ilə qarayoncanı və maş lobyasını sulayırlar. Bunlarsa öz növbəsində cırcıramaların yeminə gedir.

Bu ferma daha çox gizli çətənə sexinə oxşayır və bu da təsadüfi deyil: texnologiya məhz çətənə istehsalından götürülüb. Zalın ortasında altdan qızdırlıan gümüşü zərvərəq çəklib, onların üstündə isə içində həşəratlar olan qutular asılıb.

Coalo Valley Farms 2015-ci ildə açılıb, lakin artıq sağlam qida və protein plitələrinin istehsalı bazarında uğur qazanıb.

Lakin entomofagiya populyarlaşacaqmı? Bu, elmi dildə həşəratların istehlakı deməkdir.

Meksikanın problemləri

Yerli əhalinin hələ konkistadorların gəlişindən əvvəl həşərat yedikləri Meksikada vəziyyət gözlənildiyindən daha mürəkkəbdir.

Burada adamlar ABŞ-dan fərqli olaraq həşərat yeməkdən iyrənməsələr də, onları xüsusi olaraq yetişdirən yoxdur.

Image caption Katy Watson un böcəyi qurdlarının dadına baxır

Rene Cerritos Milli Muxtar Meksika Universitetindən təkamülçü bioloqdur. O hər cürə hoppanan və ya sürünən həşəratların tamarzısıdır və yerli fermerləri belə həşəratları yetişdirməyə sövq etmək istəyir.

Onun sözlərinə görə, bütün dünyada iki minədək yeməli həşərat növü var. Bunların dörddə birinə Meksikada rast gəlmək mümkündür. Amma di gəl ki, onlara tələbat yoxdur.

"Problem bundadır ki, qərblilər həşərat yemək istəmirlər və Meksika da getdikcə qərbləşir, - deyir bioloq, - Biz ispan işğalınadək olan dövrdəki bir çox ənənələrimizi itirmişik. Həşərat tonlarla və milyonlarladır. Amma onları yığıb yeyən yoxdur".

Çəyirtkələr və fermerlər

Əgər Kaliforniyada cırcırama yetişdirilərsə, Meksikada ən ləziz təam olaraq çəyirtkələr sevilir. Bu həşəratlar bir-birlərinə çox bənzəyirlər, amma hər şeyi yeyən cırcıramalardan fərqli olaraq çəyirtkələr sırf vegetariandır.

Meksikada çəyirtkə ziyanverici həşərat sayılır. Onlar məhsulu tələf edir və fermerlərə maliyyə ziyanı vururlar.

30 yaşlı fermer Jose Moreno Sanchez kimi bəziləri bu problemə gözlənilməz tərəfindən yanaşıblar.

"Çəyirtkələr bizim bütün məhsulumuzu yeyib qurtarırdılar. Biz də qərar gəldik ki, bunlarla daim mübarizə aparmaqdansa pul qazanaq" - deyir Sançez.

Image caption Jose Moreno Sanchez çəyirtkələrdən mənfəət götürəcəyinə ümid bəsləyir

Josenin sözlərinə görə hazırda bazarda satılan bütün çəyirtkələri kənar şəxslər tutub gətirirlər. Bu çəyirtkə ovçuları öz saplaqlı torları ilə əkin sahələrini tapdalayır və beləliklə də fermerlərin qəzəbinə tuş gəlirlər. Həm də onlar "ovlarını" satsalar da, mənfəətlərini fermerlərlə bölüşmürlər.

Baş aşpaz və restoran tənqidçisi Alejandro Escalante təəssüflənir ki, fermerləri həşərat yetişdirməyə həvəsləndirmək olmur. Alejandro özünün Mexikodakı La Casa del los Tacos restoranında yemək hazırladığı həşərartların adlarını sadalayır.

"Bütün bunlar çox dadlıdır, - deyə o qızardılmış gənədən bir dişlək alır, - Bunların tərkibində protein boldur, həm də çeşidləri çoxdur".

Image caption Alejandro Escalante deyir ki, həşəratlardan ötrü sino gedir

Meksika kürüsü

Bu geniş çeşidə Mexikonun mərkəzindəki San-Xuan bazarında rast gəlmək mümkündür.

Image caption San-Xuan bazarında ədvalı əqrəb
Image caption Hər zövqə uyğun cırcıramalar

Bazarın ət şöbəsində timsah və dəvəquşu ətindən tutmuş adi qoyun, donuz və toyuq ətinədək hər cür ət var.

Lakin bunların yanında başqa ərzaq məhsulları - tarantullar, əqrəblər və çəyirtkələr də satılır. Məhsulların arasında aqava bitkisində yaşayan qurdlar da var. Onlardan bəziləri hələ də çəhrayı rəngdədir və açılıb-yığılmaqda davam edir.

Amma bütün bunların qiyməti çox bahadır.

Məhz ciddi mənfəət ümidi Alessandro Spagnuolonaya və onun qohumlarına qarışqa yumurtaları yetişdirmək ideyasını verib. Buralarda buna Meksika kürüsü də deyirlər.

Təam, yoxsa adi yemək?

Alessandro və onun JCRedon şirkəti Meksikanın İdalqo ştatında yerləşir. O və qohumları bizi də özləri ilə qarışqa yumurtaları və üzərində sürfələr olan aqava bitkisinin axtarışına aparırlar.

Image caption İdalqo ştatında bu il aqavalarda sürfə məhsulu qıt olub

Onun sözlərinə görə, bu il işlər o qədər də yaxşı getmir, çünki aqavaların üstündə qurdlar azdır. Bəlkə elə buna görə də qiyməti bahadır. Kilosu 100 dollara.

Belə bahalı və qeyri-adi zülal mənbəyi ilk növbədə qurmanları maraqlandırır, lakin Alessandro əmindir ki, onun həşəratlarının bazarı getdikcə böyüyəcək. O hətta Avropaya ixracat barədə də düşünür. Hazırda Meksikadan Avropaya ərzaq təyinatlı həşəratların eksportu qadağandır.

"Bunlar suşi kimidir, - deyə Alessandro az qala Alejandro Escalantenin öz restoranında bizə söylədiyini eynilə təkrar edir, - 20 il bundan əvvəl Avropada çiy balıq yemək heç kimin ağlına da gəlməzdi. Amma indi hər yerdə suşi verirlər. Həşəratları da beləcə qəbul edəcəklər".

Buna baxmayaraq Los Angelesdə Elliot və onun mikrofermerlik üzrə həmkarları deyirlər ki, onların müştəriləri həşəratları qol-qanadları qoparılıb təmizlənmiş vəziyyətdə, çox vaxt hətta toz şəklində almağa üstünlük verirlər.

Ona görə də istisna olunmur ki, restoranda böcək sifariş etmək və qonaqlara qızardılmış cırcırama təklif etmək ideyası həşəratların çoxdan böyük həvəslə istehlak edildiyi ölkələrin sərhədlərindən kənarda məşhurlaşmasın.

Bu barədə daha geniş